Görkəmli türk şairi Aydın Hatiboğlunun ilk şeirləri 1958-ci ildə Şükran Kurdakulun nəşr etdirdiyi "Yelkən" dərgisində çap olunub. "Çömçə gəlin" (1966), "Hoyrat" (1973), "Həzrəti İbrahim" (1975), "Mən sizə qonaq gələndə" (1979), "Son deyil" (1983), "Koroğlu" (1985), "Saç" (1995), "Qərənfilli küçə" (2003) kimi şeir kitablarının müəllifidir. Bir sıra milli mükafatların laureatıdır. Uzun müddət Nazim Hikmət vəqfinin sədri vəzifəsində çalışıb.
DİLSUZ
BAHAR TÜRKÜSÜ
Qumrular bilir
bahar çağı sübh tezdən
şehin
çəmənə necə düşdüyünü.
Bir dağın
ətəyində gördüm səni,
əllərin
çocuq gülüşü kimi
ağappaq idi.
Sən heç bilirdinmi,
heç bilirdinmi
nə qədər bənzəyirmiş
insan sevinci
suyun dibindəki çınqıla?
Bu nəfəs
meşəninmi,
səninmi -
üzümə toxunduqca
bihuş oluram.
Nə incəcik lalə,
nə boynubükük bənövşə,
içim
qırxkirpik
çobanyastıqlarıyla dop-dolu...
QƏRƏNFİLLİ KÜÇƏ
Rüzgar xəzan rəngində,
sarı-sarı toxunur
yalnızlığa.
Sanki
bıçaqla kəsilmiş üfüq
qovrulmuş un
ətri verir.
Çocuq gözlərimdə ölüm,
suya düşmüş
yaralı bir quş.
Xəyal-məyal əllərim
ümidsizliyi oxşayır.
Quşlar
ən qədim sakinidi
bu yerlərin,
bütün qalaların
bürcləri onların,
bəs niyə
doğulduqları
yuvaları qoyub,
bir başqa diyara
uçub gedirlər?
Günəş sevda rəngində,
çiçəklər açmış, göz-göz.
Çalır
yorğun düşmüş
zamanın zəngini
bulud karvanını
andıran xatirələr...
Bağ-bağatın
sevdiyim cəhəti bu:
mən gəlincə,
hər kəs gəlir.
Toxununca əlimə əlin,
bütün göyərçinlər
qəfildən uçur...
Ürəyim qar bəyazı...
Elə bil,
titrədi payız yarpağı,
küçələrin içində
mənim sevdiyim -
qərənfilli küçə,
qərənfilli küçə!..
TUT ƏLİMDƏN
Tut əlimdən,
yenə yan-yana addımlayaq,
Payızı
sarı şal kimi
at çiynindən,
söykənək
dost çinarların
bəmbəyaz gövdəsinə,
sonra
çıxaq çocuqların
oynadıqları
küçələrə,
hələ
məndə qalır
quru yarpaq kimi
bağışladığın o hüzn...
Yaxşı xatırlayıram:
ölümlə oynayardıq,
soyuq
bir bıçaq kimi
kəsərdi sevdamızı,
indi
pəncərəmdən atıram
vəfasız üzləri, bir-bir...
çürüyür torpaqda
çiçək kimi
solğun bənizli dostluqlar...
Tut,
tut əllərimdən -
ölü şəhərin nəbzi
gup-gup atsın...
Tut,
tut əllərimdən, bərk tut,
sevgi piləkənləri
aparsın bizi
söyüd ağaclarının
altındakı qaranlığa,
və gecənin
ən qatı yerində
bir-birinə qarışsın səssizliyimiz...
SƏSSİZCƏ
Elçinə
Gecə
durğun və səssiz.
Xəzər uyuyur.
Bəbələr uyuyur.
Küçədə qara kölgələr.
Binalar içinə qapanmış.
Kimsə
piano çalır
uzaqlarda,
yer-göy oyanır,
bir qadın,
gözünü zilləyir qaranlığa...
Dinlədikcə
ürpənirsən,
ürək kimi vurur gecə...
Yenə kimsə
piano çalır
uzaqlarda,
yer-göy susur,
bir qadın
gözünü zilləyir qaranlığa,
ürək kimi vurur gecə...
Bu dəm
bir qayıq
batır Xəzərdə,
dalğalar
cəsədi sahilə vurur
səssizcə...
BU CÜR ŞEİR HEÇ YAZILMADI
Sevdalar yoğurduq əllərimizlə,
Qovğalarla oyandıq,
hələ uşaq idik, uşaq.
Kibirli
və qansız idi dünya,
heç nədən sönürdü
ömrün işığı,
heç nədən solurdu
lalələrin yanağı,
acı
və göz yaşıyla sulanırdı
dibçəkdəki küskün çiçək,
öncə
coşqunluqlarımız,
sevinclərimiz,
inanclarımız öldü,
sonra arkadaşlarımız,
sonra sabahların işıltısı,
sonra suların türküsü...
Ey, irmaqlarından
zəhər axan dünya,
səni
yarpaqsız ağaclar
adından,
dəhlizlərdə
yuxusunda uçqunlar görən
körpələr adından,
göy adından,
yer adından,
məsum dənizlər adından,
qadın hıcqırıqları adından
və
ölü quşlar adından
lənətləyirəm!..
İNADKARLIQ
Qayıq üzdürürlər uşaqlar
çamur gölündə,
kağızdan qayıq.
Xoşbəxtlik rüzgarlarını
doldurub yelkənlərə
üz tuturlar azadlığa,
ta ki,
qayıqları islananadək.
