ANAR
“Salam Şuşa!” layihəsini salamlayıram. Bu layihədə 30 ölkədən 36 şair, Azərbaycandan 8 şair iştirak edir. Bu bizim Şuşaya ərməğanımızdır. Salam, Şuşa! Azad Şuşa! Gözəl Şuşa! Bizim Şuşa!
Mən Şuşada doğulmamışam. Əslim-nəslim Şuşadan deyil. Amma mənimçün də, bizim ailəmizçün də Şuşa qəlbimizin şəhəridir. Və Şuşaya olan tamah, bədnam qonşularımızın tamahı hələ uzun illər qabaq atamın bir şeirində əks olunub. Mən atam Rəsul Rzanın Şuşaya həsr olunmuş şeirini oxumaq istəyirəm:
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalxıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə,
biri sənə tay olarmı?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!