Ədəbi-elmi düşüncənin İsa Həbibbəyli modeli - Kamran ƏLİYEV

I məqalə

Akademik İsa Həbibbəylinin ədəbi-elmi yaradıcılığından, bu yaradıcılığın çoxşaxəli əhatə dairəsindən, inkişaf xüsusiyyətlərindən və fərqli görünən özünəməxsus cəhətlərindən yazmaq, eyni zamanda həmin məsələləri müasir ədəbiyyatşünaslığın tələbləri baxımından dəyərləndirmək o qədər də asan deyil. Çətinliyin səbəbini görkəmli alimin monoqrafiya və məqalələrinin həcmi, müxtəlif yaradıcılıq tipinə malik sənətkarların ədəbi irsinin obyekt kimi seçilməsi, tədqiqatlarında sənətkar və zaman anlamının əsas tərəflərini ehtiva etməsi ilə əlaqələndirmək doğru olmaz. Burada əsas məsələ İsa Həbibbəylinin ədəbi-elmi yaradıcılıq fəaliyyətinin düzgün və mükəmməl təhlili üçün dəyərləndirmək üsulunun və meyarının tapılmasıdır.

İsa Həbibbəylinin "Ədəbi şəxsiyyət və zaman" adlı kitabı (Əsərləri, 10 cilddə, II cild.-Bakı, "Elm və təhsil", 2017) qədim, orta, yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatı nümayəndələrinin həyat və yaradıcılığını əhatə edən məqalələrdən ibarətdir. Müxtəlif dövrlərə aid sənət adamlarının ədəbi irsinin  təhlili ilə bərabər, bu məzmun çərçivəsində ədəbiyyat tarixi konsepsiyasının müddəaları, ədəbiyyat nəzəriyyəsinin aktual məsələləri, o cümlədən maarifçi realizm, tənqidi realizm və romantizm problemləri, tənqidçi təfəkkürü ilə bədii mətnin təmas nöqtələri, həmçinin mühacirət dövrü ədəbiyyatının xüsusiyyətləri də səbirlə, təmkinlə araşdırılmış və ədəbiyyatşünaslığın gələcək inkişafı üçün ciddi bir ədəbi-elmi irs yaradılmışdır. Bax, İsa Həbibbəylinin əsərlərində özünə kifayət qədər dayanıqlı yer tutan və onun yaradıcılığının keyfiyyət göstəricilərindən biri olan bu elmi polifonizm onun ədəbi-elmi irsinin hərtərəfli təhlili, daha çox da ümumiləşdirmələr aparılması üçün təbii olaraq çətinlik yaradan səbəblər sırasındadır.

Klassik ədəbiyyat məsələləri İsa Həbibbəylinin tədqiqatlarında, əsasən, Nizami Gəncəvinin, Marağalı Əvhədinin, Şəmsi Təbrizinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin yaradıcılığına istinadən araşdırılır. Bu məqalələrdə aparıcı motiv onların yaradıcılığının əsas xətt və istiqamətlərini daha çox ədəbiyyat tarixi konsepsiyasına yaxınlaşdırmaqdır. Həmin məqalələrin hər birində klassik Azərbaycan şairlərinin ədəbi irsini bütün tərəfləri ilə təqdim etməyə böyük əhəmiyyət verilməklə yanaşı, onların əsərlərinin ideya xüsusiyyətləri ilə ədəbiyyat tarixi konseptinin vəhdəti də aydınca görünür. Ağıl və kamala üstünlük vermək (Nizami Gəncəvi), ənənələrə daha çox söykənmək (Marağalı Əvhədi), irfani-fəlsəfi şerin günəşi olmaq (Şəmsi Təbrizi), "kamil insan obrazının qüdrətli yaradıcısı" səviyyəsinə yüksəlmək (İ.Nəsimi), "eşqi aşiqin ənənəvi pasportu" hesab etmək (M.Füzuli) prinsipləri ayrı-ayrı sənətkarları fərqləndirməklə bərabər, hər bir mütəfəkkir şəxsiyyətin ədəbiyyat tariximizdəki xidmətlərinin aydın mənzərəsini də təsəvvür etmək deməkdir.

