"Bu sərgini ölkədə kitab adına görülən ən mütərəqqi işlərdən biri hesab edirəm." - Elnarə Akimovanın Bakı Beynəlxalq Kitab Sərgisi haqqında dedikləri

 

Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesinə maraq oyadılmasında, kitaba diqqət yönəldilməsində, yeni yetişən nəsillərin kitaba sevgi ruhunda böyüməsində əvəzsiz rol oynayır. Bu sərgini ölkədə kitab adına görülən ən mütərəqqi işlərdən biri hesab edirəm.

Bu fikirləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində müsahibəsində deyib.

“Bu il fəxri qonağımız Türkiyə olduğu üçün qardaş ölkədən yazıçılar, şairlər sərgiyə qatılıb. Bu gün biz onların iştirakı ilə bəzi çıxışlara qulaq asdıq, nə qədər Azərbaycanla bağlı perspektivli layihələrə imza atmağa hazır olduqlarını gördük. Bakı Beynəlxalq Kitab Sərgisi nəsillər arasında, ümumiyyətlə ədəbiyyat arasında vəhdət prinsipini həyata keçirməkdə böyük bir missiya daşıyıcısıdır və ən əsas məqam da bundan ibarətdir ki, bu sərgi milli yaddaşın oyaq qalmasına böyük töhfə verir. Prezident İlham Əliyev bu il Xurşidbanu Natəvanın, Əhməd Cavadın, Hüseyn Cavidin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Onların yubileyləri ilə bağlı burada hazırlanan təqdimatlar, səslənən fikirlər istər-istəməz bu klassiklərin yaradıcılığına ayıq bir münasibət formalaşdırır, onları yeni nəslə tanıdır və ilk növbədə klassikanı müasir ədəbiyyatla birləşdirməyə və müasirlik prizmasında həmin ədiblərin yaradıcılığına yanaşmada prinsipial mövqe ortaya qoyur”, - deyə Elnarə Akimova bildirib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!