Sonra yeni bir qayıq,
bir qayıq daha...
Camur gölü
udur durmadan
ümidin
kiçik qayıqlarını,
amma
ağlamağı unutmuş
inadkar çocuqlar,
bu oyuna alışıq -
həvəsləri bol,
kağızları bol...
İnşalllah, çıxarlar
həsrətini çəkdikləri
azadlığın sahillərinə...
NOVRUZ
Duman sarmış dərələri,
Qüssəyə baş əymir bülbül.
Alnında
dağ güllərinin ətri,
dili - bal,
dodağı - bal.
Tül-tül olmuş
şəfəqlərin ardında
ağca-ağca qovaqlar,
lalə-lalə təpələr,
yaz gəlir,
yaz gəlir,
səhər vaxtı ötən bülbül,
qürbət eldə nə işin,
burda qal!
Səssizlik canda,
can yuxuda,
incəcik bir toxunuş -
bir nəfəs,
bahar qonmuş budağa,
ərimiş dağların qarı,
gülü - ləl!...
LEVNİYƏ
Hər şeyin
bir rəngi var,
bilirsiniz,
azadlığın rəngi,
ümidin rəngi,
qorxu kəsmiş
üzün rəngi,
bulaşmasın
bezmişlik qarası
adımıza...
Sevincin rəngini
xatırlayın bir,
xatırlayın
çocuqluğun şəkər
pəmbəsini,
dəliqanlı günlərin
nar çiçəyini,
bizi
həyata bağlayan
turuncunu...
Sonra
qızılın hüznə
qarışdığı yeri,
mavi-
uzaq bir ölkədir -
heç gedilməyən,
sarı -
sərxoşluqdu, bezginlikdi həmişə
və durmadan
bitib - tükənmənin
türküsünü söyləyər...
Əski
bir sevda
yaşar limon rəngində,
incəcik
bir sızı yayılar
damarlarımıza,
səssizcə sezərik -
torpaq rəngi ölüm rəngidir...
Hüznün rəngini,
zülmün zəngini,
qəhrin rəngini bilirsiniz,
adımız kimi,
adınız kimi bilirsiniz
inancın da rəngini...
XANIMƏLİ
Günmü doğdu,
gülmü açdı?
Yanağında şeh damlası,
bir qoxlasam!
Südmü süzmüş balam,
gül məmələrdən?
Bir bəbə gülsə,
oxşasam!
Səhər yeli keçər kimi,
Turfan dağından...
Dağıtsam saçlarını,
toplasam saçlarımı.
Bir çini qab kimi incə...
(Büllurdandır bədənin, büllurdan)
Yuxun qaçarmı
toxunsam?
Pəmbə buludlar
dağılır üzündə,
Al lalədir
sanki əllərin,
əyilib
su içər kimi çeşmədən,
öpsəm...
GÜN
Pərdəni açınca
çılpaq
bir sabah
qonur budaqlara,
yuxudan
doymuş gözlərində
çiçəkləyir şəfəq,
dağılır
mahmur saçları
gecənin...
Bətnində
hüzn gəzdirən
bir qaraçı şərqisi
qarışır
təkərlərin
taqqıltısına,
kədərə toxunur əlim,
küçədə -
quş səslərini
qaraya boyayan çocuq,
qapıda - yeni bir gün...
Haqqını halal et, sevgilim.
DÜNƏN - BU GÜN
Səsimdə yalnızlıq acısı,
Gözlərim yanır yuxusuzluqdan.
Sönür,
sönür mumu ərimiş
şamın işığı,
uzaqda,
çox uzaqda
ağlayan çocuqların səsi...
Dağları kəşf edirəm -
üsyanların sığınağı...
Qəsfət kəsilmiş göyüzü,
Dodaqlarım çatlamış.
Nəyin sorağında ürəyim,
Ovuclarımda kədər, nisgil.
Qara bulud sarmış göyü,
Üzüm solmuş xəyal bağçası.
Budağından
qorxu sallanan ağac,
neçə acı,
neçə ümid,
neçə inanc,
Bədrəddin,
Pir Sultan,
Hallac...
Vətəni Asyamı,
yoxsa Rum,
Havada
yanıq yarpaq qoxusu,
Dünya, səni tanıyıram,
Dünya, səni tanıyıram...
Aldada bilməzsən
doğrusu...
ÇOCUQ
Səni
meşədən gələn ətir
kimi xatırlayıram,
bapbalaca qucağına
tökülür yarpaqlarım.
Səni
sənsiz keçən illərin
qaranlığında süzürəm.
irmaq boyunca
qaçan çocuq.
Məni eşmə bığımla xatırla,
atıb-tutub
bağrına bas
yalnızlığımı...
Solmaqda olan
bir sentyabr çiçəyidi
gözlərin,
Talanmışam,
yorğunam,
qırğınam,
Amma
yenə də
dilimdən düşmür sevinc.
Atdım silahımı
əski coşqunluqlar kimi,
indi
pəncərəsində
qırmızı sardunyalar açan
üstü mor kirəmitli
bir kənd evidir sevdam...
MASAL MAVİSİ
Kalabalık kıpırtılar içinde
Gizli saklı karanlıklar içinde
Koparılmış bir gül yaprağı gibi
Yüreciği titremeler içinde.
Sonsuzluğun sınırında duruyor
Çiçekler takınmış reyhan kokunmuş
Hayatın devingen beşiğinde uyur gibi
Gülücüğü ışıltılar içinde.
Akşamın hançeri hüzne boyanmış
Acımasız rahim sevecen mezar
Ölüme bir nokta düşürmek için
Bağrında inciler duruyor gibi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!