İsa Həbibbəyli üçün ədəbi faktlar sisteminə əsaslanmaq irəli sürülmüş müddəaların da hamı tərəfindən qəbul edilən elmi-nəzəri səviyyəsinin təminatı olur. Hecə deyərlər, fakta söykənməyən elmi-nəzəri fikir "əsası yox divara" (Füzuli) bənzəyir. Bu mənada tədqiqatçının araşdırmalarının nəticəsi kimi Nizami Gəncəvinin Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri olmasının 10 prinsipini müəyyənləşdirməsi bütöv ədəbiyyatşünaslıq  miqyasında ədəbi faktla elmi-nəzəri müddəa arasındakı əlaqəyə ən yaxşı nümunədir. Başqa sözlə, Nizami Gəncəvinin anadan olduğu yer (1), hərəkət etdiyi məkan (2), qıpçaq gözəli Afaqın qədim Dərbənddən göndərilməsi (3), Azərbaycan mövzusu (4), şairin "Leyli və Məcnun"un fars dilində yazılması tələbinə qarşı etirazı (5), ata-anasının türk olması haqqında məlumat (6), türk sözünün yerli-yerində işlədilməsi (7), Xaqaniyə yazılmış mərsiyə (8), sənətkarın məzarının Gəncədə olması (9), "Xəmsə"nin əlyazma halında Azərbaycanda geniş yayılması (10) dahi söz ustasının Azərbaycan xalqına məxsusluğu, onun əsərlərində "azərbaycanlı ruhunun yüksək bədii ifadəsi" haqqında qəti və inkarolunmaz prinsiplərdir ("Nizami Gəncəvi: Azərbaycandan dünyaya").

N.Gəncəvinin etnik mənsubiyyəti ilə bağlı olan və mübahisələrə cavab kimi səslənən həmin müddəalar məsələnin mahiyyətinə uyğun olaraq nə qədər konkret və sərtdirsə, həyat və yaradıcılıq faktları ilə heç bir mübahisəyə yol açmayan M.Füzuliyə münasibət, təbii ki, bir o qədər yumşaq və həlimdir ("Məhəmməd Füzuli yaradıcılığında aşiq"). M.Füzuli yaradıcılığının məzmun və mahiyyəti onun lirikasının  aşiqanəlik fəlsəfəsinə üzvi bağlılığı ilə izah olunur. Şair - Aşiqin hiss və duyğuları öz gücünü həyatdan alır: "Füzulinin ictimai düşüncəsi ilə eşqi, sevgisi arasında bərabərlik işarəsi yaranır" (s.35). Füzuli eşqi və Füzuli yaradıcılığındakı aşiqanəlik nə qədər ideal olsa da, İsa Həbibbəyli eşqi və aşiqliyi konkret, real həyati faktla - Yer kürəsi və ekvatorla müqayisədə daha da yüksəklərə qaldırır: "Müqəddəs Kərbəlada Yer kürəsini ekvator xətti yox, Aşiq Füzulinin aşiqanə sevgi xətti birləşdirir" (s. 36). Bu, qeyri-adi anologiya Füzulini yerə endirmək deyil, Füzuli idealını başa düşməyin, dərk etməyin real yolu və üsuludur.

Saib Təbrizi və Molla Pənah Vaqif yaradıcılığının özünəməxsus cəhətlərinin müəyyənləşdirildiyi məqamlarda tədqiqatçının elmi-nəzəri düşüncəsinin alt qatında ədəbiyyat tarixinin o dövr sənətkarları üçün həm müştərək, həm də səciyyəvi olan xüsusiyyətləri canlanır və onların yaradıcılığının spesifiklik təbiəti ilə ədəbiyyat tarixinə gətirdiyi yeniliklər qovuşuq halda təqdim olunur.  Hikmət və nəsihətlərə meyil, "Hind üsulu"na yaşamaq hüququ verməsi, qəzəli məzmun baxımından ənənəvi axarından çıxarıb daha çox ictimailəşdirməsi və forma baxımından həcmini genişləndirməsi - qəsidəyə doğru inkişaf etdirməsi sırf Saib  Təbrizi yaradıcılığına xasdır; həyata yaxınlıq, dünyəvilik, epik-didaktik meyillər, əxlaq və mənəviyyat motivləri isə həm Saib Təbrizi, həm də XVII əsr poeziyası üçün səciyyəvi xüsusiyyətlərdir ("Klassik poeziyada yeniləşmə meyilləri və Saib Təbrizi"). El-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm, əruz vəznindən heca vəzninə, qəzəl-qəsidə şeirindən qoşmaya keçid, poeziyada "Vidadi ilə müşairə" səviyyəsində dastanlaşmaya doğru hərəkət şeir dilinin  sadələşdirilməsi, yeni bədii təsvir və ifadə vasitələrinin tətbiqi sırf  M.P.Vaqif yaradıcılığının aparıcı cəhətləridir; romantik şeirdən realist tərənnümə keçid, dildə xəlqiləşmə, ədəbiyyatın konkret coğrafiyası ilə görünməsi, realizm ədəbi cərəyanına mənsubluq isə həm M.P.Vaqif, həm də XVII əsr Azərbaycan ədəbiyyatı tarixi üçün müştərək xüsusiyyətlərdir ("Molla Pənah olan şair").

