BTMİF VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib - FOTOLAR

 

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzinin Xuşidbanu Natəvan təqdimat zonasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami Gəncəvinin əsərlərindən ibarət uşaqlar üçün hazırlanmış və nəşr edilmiş “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə ziyalılar, mədəniyyət xadimləri, Fonda üzv və müşahidəçi dövlətlərin diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq, növbəti dəfə Bakının ev sahibliyi etdiyi Beynəlxalq Kitab Sərgisinin həm  şairlər, yazıçılar və ədəbiyyatşünaslar, həm də oxucular üçün əsl kitab bayramı olduğunu bildirib. Fondun prezidenti şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual inkişafında, eyni zamanda xalqların və millətlərin öz milli kimliyini dərk etməsində kitabların müstəsna rol oynadığını diqqətə çatdırıb.

Günay Əfəndiyeva vurğulayıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun VIII Beynəlxalq Kitab Sərgisində bu il yenidən nümayiş etdirdiyi müxtəlif ölkələrdə və dillərdə çap olunan nəşrləri, Türk Dünyasının zəngin irsini dünyaya çatdırmaq, eləcə də Türk xalqlarını bir araya gətirmək və daha da yaxınlaşdırmaq məqsədi daşıyır.

Fondun prezidenti qeyd edib ki, təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihərin bir istiqaməti də yeni nəsillərə, uşaqlara Türk Dünyasının çoxəsrlik mədəniyyətinin, dəyərlərinin aşılanmasıdır. O, Fond tərəfindən hazırlanan “Uşaqların Nizami Gəncəvi dünyası” kitabında ötən əsrin 40-cı illərindən başlayaraq, Azərbaycanın görkəmli ədiblərinin, o cümlədən Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadənin dahi Nizami Gəncəvinin ölməz əsərləri əsasında  uşaqlar üçün xüsusi olaraq yazdığı nağıllarının toplandığını bildirib. Günay Əfəndiyeva, Azərbaycanda vaxtilə kiçik kitabçalarda çap olunaraq, nəsillərdən nəsillərə ötürülən bu əsərlərin oxucuları öz uşaqlığına qaytaracağını qeyd edib.

Təqdimatda çıxış edən Azərbaycanın tanınmış uşaq şairi Zahid Xəlil, Fondun yeni nəşrinin əhəmiyyətinə toxunaraq, kitabda böyük mütəfəkkir Nizaminin əsərlərinin, eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin, klassiklərinin irsinin cəmləşdiyini vurğulayıb.

Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək bildirib ki, Nizaminin əsərlərinin motivləri əsasında yaradılan nağıllardan və rəngli illisturisayalardan ibarət kitab uşaqların Azərbaycan xalqının qədim və zəngin dəyərlərini öyrənməsi və mənimsəməsi baxımından mühüm önəm daşımaqdadır. O, “Uşaqların Nizami Gəncəvi dünyası” kitabını Azərbaycan ədəbiyyatının maarifçi klassiklərin ənənələrinin davamı kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Maarifli Nizami dühasının araşdırılmasının bütün dövrlərdə aktuallığından söz açıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən böyük şairin əsərlərinin anlaşıqlı dildə tərtib edilməsini yüksək qiymətləndirərək, kitabın yeni nəsil üçün önəmli töhfə olduğunu bildirib.

Təqdimatda kitabın tərtibçisi, gənc şair Fərid Hüseyn çıxış edərək, Sovet dönəmində mövcud olan senzura səbəbindən Azərbaycanın şair və yazıçılarının tənqidi məqamları, dünya ədəbiyyatının nümunələrini Azərbaycan dilinə çevirməklə öz xalqına çatdırdığını xatırladıb. Fərid Hüseyn bugün müasir nəslin uşaqlarının həmin əsərləri istiqlalını qazanmış və qalib Azərbaycanın nəzərləri ilə yenidən oxuyacağını vurğulayıb.

Təqdimatın bədii hissəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin” “Çiçəyim” uşaq teatr və “Azəri İnciləri” rəqs kollektivinin təqdimatında Nizami Gəncəvinin əsərləri səsləndirilib, milli rəqslər nümayiş olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!