7 Oktyabrda Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Bülbül təqdimat zonasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı çap edilmiş “Mirzə Ələkbər Sabirin əsərləri” (özbək dilində) kitabının təqdimat mərasimi baş tutdu. Təqdimatda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin professor, dilçi alim İsmayıl Məmmədov, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Samir Abbasov son illərdə Azərbaycan klassik ədəbiyyatının əsas sütunlarından olan Nizami Gəncəvi, Məhəməd Füzuli, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə və digər şair və yazıçıların əsərlərindən ibarət kitabların işıq üzü gördüyünü bildirdi. O, qeyd etdi ki, Heydər Əliyev adına Ədəbiyyat mərkəzində nəinki ədəbiyyata, eyni zamanda Azərbaycan tarixinə, mədəniyyətinəə həsr olunmuş kitablar özbək dilinə tərcümə olunaraq Özbəkistan ictimaiyyətinə təqdim edilir. Mədəniyyət mərkəzi ətrafında toplaşan tərçüməçilər bu kitabların tərcümə edilməsində yüksək bacarıq və əzm nümayiş etdirərək kitabların ərsəyə gəlməsinə nail olurlar.
Samir Abbasov qeyd etdi ki, Mirzə Ələkbər Sabirin satirik yaradıcılığı özbək oxucular üçün hər zaman maraqlı olmuş, M.Ə.Sabir öz bədii irsi ilə özbək ədəbiyyatına təsir göstərmişdir. O, çıxışında bu kitabın Azərbaycan-Özbəkistan ədəbi, mədəni əlaqələrinin genişlənməsində və intişarında mühüm rola malik olduğunu vurğuladı. Kitabı Azərbaycan dilindən özbək dilinə tərcümə edən Özbəkistanın Jurnalistlər birliyinin sədri və tanınmış tərcüməçi Kərim Bəxiyevə öz təşəkkürünü çatdırdı və əlavə etdi ki, bu nəşr mərkəz tərəfindən Özbəkistanın bütün kitabxanalarına, universitetlərinə, tədqiqat müəsisələrinə veriləcək.
Daha sonra Samir Abbasov kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyliyə söz verdi. Akademik İsa Həbibbəyli Azərbaycanda həmişə özbək ədəbiyyatına marağın olduğunu dedi. O qeyd etdi ki, hələ orta əsrlərdə Əlişir Nəvainin əsərləri əlyazma şəklində Azərbaycanda yayılmışdır. XX əsrdə isə “Molla Nəsrəddin” jurnalının çapı Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamış, bu jurnalın təsiri ilə Özbəkistanda da satirik, realist ədəbiyyat inkişaf etmiş, geniş yayılmağa başlamışdır.
Son illərdə də bu əlaqələr genişlənir və daha da inkişaf edir. Azərbaycan Özbəkistan mədəni əlaqələrinin inkişaf etdirilməsində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistanın Azərbaycandakı səfirliyi daha çox fəaliyyət göstərirlər.
O, Samir Abbasovun təşəbbüsü ilə yüzdən çox Azərbaycanın görkəmli simalarının kitablarının çap olunduğunu qeyd etdi. Yeni çap olunan əsərlərdən biri Mirzə Ələkbər Sabirin “Hophopnamə”si, biri də Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsidir”
Sonra söz Nadir Məmmədliyə verildi. O da Samir Abbasova bu işdəki fəaliyyətinə görə təşəkkür etdi. Dilçilik İnstitutunda son illərdə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” hazırlanan lüğət haqqında geniş bəhs etdi. Layihənin reallaşmasında Azərbaycan və Özbəkistanın Milli Elmlər Akademiyalarının Dilçilik institutları, hər iki ölkənin bu sahədə alimlərinin yaxından iştirak etdiklərini vurğuladı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bir çox layihəsində olduğu kimi bu lüğətin də nəşrində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göstərdiyi dəstəkdən bəhs etdi.
Qeyd edək ki, yeni nəşr olunan bu lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilmiş, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapmışdır.
Tədbirdə çıxış edən professor İsmayıl Məmmədov isə qeyd etdi ki, Azərbaycan və Özbək xalqlarının tarixləri, mədəniyyətləri ortaq bir kökə malik olduğu kimi, bu iki xalqın dili də eyni kökə əsaslanır. Fərqli tarixi inkişaf yolu keçmələrinə baxmayaraq bu iki dilin kökü, özəyi, anası ümumi türk dilidir. Azərbaycan və özbək dillərini türk dilləri ailəsinin oğuz və qarluq dil qruplarına aid olunduğu qeyd edən İsmayıl Məmmədov bu cür layihələrin Azərbaycan və Özbək dilləri arasında daha güclü, qüvvətli bir körpü qurmaq məqsədi daşıdığını vurğuladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!