Fərdi yaradıcılığın spesifikası ilə ədəbiyyat tarixinin ümumi cəhətlərini üzvi şəkildə və obyektiv formada əlaqələndirmək, yaradıcılıq faktını ümumədəbiyyat kontekstində aparıcı bir müddəaya çevirmək və irəli sürülən tezislərin əvvəlcədən qəbulediləcəyinə əmin olmaq tədqiqatçıdan böyük səriştə və incə bir manevr tələb edir. Sənətkar yaradıcılığı ilə ədəbiyyat tarixi konseptinin vəhdətini yaratmaq məqamlarında İsa Həbibbəylinin ədəbiyyatşünas təfəkkürü induktiv və deduktiv yanaşmadan daha çox eyni müstəvi üzərində bir xətdən digər xəttə hissedilməz dərəcədə keçid etmək bacarığını örnəyə çevirə bilir.

İsa Həbibbəylinin ədəbiyyat tarixinin ayrı-ayrı dövrlərinə aid yazıçı və şairlərin yaradıcılığının təhlili zamanı həmin təhlillərin arxa planında heç də qabarıq görünməyən ictimai-siyasi vəziyyət dayanır. Tədqiqatçının XIX və XX əsrin əvvəllərinə aid sənətkarlarla bağlı araşdırmalarında həmin mövqe rahatca sezilməkdədir. Bu, sənət adamının real gerçəkliyə bağlılığının zəruriliyi barədə olan qənaətin nəticəsidir. Eyni zamanda İsa Həbibbəylinin XIX və XX əsrin əvvəllərinə aid sənətkarlarla bağlı məqalələrində yazıçı və şairlərin yaradıcılığı daha çox ədəbiyyat nəzəriyyəsi müddəaları ilə çulğalaşmış şəkildə araşdırılır. Bunun səbəbi də aydındır: bu dövr sənətkarlarının bədii irsi daha çox ədəbi cərəyanların - maarifçi realizm, tənqidi realizm və romantizmin estetik prinsipləri mövqeyindən dəyərləndirilir. 

İsa Həbibbəylinin "Xoş gördük, Mirzə Fətəli Axundzadə!", "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi-ustad" məsələsinə yenidən baxış" məqalələri Axundovşünaslıqda yeni bir mərhələdir. Səmimi və doğma müraciətlə (Xoş gördük!) özünü Axundzadəyə yaxınlaşdıran İsa Həbibbəyli yeni tipli ədəbiyyatın yaradılmasını mütəfəkkir şəxsiyyətin "Şərq qiyafəli, Avropa düşüncəli, Azərbaycançı milli məzmuna malik" təfəkkür sahibi olmasında görür. Həmçinin tədqiqatçı M.F.Axundzadənin ədəbiyyat nəzəriyyəsinə dair görüşlərini ilk dəfə olaraq hərtərəfli araşdırmağın da əsasını qoyur. "Tənqid" - "kritika" sözünü ədəbi dövriyyəyə çıxarmaq, quru ədəbiyyat nəzəriyyəçiliyindən uzaqlaşmaq, ədəbi tənqidlə ədəbiyyat siyasətinin mahiyyətini aydınlaşdırmaq, bədii yaradıcılıqda məzmunla formanın vəhdətini əsas prinsip kimi irəli sürmək, canlı danışıq dilinə üstünlük vermək M.F.Axundzadənin fikir və düşüncələrinin aktuallığı barədə olan qənaətlərdir.

