Belaruslu Mariya Kobets Şuşaya ithaf etdiyi şeirini oxuyur - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla, 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Oktyabrın 5-i layihə Belaruslu Mariya Kobetsin

Şuşa barədə ürək sözləri və Şuşaya ithafən yazdığı şeiri, qiraəti ilə davam edir.

 

Mariya Kobets / Belarus

tanınmış şair, yazıçı

Əziz Azərbaycan vətəndaşları, Azərbaycan tarixinin və mədəniyyətinin həqiqi simvolu olan gözəl Şuşanın sakinləri, sizi səmimiyyətlə salamlayıram.

Təəssüf ki, hələ də sizin o tarixi şəhərdə olmamışam, amma dəqiq bilirəm ki, Qarabağda, dağların başında ucalan əsrarəngiz Şuşa Azərbaycanın ən gözəl guşəsidir, milli musiqi və ədəbiyyatınızın beşiyidir. Üstəgəl füsunkar təbiəti öz gözəlliyinə və rəngarəngliyinə görə şəhərin mədəni irsindən, zənginliyindən geri qalmır. Bilirəm ki, Azərbaycanda bu il “Şuşa ili” elan edilib, çoxlu əlamətdar tədbirlər keçirilir. İcazə verin sizi bu gözəl il və hadisələr münasibəti ilə təbrik edim. İnanıram ki, bu hadisələr şəhəri sözün bütün mənalarında zənginləşdirəcək, gözəlləşdirəcək.

Ona görə də səni bir daha salamlayıram, Şuşa!

İndi isə sənə ithaf etdiyim şeirimi oxuyacam, Şuşa!

***

 Nə yaxşı ki, daşlar ölmür.

 Böyüyür, hərəkət edirlər canlılar kimi...

 Amma ölmürlər.

 Daşlar şahiddirlər, hər şeyi xatırlayırlar.

 

 Nə yaxşı ki, daşlar ölmür.

 Ağsaqqal daşların nidasında

 Sənin səsini eşidirəm, Şuşa.

 Vaqifin, Nəvvabın sözündə, əməlində,

 Qədim Pənahabadın nəbzində döyünürsən.

 

Uzun əsirlikdən, zindandan sonra,

 Zəncirləri qırandan sonra

Qəlbin necə atır, hiss edirəm Şuşa.

 Daşlı yollarında Pənah xanın

Güclü addım səslərini duyuram.

 

Qoca Qarabağın üzəriylə əsən

Azad küləkdə

Nəfəsini hiss edirəm, Şuşa.

Dağların başındakı

Hüdudsuz dumanların susqunluğunda.

 

Ağrını, kədərini hiss edirəm,

Ümidini, sevincini.

Hiss edirəm, Şuşa, eşidirəm

Daşların altından

Yenə necə cücərir, boy atır Xarıbülbül...

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!