"Şuşaya salam!" layihəsinin 11-ci günü Şərəf Yılmaz şeir oxuyur - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla? 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 07 oktyabrda layihə türk ədibi və naşiri Şərəf Yılmaz;n Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Şərəf Yılmaz / Türkiyə

2022-ci ilin “Şuşa ili” elan edilməsindən böyük məmnuniyyət duydum. Azərbaycan xalqını, Şuşanı təbrik edir, könüldən salamlayıram. Ey Şuşa, sən əziz bir yersən, bərəkətli bir torpaqsan. Uzun sürən əsarətdən sonra artıq azadlığına qovuşdun. Sənin dağlarından yağ, bağlarından bal axar, dərələrin, çayların, bulaqların, kəhrizlərin şəfalıdır, torpağına düşən bir toxum min olub bitər. Bənzərsiz təbiət gözəlliklərinlə sən artıq gələcəyə özgür yürüyürsən. Bu xoşbəxtlik hamımızındır. Şuşa, sən dünyaya böyük musiqiçilər, bəstəkarlar bəxş etdin.  Təkcə bu yox, sən çağdaş Azərbaycan dilini yaradan Molla Pənah Vaqif, Xuşudbanu Natəvan kimi böyük şairləri də yetişdirdin. İnanıram ki, sən sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının yenidən diqqət mərkəzində olacaqsan, bəşəriyyət, insanlıq mirasına böyük istedadlar bəxş edəcəksən.

Şuşa, salam!

Şuşa, bu şeirimi sənin üçün oxuyacağam!

 

İstanbul

 

Sən varsan, bəs eləyər, açmasın gül, deyərdim.

İndi çox uzaqlarda həsrətinlə gül dərdim.

Zaman-zaman üzündə yox olunca qəmzələr

Ay kimi baxıb sənə, nolar ki, gül, deyərdim.

 

Gedib könül quşuma sultanı bul deyərdim,

Gəl desə heç düşünməz, oldu, qəbul deyərdim.

Könüllərdə taxt qurdun, qısqandım elə səni

Qərib səs duyunca ah, bu İstanbul deyərdim.

 

 Hazırladı: Səlim Babullaoğlu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!