İsa Həbibbəylinin "nazimi-ustad" ifadəsinə yenidən baxışı, bu mənada M.F.Axundzadənin M.Füzuliyə olan münasibətinə xeyli aydınlıq gətirməsi müasir ədəbiyyatşünaslığımız üçün bir çox  mübahisəli, yaxud az öyrənilən problemlərə yenidən qayıdışın əsasını qoyur. M.F.Axundzadənin məzmun və ifadə gözəlliyi əsasında şairlərin yaradıcılığının təsnifatını verməsi və "ədəbiyyatın böyük səkkizliyini" (İ.Həbibbəyli) müəyyənləşdirməsi fonunda M.Füzuliyə münasibətin ədəbiyyatşünas alim həssaslığı ilə araşdırılması, "nazimi-ustad" ifadəsindəki "nazim" və "ustad" sözlərinin ayrı-ayrılıqda səciyyələndirilməsi və nəticədə M.F.Axundzadəyə görə, "Məhəmməd Füzuli klassik romantik şeirin ustadı, yeni realist ədəbiyyatın isə nazimidir" (s.86) fikrinin irəli sürülməsi M.F.Axundzadəni indiyə qədər mövcud olan qınaqdan və basqıdan xeyli dərəcədə xilas etmiş olur.

Ədəbi məkanda M.F.Axundzadənin şəxsində reallaşan maarifçi dünyagörüşə sonralar Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Rəşid bəy Əfəndiyev, Üzeyir Hacıbəyov kimi sənətkarlar sahib çıxmışlar. "Keçid dövrünün lideri" kimi tanıdılan M.T.Sidqinin maarifçilik fəaliyyəti açdığı məktəblərin ("Əxtər", "Tərbiyə") və yazdığı dərsliklərin ("Nümuneyi-əxlaq", "Müxtəsər coğrafiya risaləsi", "Qızlara hədiyyə") fonunda ədəbi-mədəni hadisə kimi qiymətləndirilir ("Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın nümayəndəsi"). N.Nərimanova həsr edilmiş məqalənin "Nəriman Nərimanov: tənqidi realist yoxsa maarifçi demokrat" kimi adlandırılmasının özü belə ciddi, eyni zamanda aktual elmi-nəzəri problemdən xəbər verir və tədqiqatçı alim görkəmli ədibin maarifçiliyinin mənzərəsini bədii yaradıcılığından gətirilən nümunələr əsasında müəyyənləşdirir. Təkcə  "Bahadır və Sona" əsərinin "Xalqlar dostluğunun təntənəsinə yox, maarifçi ağlın, idrakın faciəsinə həsr olunması" və "başdan-başa, təpədən-dırnağa maarifçi ideyalardan yoğrulması", "Nadir Şah" tarixi dramında xalq hakimiyyəti ideyasının irəli sürülməsi barədə olan tezislər İsa Həbibbəylinin N.Nərimanovun maarifçi realizmə mənsubluğunun aydınlaşdırılmasındakı hədəflərinin mahiyyət və məzmununun dəqiqliyini göstərir. Bu mahiyyət və məzmunda digər istiqamətlərlə bərabər, mədəni-tarixi aspektin qorunması daha aparıcıdır. Mədəni-tarixi aspekt Rudolf  İvanovun "Ölüm döyüşü" roman-tədqiqatının təhlili zamanı da qorunub saxlanılır.

"Üzeyir Hacıbəyov əfsanəsi" və "Rəşid bəy Əfəndiyevin iki məktubu" məqalələrində də maarifçi realizmin inkişafı izlənilir. Üzeyir Hacıbəyovun milli mətbuatın inkişafındakı xidmətləri, professional musiqi sənətinin yaradıcısı olması, türk-müsəlman dünyasında ilk operanı meydana çıxarması, elmin və ictimai fikrin inkişafındakı rolu bilavasitə onun maarifçi dünyagörüşü ilə bağlanır ki, tədqiqatçı alim bunları sistemli şəkildə təqdim edir. "Bir neçə yazıçının qələmindən çıxmış qarşılıqlı yazışmaları əks etdirən məktublar ayrıca bir kitab üçün zəngin mənbədir" söyləyən İsa Həbibbəyli Rəşid bəy Əfəndiyevin M.T.Sidqiyə yazdığı iki məktubun mətnini öz məqaləsinə daxil etməklə yanaşı, onların dövrün maarifçi mühitinə işıq salmasını və yazıçının maarifçi baxışlarını canlandırmasını xüsusi vurğu ilə qeyd etmişdir.

İsa Həbibbəylinin tədqiqatlarında tənqidi realizm məsələləri Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Eynəli bəy Sultanovun yaradıcılığı əsasında təhlil olunur.

