“Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub - FOTOLAR

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin beşinci, altıncı və doqquzuncu cildlərinin təqdimatı keçirilib. Beşinci cilddə XIX əsrdə, altıncı cilddə XX əsrin əvvəllərində Azərbaycanda yaranmış ədəbiyyat tədqiq olunub. Doqquzuncu cild isə Cənubi Azərbaycan ədəbiyyatından bəhs edir.

Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutundan bildirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, bu vaxta qədər yeddi cild çapdan çıxıb. Bu, Ədəbiyyat İnstitutunun böyük nailiyyətidir. Bütün şöbələr işə məsuliyyətlə yanaşır. Digər cildlərin bir neçə aya işıq üzü görməsi nəzərdə tutulur. “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi institutumuzun 90 illiyinə ən böyük hədiyyə ola bilər. Oncildlik Azərbaycan ədəbiyyatı tarixinin yazılması Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində bir hadisədir. Gələcək tədqiqatlar üçün möhtəşəm mənbə, istiqamətdir. Burada dövrləşdirmə, sistemləşdirmə işləri də aparılıb, yalnız ədəbiyyat tarixi işi deyil, nəzəri tərəflər də var. Kifayət qədər ilk dəfə haqqında oçerk yazılmış müəlliflər var.

Qeyd olunub ki, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi İslam Qəriblinin rəhbərliyi ilə beşinci və altıncı cildi hazırlayıb. Beşinci cild Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrünü, altıncı cild Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxasını əhatə edir. Şöbə cildləri hazırlayarkən arxivə, mətbuat tarixinə yenidən müraciət edib.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Rəhim Əliyevin rəhbərliyi ilə doqquzuncu cildi hazırlayıb. Bu cilddə yalnız yazıçıların tərcümeyi-halı və yaradıcılığı əhatə olunmur, ciddi dövrləşdirmə aparılıb. Oçerklər həmin dövrləşdirməyə uyğun verilib. İndiyə qədər ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu həcmdə əsər çap olunmayıb.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental kitablar böyük zəhmətin hesabına başa gəlib. Bu cildlərdə hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və əhatəli portret-oçerkləri verilib.

Tədbirdə çıxış edənlər nəşrlərin əhəmiyyətindən danışıblar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!