Vaqif YUSİFLİ
Son illərdə bizim poeziyada qəzələ - bu klassik şeir formasına tez-tez müraciət olunur. "Qəzəl de ki, məşhuri-dövran ola"- Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. "Böyük Füzulimizin yadigarı mən özüməm" - deyirdi Vahid və XX əsrdə elə Vahidin özünün də neçə yadigarı qəzəli süqut etməyə qoymadılar. Hacı Mail, Seyidağa, Ələkbər Şahid, Əliağa Bakir, Şahin Fazil, Ənvər Nəzərli, Mahcamal, Gülarə Munis, Sona Xəyal Vahid yolunu tutdular. Hacı Ələmdar Mahir isə qəzəldə ürfani mənalara üz tutdu. Bu gün cavanlardan İlqar Fəhmi, Arif Buzovnalı, Yasin Xəlil və başqa şairlərimiz də qəzəli yaşadırlar. Əlbəttə, etiraf edək ki, qəzəl dünyamızda nə ikinci Füzuli, nə ikinci Seyid Əzim Şirvani, nə də ikinci Vahid peyda olub. Bəlkə heç ikincilərə ehtiyac da yoxdu. İndi XXI əsrdir və qəzəl aləminə təşrif buyuran hər bir "müsafir" çalışır ki, klassik qəzəl ənənəsini yaşada bilsin və "köhnə hava"da təzə söz deməyi bacarsın. Əlbəttə, təzə söz demək çox çətindir, özü də əsrlər boyu qəzəllərdə işlənən ərəb və fars tərkibli sözlərdən, ifadələrdən qaçmaq da mümkün deyil. Hətta qəzəldə daha çox milli ədəbi dilimizə xas olan sözlər də işlənir, amma təbii ki, qəzəlin mahiyyəti sanki dəyişmir, IX-X yüzillikdə yaşamış Qüdamə ibn Cəfərin "Nəqd-əş-şeir" əsərində deyildiyi kimi: "Qəzəl - bu məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Təkcə qadınlara məhəbbətmi? Təkcə o yox…Çünki dini, fəlsəfi, ictimai-siyasi mənalarla da zəngindir.
Cəlilabadda yaşayan Mirkamil Mirxəliloğlu bugünkü müasir qəzəl aləminin bir nümayəndəsidir və artıq onun bir neçə "Qəzəllər" kitabı və iki "Divan"ı nəşr olunub. Üçüncü "Divan"ını da çapa hazırlayır. Təxəllüsü də Seyiddir. Elə özü də seyid nəslindəndir. Seyid Əzim Şirvanidən sonra bu təxəllüslə qəzəl yazmaq cəsarət deyilmi? Amma Mirkamil buna cəsarət kimi yox, Seyid Əzimə ehtiram əlaməti kimi yanaşır. Etiraf edir ki, onun qəzəl yazmağına, klassik poeziyaya heyranlığına da Seyid Əzim "bais" olub. Seyid Əzim qəzəllərindəki o şirinlik, o poetik ləfz, bədii təsvir rəngarəngliyi Mirkamili qəzəl əhlinə çevirib.
Sariban, çək qatarı kuyi-biyabana gedək.
Müşgülün həlli üçün, dərdimi bəyana gedək.
Mənə buta verilib aləmi-röyamda, inan,
Röyanın mənasını yozmağa Kənana gedək.
Yaqubu kor eləyən Yusifin hicran qəmidir,
Qəmi yandırmaq üçün Misirdə divana gedək.
Seyyida, saribana sən ki, uğurlar dilədin,
Dərdlərə dəva qılan Kəbeyi-sultana gedək.