"Böyük demokrat Cəlil Məmmədquluzadə" məqaləsi ədibin həyat və yaradıcılığının əsas faktlarını əhatə etdiyinə və geniş elmi-nəzəri təhlilləri özündə cəmləşdirdiyinə görə onu monoqrafik tədqiqat da hesab etmək olar. İsa Həbibbəyli C.Məmmədquluzadənin həyatını canlandırarkən hər bir faktın, hər bir hadisənin onun yaradıcılığının təşkili və formalaşması üçün nə dərəcədə əhəmiyyətli olduğunu əsaslandırır. Atasının açdığı baqqal dükanı və insanların həyatı ilə yaxından tanış olmaq şəraiti, mollaxana təhsili və Şərq dillərini öyrənmək, Şərq tarixinə, ədəbiyyatına bələd olmaq, Naxçıvan şəhər məktəbi və dini təsəvvürlərdən dünyəvi baxışa keçid, Qori Seminariyası və yeni dünyagörüşün formalaşması Cəlil Məmmədquluzadənin həyatı ilə yaradıcılıq fəaliyyəti arasında nə qədər yaxınlıq və əlaqələr olduğunun sübutu kimi nəzərə çarpdırılır. Əslində bütün bunlar yazıçının bioqrafiyası və yaradıcılığı arasındakı təmas nöqtələrinin tapılması əsasında bədii əsəri dəyərləndirməyin yolu və üsuludur.

İsa Həbibbəyli C.Məmmədquluzadənin demokratik görüşlərinin yeni istiqamətdə öyrənilməsinə ehtiyac olduğunu vurğulamaqla bərabər, öz zamanında "burjua mətbuatına" qarşı mübarizə, dini dünyagörüşü rədd etmək kimi mətləbləri ehtiva edən "böyük demokrat" anlayışını məhdudiyyətdən qurtarıb yeni dövrün tələblərinə uyğun şəkildə səciyyələndirmək çağırışı ilə də çıxış edir.

İsa Həbibbəyli C.Məmmədquluzadənin bədii nəsrini yeni ədəbi hadisə mövqeyindən araşdırır. Hamının tanıdığı Novruzəlinin iki qütb arasında qalması və onun başına gələn bəlanın bu qütblərin toqquşmasından törəməsini dəqiq müəyyənləşdirir: bunlardan biri poçt qutusunun, poçtxananın mahiyyətini bilməmək, digəri isə mənən saflıq və sədaqətdir. Usta Zeynalın bədbəxtliyinin səbəbi iki zidd düşüncənin toqquşmasıdır: saf, pak əməl sahibliyi və müsəlman fanatizminin təzahürü olan möminlik və ətalət. "İranda hürriyyət" hekayəsi isə "milli şüurun və ictimai düşüncənin Arazın hər iki tayındakı səviyyəsini oxucuya anlatmaq" yolu ilə özünüdərk nümunəsidir. Eyni zamanda bütün bunlar "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət" hekayələrinin məğzi və mahiyyətidir.

"Danabaş kəndinin əhvalatları" povestində adi əhvalatların real təsviri, əsərdəki "Bir yüngülvari müqəddimə"nin C.Məmmədquluzadə realizminin proloqu olması,"Eşşəyin itməkliyi" ilə Məhəmmədhəsən əminin "sahiblik hissini, hüququnu, ixtiyarını itirməsi", Xudayar bəy obrazı ilə "konkret tarixi şəraitdəki ictimai ədəbsizliyin, haqsızlıq və qoluzorluluğun bütün əsas təzahürlərinin göstərilməsi", Zeynəbin "Azərbaycan ədəbiyyatı tarixində ilk müstəqil kəndli qadın obrazı kimi" ciddi etiraz səsini ucaltması və C.Məmmədquluzadə realizminin prinsiplərindən biri kimi özünü təsdiq edən nağılvari üslub povestin ideya-bədii dəyərini müəyyənləşdirən amillər kimi əsaslandırılır.

İsa Həbibbəylinin bədii əsərləri məzmununa və mahiyyətinə görə dəyərləndirmək  prinsipi C.Məmmədquluzadənin dramaturgiyasına da aiddir. Tədqiqatçının dəqiq   müşahidə etdiyi kimi, ədibin dramaturgiya yaradıcılığında məkan vahidliyinin -Bərgüşad kəndinin ayrı-ayrı əsərlərdə ("Çay dəstgahı" və "Kişmiş oyunu" pyeslərində) təkrarən meydana çıxması yazıçı düşüncəsinin təşəkkül mərhələsi barədə konkret informasiyanın mövcudluğundan danışmaq deməkdir. "Ölülər" tragikomediyasının "türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli" bədii əsər adlandırılması,  Şeyx Nəsrullahın "ölü diriltmək" oyunu qarşısında Kefli İsgəndərin söylədiyi monoloqun isə "silahdan da güclü səslənən kəsərli ittihamnamə" kimi təqdim edilməsi pyesin və obrazın daxili məzmunundan irəli gəlir. "Atom bombası" və "silah" sözləri tədqiqat mətninə təsadüfən daxil edilməmişdir və mətnin içərisində tam təbiiliyi ilə oturuşmuş bu sözləri "Ölülər"in ideya baxımından gücünü göstərmək üçün alternativi olmayan mülahizələrin nüvəsi də hesab etmək olar.

