Yaşadığımız planetin və bütün yer üzünün xalqlarının tarixinə ümumi nəzər salsaq, hər insan ömrü qlobal informasiya mühitində sadəcə bir "an" kimi görünə bilər. Bununla belə, həmin "anı" dolduran hər şey həm planetə, həm də bütün canlılara təsir göstərir. Biz bütün həyat mübarizəmizi bu "an"da başa düşür, məna axtarır, yaşadırıq. Fəridə xanım Hicranın həm elmi, poetik yaradıcılığı, həm ictimai fəaliyyəti onun vətəndaş alim, ziyalı qadın mövqeyini müharibə deyilən bir "an"a birləşdirir. Və bu "an"ın sadəcə bir "an" deyil, dünyaya, bəşəriyyətə ağrı-acısıyla təsir göstərəcək "an" olduğunu çatdırmaq, tanıtmaq publisist yazıçı, şairə və I Qarabağ müharibəsi qazisi Fəridə Hicranın həm də vətəndaş-alim missiyasıdır.
Fəridə Hicran (Fəridə Talıb qızı Vəliyeva) folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük elmi işçisidir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-yə yaxın kitab və monoqrafiyanın, yüzə yaxın elmi və publisistik məqalənin müəllifidir. "Miqrasiya Proseslərinin Tədqiqi" ictimai birliyinin sədri kimi ictimai vəzifəsini layiqincə icra edən Fəridə xanım, Qarabağ gerçəkliklərini Haaqa Ədalət Məhkəməsinə çatdıran yazar dünyaya haray salan "Qarabağda talan var" kitabının müəllifidir. Qeyd edək ki, bu kitab müəllifin özü tərəfindən Haaqa Ədalət Məhkəməsinin kitabxanasına da təqdim edilmişdir. "Xan qızı Natəvan" əsəri isə Hollandiyada ingilis dilində Fatma Aktaşın dəstəyi ilə səhnələşdirilib tamaşaya qoyulub, əsər Albaniyanın Galaktika Poetike ATUNIS portalında yayımlanıb.
Fəridə Hicran bir çox mükafatların, o cümələdən "Qızıl Qələm", "Media mükafatı", "Xan qızı Natəvan" mükafatı və s. laureatıdır. Onun ən böyük mükafatı isə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalıdır.
Qarabağ qazisi olan Fəridə Hicran Vəliyeva Ali Baş Komandanımızın və müzəffər Milli ordumuzun Qarabağı Ermənistanın işğalından azad etməsi sevincini "44 günlük Vətən müharibəsindən sonra" layihəsi ilə Niderland krallığına səfəri zamanı Hollandiyada yaşayan azərbaycanlı soydaşları ilə bölüşmüşdü.
Qarabağ həqiqətlərini, Xocalı faciəsini, milli sərvətimiz olan ədəbi yaddaşımızı, ədəbiyyatşünaslıq elmimizin Qarabağ irsini dünyaya tanıtmaq sahəsində fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Proqram sponsoru Mehmed Kaplan bəyin, Genel yayın Yönetmeni İbrahim Karaman bəyin və Azərbaycan Lades klubun (vəqfin) sədri Kəmalə Ceylanovanın dəstəyi ilə "Life24" telekanalında çıxış edərək erməni təcavüzkarlığını Avropa xalqlarına çatdırıb.
Özcan Dəniz bəyin dəstəyi ilə "Hollanda Azərbaycan Türk kültürü" dərnəyinin rəhbəri İlhan Aşkınla bərabər "Dəniz TV" kanalında "Qarabağ gerçəkləri və Talan olmuş Vətənim mövzusunda" çıxış edib. Fəridə Hicranın bu fəaliyyətləri haqqında videoçarxla tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=A9u4Uqzu0gM
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!