Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Uşaq ədəbiyyatında Zəfər diskursu” mövzusunda müzakirə və Zəfərə həsr olunmuş uşaq kitablarının təqdimatı baş tutdu.
Təqdimatda müzakirənin moderatoru filologiya elmlər doktoru, AMEA Nizami Gəncəvi adına “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova, uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, qonaq və oxucular iştirak edirdilər. Elnarə Akimova çıxışında 13 ildir keçirilən Beynəlxalq Kitab Sərgisinin son iki ildə uşaq ədəbiyyatına hədsiz dəyər verməsindən, yer ayırmasından bəhs etdi: “Bu çox mühüm amildir. Uşaq ədəbiyyatına həssaslıq və diqqət sabahımız, sağlam gələcəyimiz naminə atılmış addımdır. Ötən il Türkiyədən təşrif buyuran uşaq yazarları ilə müştərək tədbir keçirmişdik. Melikə Günyüzü həmin tədbirdə tanıdıq, daha da yaxınlaşdıq, bu günədək ədəbi əlaqələrimiz var. Bu dəfə isə Zəfər mövzusunu müzakirə etməyi qərara aldıq. Çünki bu ilki sərgi “Şuşa ili” çərçivəsində reallaşır. Şuşanın 270 illiyidir, həmçinin iki ildir düşmən tapdağından azad olunub. Uşaq ədəbiyyatında bu mövzuda müəyyən kitablar, mətnlər meydana qoyulmaqdadır. Bura dəvət olunan uşaq yazarlarının hər üçü otuz ilə yaxın bir dönəmdə Qarabağ, Şuşa mövzusuna həssas yanaşan, yaradıcılığında mövzunu daim aktual saxlayan ziyalılardır”.
Daha sonra söz uşaq yazarlarına verildi. Zahid Xəlil əvvəlcə sərginin əhəmiyyətindən danışdı, Zəfər tariximizi bədii təcəssüm predmetinə çevirən “Dəmir yumruq” əsərinin ərsəyə gəlməsindən bəhs etdi, yeni əsər üzərində işlədiyini, tezliklə uşaqların görüşünə bu əsərlə gələcəyini bildirdi.
Sevinc Nuruqızı yeni çap olunan iki kitabını – “Pıçıltı” və “Zəfər nəğməsi Şuşa” kitablarının mövzu, məzmun özəlliklərinə toxundu, bu kitabları hansı böyük şövq, eyni zamanda ağrı, gərginlik içində meydana qoyduğunu bildirdi: “Şuşa azad olunan kimi mənə nəşriyyatdan zəng elədilər. Dedilər ki, Sevinc xanım, Şuşa ilə bağlı kitabı sizdən gözləyirik. “Zəfər nəşməsi Şuşa” kitabı mənim uzun illər boyu, Şuşa işğal olunandan bəri günbəgün yaşadığım ağrıların, əzabların sonucunda ərsəyə gələn əsərdir. “Pıçıltı” isə Gəncə terroruna həsr olunub. Uşaqların, kuklaların dili ilə müharibələrə, terrora “yox” nidası var burda”.
Qəşəm İsabəyli yeni çap olunan “Seçilmiş əsərləri”nin birinci cildi haqqında danışdı. Orada yer alan Qarabağa, Şuşaya aid mətnlərə diqqət yönəltdi, kitabda yer alan bəzi şeirlərini qonaqlar üçün səsləndirdi və bildirdi ki, “mən uşaqların gözü ilə müharibə ağrılarını, onların savaşda çəkdikləri zülmü həmişə yazmağa çalışmışam, indi isə Zəfər mövzusu artıq önə keçib və bu günü görmək yazıçıya böyük fəxr duyğusu yaşadır”.
Tədbirdə iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərli bildirdi ki, tezliklə kitabxanada bu mövzuda ardıcıl tədbirlərə start veriləcək. Burda sözü keçən kitabların hər birinin təqdimatı keçiriləcək. Çünki bu bizim tariximizdir, onun ən işıqlı dönəminin əksidir. Uşaqlara bu tarixi öyrətməyə, onun ehtiva olunduğu dəyərli mətnləri tanıtmağa böyük ehtiyac var.
Sonda Elnarə Akimova bildirdi ki, uşaq ədəbiyyatında bir çox problemlər var və bu təbii ki, ayrı bir tədbirin müzakirə mövzusudur. Çap olunma azadlığı sayəsində bəzi nəşriyyatların kommersiya maraqlarına xidmət etdiyini, məzmun və ifadə kasadlığı olan kitablar da çap etdiyinin şahidi oluruq. İndiki nəşriyyat çoxluğu, mənfəət maraqlarının önə keçdiyi dönəmdə buna qarşı mübarizə bəzən təsirsiz qalır. Ona görə ən böyük müdafiə və mübarizə üsulu yaxşı əsərləri önə çıxarıb təqdir etmək, poetikasını incələmək, sənətkarlıq xüsusiyyətlərini meydana qoymaq və onlara layiq olduğu dəyəri verməkdir. Bugünkü tədbir də bu amala xidmət edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!