C.Məmmədquluzadənin "Ölülər" pyesi haqqında dəyərli fikirlər çoxdur. İsa Həbibbəyli onlardan üçünü ardıcıl olaraq xatırlayır: "baltanı dibindən vuran əsər" (Üzeyir Hacıbəyov), "paslanmış beyinləri pasdan təmizlədib ölmüş ruhlara can verən" tamaşa (Nəriman Nərimanov), "sənətkaranə bir dirilik, mahiranə bir incəlik" yaşadan pyes (Hüsyn Cavid). Bu mülahizələrə dördüncünü də əlavə etmək olar: "Ölülər" - ətalətə, xurafata, cəhalətə ən ağır, kəskin zərbə, ənənəvi diriliyə, oyanış və tərəqqiyə ən həyəcanlı çağırışdır" (İsa Həbibbəyli).

Həyati faktlarla bədii yaradıcılığın inkişaf xüsusiyyətləri arasındakı uyarlığın mühüm elmi nəticələrə gətirib çıxarması prinsipi "Molla Nəsrəddin" ədəbi məktəbinin ən məşhur nümayəndələrindən biri olan M.Ə.Sabir ədəbi  irsinə də aid edilmişdir. İsa Həbibbəyli "Mirzə Ələkbər Sabirimiz" məqaləsində onun həyatının ən səciyyəvi faktları - Seyid Əzimin ona "Xəmsə" bağışlamasını, Tehranda ali hakimlik təhsili almasını, "Molla Nəsrəddin" jurnalı ilə əlaqələrinin yaranmasını, müxtəlif mətbu orqanlarda çalışmasını, nəhayət, Cəlil Məmmədquluzadə ilə sıx əlaqələrini tədqiqata cəlb edir və onların Sabirin dünyagörüşünün formalaşmasındakı, yaradıcılığının inkişafındakı rolu dəyərləndirilir. Həsən bəy Zərdabi, Müzəffərəddin şah, Hacı Məcid əfəndiyə mərsiyələr yazması görkəmli sənətkarın milli ideyalara bağlılığının təzahürü kimi izah olunur.

M.Ə.Sabir yaradıcılığına istinadən klassik lirika ənənələrinə sədaqətlə yanaşı, satirik poeziyaya keçidin təbii-tarixi şərtləri də əsaslandırılmışdır. "Bir məclisdə on iki kişinin söhbəti" şeirində satirik bədii təfəkkürün görünməsi, "Nə yazım?" şeirinin M.Ə.Sabir satirasının nizamnaməsinə çevrilməsi, klassik fəxriyyələrin strukturunun və ideya istiqamətinin dəyişdirilməsi, elm və təhsilə çağırış şeirlərində məktəb, maarifçi ziyalı obrazlar ilə bərabər, dərsə gedən uşağın da surətinin canlandırılması, insanlığın taleyinə acımaq hissləri, "Səttarxanın bir milli qəhrəman kimi, dolğun bədii obrazını yaratmaq", xalqı həmişə azad görmək M.Ə.Sabir sənətinin əsas istiqamətləri kimi səciyyələndirilir. Ədəbiyyat nəzəriyyəsi müddəalarından doğulan  bədii portret yaratma ustalığı, tipi öz dili ilə danışdırmaq xüsusiyyəti, dialoqlardan yerli-yerində istifadə bacarığı M.Ə.Sabir yaradıcılığının sənətkarlıq keyfiyyətləri kimi şərh olunur.

