"Ədəbiyyat qəzeti"nin məsul katibi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu (Hacıbabayev) dünyasını dəyişib.
Atababa Hacıbabayev 1947-ci ildə Bakıda (Xırdalanda) anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor (eyni zamanda "Bakı teatrlarında" məcmuəsinin redaktoru) vəzifələrində (1971-1977-ci illər) çalışıb.
1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sovet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ilin yanvar ayından "Ədəbiyyat qəzeti" ("Ədəbiyyat və incəsənət") əməkdaşı olub. 2009-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində də çalışıb.
Atababa İsmayıloğlu "Rza Əfqanlı", "İki cəbhənin əsgərləri", "Səhnə andı", "Unudulmaz səhnə ustaları", "Molla Qeybullanın sərgüzəştləri", "İnkirlə Minkirin hüzurunda", "Mizan-tərəzi" və s. kitabların müəllifidir. Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. X cildlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim" kitabının tərtibçisi, Mişkinaz Cavidin "Xatirələrim", Adilə İsmayılovanın "Məxluqə Sadıqova", ikicildlik "Akademik Milli Dram Teatrının foto-səlnaməsi" kitablarının ixtisas redaktoru, digər onlarla kitabvə bukletin redaktoru; bir sıra tədris proqamlarının müəllifidir.
2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Atababa Hacıbabayev Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı ilə təltif olunub.
Allah rəhmət eləsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!