Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatları həyəcan və ürək ağrısıyla izlədik.
Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun düşmənə layiqli cavabı nəticəsində mənfur düşmən böyük itkilər verib və əhəmiyyətli mövqelər ordumuzun nəzarəti altına keçib.
Təəssüflə qeyd etməliyik ki, cavab əməliyyatları nəticəsində Azərbaycan Ordusunun 50 igid əsgəri qəhrəmancasına şəhid olub.
Atəşkəs razılaşmasına baxmayaraq Ermənistan silahlı qüvvələri atəşi davam etdirir, hətta mülki əhalini hədəf almaqdan belə çəkinmir. Elə bu gün Kəlbəcərdə iki dinc sakinimiz düşmənin təxribatı nəticəsində yaralanıb.
Üzərinə götürdüyü öhdəliklərdən, sülh müqaviləsindən yayınmağa çalışan Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan, sülh müqaviləsi bağlamaqdan başqa çıxış yolunun olmadığını anlamalıdır. Əks halda məsələni qüdrətli Azərbaycan Ordusu həll edəcək.
Azərbaycan Yazıçılar Birliyi dünyasını dəyişmiş şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbir diləyir. Allah yaralı əsgərlərimizə şəfa versin. Dualarımız Azərbaycan Ordusuyladır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!