İsa Həbibbəyli M.Ə.Sabirlə yanaşı Məhəmmədağa Şahtaxtlının ədəbi irsini də araşdırır və bu araşdırma fərqlilik üzərində qurulmuşdur. Şərq təfəkkürlü Sabirlə müqayisədə M. Şahtaxtlıda Qərb Avropa düşüncəsi aparıcı idi. M.Şahtaxtlının qarşısında "Azərbaycana Qərb maarifçiliyi ənənələrini gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük vəzifələr" dayanırdı. O, əlifba layihəsində də, Avropaya marağında da M.F.Axundzadənin davamçısı idi. Alman, fransız və ərəb dillərinə dair biliklərini təkmilləşdirməsi, ölü dillərə dair müəyyən vərdişlər qazanması, məqalələrində balkanlardan Hindistana qədərki coğrafiyada türk-müsəlman dünyasındakı ictimai-tarixi prosesləri mükəmməl təhlil etməsi onun mütəfəkkir bir sima olduğunu təsdiqləyir.  M.Şahtaxtlının "Azərbaycan mövzusunu ilk dəfə olaraq "Kaspi"yə gətirməsi", öz ata mülkünü sataraq mətbəə alması, "Türkiyəni necə xilas etməli" siyasi-fəlsəfi traktatı ilə Avropa ictimaiyyətinin diqqətini ilk dəfə Türkiyə həyatına yönəltməsi, "Qərb standartlarında çap olunan "Şərq qəzeti"ni -  "Şərqi-Rus"u çap etməsi və bu qəzetin "Molla Nəsrəddin" jurnalının proloquna, baş məşqinə çevrilməsi M.Şahtaxtlının mədəniyyət  sahəsindəki fəaliyyətini kifayət qədər aydın göstərir. İsa Həbibbəyli M.Şaxtatlının dilçilik görüşlərinə istinadən onu "bizim Avropadakı Mirzə Kazım bəyimiz" hesab edir.

İsa Həbibbəyli Məhəmmədağa Şahtaxtlı kimi M.S.Ordubadinin də görkəmli simalarla əhatə olunmuş nəsil şəcərəsinə xüsusi əhəmiyyət verir. M.S.Ordubadini "Azərbaycan ədəbiyyatının Tolstoyu" adlandırır və bu adlandırmada heç bir ideoloji mahiyyətin gizlənmədiyini, müqayisənin ədəbi mövqe eyniliyinə və tarixi roman monumentallığına əsaslandığını nəzərə çarpdırır. Bunun əksinə olaraq Azərbaycan ədəbiyyatı nümayəndələrinin Şekspir, Qoqol və Belinskiyə bənzədilməsini təsirlənmə folkloru kimi səciyyələndirir, onların təkrar olunmaması üçün bu bənzəyişlərin Azərbaycan sənətkarlarının özünəməxsusluğunu kölgədə qoyması amilinə aydınlıq gətirir.

İsa Həbibbəyli M.S.Ordubadinin "Dəvət", "Vətən və hürriyyət" kitablarına daxil olan şeirlərinin yeni dövrün əhval-ruhiyyəsini əks etdirməsini xatırlatmaqla yanaşı,  onun "Xabi-qətlət" əsəri ilk dəfədir ki, poema janrı kimi əsaslandırılır və M.Hadinin "Əlvahi-intibah" poeması ilə müqayisə edilir, ən başlıcası, əsərin ictimai-fəlsəfi məzmunu aydınlaşdırılır. İsa Həbibbəyli araşdırma zamanı xüsusi önəm verdiyi "İbrahim Bəyazid və Teymurləng" pyesinin ideya-bədii xüsusiyyətlərini tarix və müasirlik müstəvisində araşdırır. Yıldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə Teymurləngin qızı Zərifəbanunun sevgisini hökmdarlar arasında qarşılıqlı etibarın vəsiləsi kimi səciyyələndirir. Pyesin variantları arasındakı müəyyən fərqlərin aşkarlanması isə düşüncədə müdrikliyə, birlik ideyasının təbliğinə yol açır.

İsa Həbibbəyli tənqidi realizmin nümayəndəsi kimi Ə.Qəmküsarın bədii yaradıcılığındakı açıq müəllif mövqeyini onu digər satiriklərdən fərqləndirən əsas cəhət kimi göstərir, eyni zamanda belə bir açıq mövqenin Culfa gömrükxanasında işləyən Məşədi Ələkbər Nəcəfovun ailə mühiti ilə, yəni mövhumatın nisbətən arxa planda olması (1) şairin atasının, əmisinin və babasının ictimai ruhlu şeirlər yazması (2), Məhəmməd Tağı Sidqinin təsiri ilə dünyagörüşünün inkişafı (3), Naxçıvanda maarifçi mühitin və dünyəviliyin mühüm yer tutması (4), Səttarxan hərəkatında iştirakı (5), şairi müdafiə edən maarifçi qüvvələrin çoxluğu (6),Tiflisə köçüb tənqid etdiyi mühitdən uzaq olması (7), C.Məmmədquluzadə ilə yaxınlığı və jurnalın redaksiyasında çalışması, hətta ikinci redaktor olması (8) ilə bağlılığını da əsaslandırır.

