“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli, tanınmış Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu, “Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov və bir sıra tanınmış şəxslər iştirak edib.
Tədbirin açılış nitqində çıxış edən S.Babullaoğlu bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib:
“Sentyabr ayının 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə - noyabrın 8-dək qədər davam edəcək”.
Daha sonra çıxış edən AYB sədri Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub:
“Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu layihə barəsində çıxış edib: “Müxtəlif tribunalardan Qarabağ həqiqətləri barədə 30 ildir ki, danışırıq. Lakin bu gün haqqında danışdığımız layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nazirliyin üzərinə böyük iş düşüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qeyd edib ki, tarixdə yazıçıların yazdıqları qalır: “Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir”.
Xatırladaq ki, təqdim edilən layihə “Şuşa İli”nə həsr olunub və layihə çərçivəsində 30 ölkədən 44 nəfər tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.
Qeyd edək ki, “Şuşaya salam” layihəsi 27 sentyabr - 8 noyabr tarixlərində baş tutacaq.
ikisahil.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!