Şair Ələddin İncəli də dünyasını dəyişdi. Söhbət ustad-müəllimdən, vətənpərvər bir insandan, etibarlı dostdan, ağsaqqal bir jurnalistdən, özündən başqa hamıya yaxşılıq etmiş bir şəxsdən-şəxsiyyətdən gedir.
Mən ona 70 illik yubileyində məhz beləcə demişdim: "Sən Ələddin müəllim, özündən başqa hamıya yaxşılıq etmisən. Yəni özün heç vaxt yadına düşməmisən. Başqalarının yolunda özünü fəda etmisən."
İncəliyəm, tapınmışam bir ada,
O da məni yetirəcək murada! -
deyən ustad şairimiz bütün ömrünü təmiz ad üçün, şərəf üçün mübarizəyə həsr etdi. Heç kimə əyilmədi. Heç kimi əymədi.
Ələddin İncəlinin "Diri olaydım" adlı bir şeiri var. Həmin şeirə mənim "Biz elə dünyada üç-dörd nəfərik" şeirimdən bir misranı epiqraf seçib. Şeirin son bəndi belədir.
Mən öz haqq sözümü elə deyərdim,
Sinəmi saz edib belə deyərdim.
Şair Ələddinəm, belə deyərdim:
- Cismən öləndə də diri olaydım,
O üç-dörd nəfərin biri olaydım!
Rahat uyu, əziz ustad.
Sən arzuladığın kimi o üç-dörd nəfərdən biri oldun!
P.S. Şeirləri ilə onlarla poetik topluları - kitabları ilə, istedadlı, adlı-sanlı yetirmələri ilə aydın görünən bir yol qoyub getdi Ələddin İncəli!
Şeirlərinin birində "Unut məni sən, unuda bilsən" deyə-deyə unudulmazlarımızın ruhuna qovuşdu ruhu!
Ruhu şad olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!