Eynəli bəy Sultanova gəldikdə isə ilk dəfədir ki, İsa Həbibbəylinin tədqiqatında  Eynəli bəy Sultanov  "maarifçi realist düşüncəli tənqidi realist yazıçı" kimi təqdim olunur.

İsa Həbibbəylinin hər bir realist sənətkarın şəxsiyyətinə və yaradıcılığına dərin hörmət və ehtiram hissi ilə bərabər, ayrıca bir C.Məmmədquluzadə sevgisi də var.  Onun haqqında yazdığı fundamental tədqiqatını ("Cəlil Məmmədquluzadə: mühiti və müasirləri") belə nəzərə almasaq,  İsa Həbibbəylinin müxtəlif mövzulara həsr edilmiş məqalələrində ədəbi-elmi mətnin daxilindən ucalan bir C.Məmmədquluzadə obrazını aydınca görmək olur. Bu, bir tərəfdən ədəbiyyatşünas alimin özünün tədqiqatçılıq marağının ifadəsidirsə, digər tərəfdən də C.Məmmədquluzadənin yaradıcılıq imkanlarının genişliyi və intəhasızlığı ilə bağlıdır. "Rəşid bəy Əfəndiyevin iki məktubu" məqaləsinin əvvəlində, "Üzeyir Hacıbəyov əfsanəsi" məqaləsinin əvvəlində və ortasında, Məhəmməd Tağı Sidqi haqqında məqalənin əvvəlində, ortasında və sonunda C.Məmmədquluzdənin mülahizələri xatırlanır, N.Nərimanova həsr edilmiş məqalədə maarifçi-demokrat yazıçının C.Məmmədquluzadənin "Ölülər"lə bağlı  klassik fikri diqqət mərkəsinə gətirilirsə, M.F.Axundzadə ilə bağlı məqalədə C.Məmmədquluzadənin M.F.Axundzadə haqqında dediyi fikir istinad nöqtəsinə çevrilir.

M.Ə.Sabirin həyat və yaradıcılığı C.Məmmədquluzadədən ayrı təsəvvür edilmir, M.Şahtaxtlının C.Məmmədquluzadəyə göstərdiyi etimad və C.Məmmədquluzadənin onu hörmətlə xatırlaması qarşılıqlı inamın nümunəsi kimi təqdir olunur. M.S.Ordubadinin və Ə.Qəmküsarın C.Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinə bağlılığı, C.Məmmədquluzadənin E.Sultanov haqqındakı "Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım" möhtəşəm etirafı xüsusilə dəyərləndirilir. H.Cavidin romantik mənzum faciələri Cəlil Məmmədquluzadənin tragikomediyaları ilə bir sırada tutulur, A.Səhhətin "Molla Nəsrəddin" jurnalı vasitəsilə C.Məmmədquluzadə ilə əlaqələri yada salınır,  C.Məmmədquluzadə adının M.Hadi ilə yanaşı çəkilməsi təqdir edilir. F.Köçərlinin C.Məmmədquluzadənin hekayələrini və "Molla Nəsrəddin" jurnalını qiymətləndirməsi, M.Ə.Rəsulzadənin "Ölülər" pyesinə dəyər verməsi mühüm ədəbi-elmi yanaşma səviyyəsinə qaldırılır. Sovet ədəbiyyatı qurucuları olan sənətkarların, "altmışıncılar" adlandırılan nəslin və müstəqillik dövründə bir çox sənət adamlarının yaradıcılığı təhlil edilərkən də C.Məmmədqulazədənin "iştirakına" ehtiyac duyulur. Bütün bunlar İsa Həbibbəylinin müxtəlif ədəbi mərhələləri əhatə edən, müxtəlif yaradıcılıq metodlarına mənsub olan sənətkarlara həsr edilmiş və say etibarı xeyli məqaləsində rast gəlinən faktlardır.  Bu faktlar sübut edir ki, İsa Həbibbəylinin ayrı-ayrı sənətkarların həyat və yaradıcılığına həsr edilmiş məqalələri bizim ədəbiyyatşünaslığın magistral xətti üzərində yerləşən və həmişə bir-birini səsləyən, bir-birini tamamlayan məntəqələri xatırladır. Bu məntəqələrin birindən digərinə çox rahatlıqla keçmək olur, çünki onları bir-birinə möhkəm və qırılmaz ideya-bədii istiqamətlərə yönəlmiş müasir ədəbi-elmi düşüncə bağlayır.

Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!