Hiss edirsinizmi, Mirkamilin bu qəzəlində Seyid Əzim Şirvanidən nəsə "bir dad, bir duz" var. Mirkamilin evində bir kitab rəfi var və o kitab rəfində bizim bütün klassiklərimizin (Nizaminin, Nəsiminin, Füzulinin, Kişvərinin, Həbibinin, Xətainin, S.Ə.Şirvaninin, Nəbatinin, Natəvanın, Vahidin) şeir kitabları yan-yana düzülüb və Mirkamil deyir ki, hər gün, səhər namazından sonra onların şeir kitablarını vərəqləyir, hansı qəzəlisə oxuyur, ruhən dincəlir, rahatlıq tapır, feyz alıram.
Bütün qəzəllərində Aşiqlə Məşuqun hekayəti nəql edilir. Klassik qəzəllərdə olduğu kimi, gözəlin canlı surətini rəsm edir. Təşbihlər düzümü, mübaliğələr, metaforalar bir-birini əvəz edir.
Bu gələn kimdir görən, camalı Aydan yaxşıdır,
Bir salam versə əgər, şah verən paydan yaxşıdır.
***
İntihar etmək qərarım yarı məyus elədi,
Allah-Allah, bu gözəl mələkmiş, insan olmadı!
***
Bax atəşimə kənaridən, həzz al,
Gündüzlər məşələm, gecələr çıraq.
***
Hüsnünün sevdasına ömrü giriftar etmişəm,
Bağrımı kökləyərək nalə çəkən tar etmişəm.
Bu beytləri oxuyanda özünü sanki Orta əsrlərdə hiss edirsən. Amma Mirkamilin Aşiq obrazı bu günün, bu çağın eşq əhlidir, sadəcə, o öz Aşiq babalarının eşq dərsini yaxşı mənimsəyib. Bu qəzəlləri oxuyanda istər-istəməz Füzulinin "Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda" kəlamını xatırlayırsan. Eşqin insan qəlbinə, insan ruhuna necə hakim kəsildiyini, sevgisiz, məhəbbətsiz yaşamağın mümkün olmadığı qənaətinə gəlirsən.
Məlumdur ki, Divan bağlamaq ənənəsi qədimdən gəlir. Azərbaycan ədəbiyyatında ilk Divanın müəllifi Qətran Təbrizidir. XIV yüzillikdə isə Qazi Bürhanəddinin şeirlər Divanı doğma Azərbaycan türkcəsi ilə qələmə alınmış və günümüzə tam şəkildə gəlib çatan ilk Divan örnəyi sayılır. Mərhum ədəbiyyat tarixçimiz Əlyar Səfərli yazırdı ki, Divan ədəbiyyatında ideya-mövzu qaynaqları çox zəngin və rəngarəngdir, burada Quran ayələri və hədislər, təsəvvüf ideyaları mühüm yer tutur. Divan ədəbiyyatında məhəbbət mövzusu baş mövzu sayılır. Aşiq, Məşuq və Rəqib surətləri Divan şeirində xüsusi yer tutur. Tərənnüm olunan eşq dünyəvi, ilahi, insani, idraki çalardadır. Mirkamilin heç şübhəsiz, bütün bunlardan xəbəri var və mən onun Divan ədəbiyyatının həm məzmun, həm də texniki tərəflərinə yaxşı bələd olduğunu gördüm. Lap klassik divanlarda olduğu kimi, əvvəl sözə başlamaq üçün "Bağışlayan, Rəhmli, Mehriban Allahın adıyla" bir Dibaçə gəlir, sonra Allahın, Peyğəmbərin, İmam Əlinin mədhi. İslami dəyərlər, dinimizə ehtiram bu mədhlərin, minacatların ruhunu təşkil edir. Müasir divanlarda klassik şeirin müxtəlif janrları əhatə olunur və bu cəhətdən klassik divanlardan fərqli xüsusiyyətləri ilə seçilir. Mən Mirkamilin hər iki divanına nəzər yetirdim və bunun əyani şahidi oldum ki, o, klassik şeir formalarına yaxşı bələddir. Çalışır ki, Divanda onların hamısını əhatə edə bilsin. Qəsidələr, qəzəllər, tərcibəndlər, tərkibbəndlər, müstəzadlar, mürəbbelər, müxəmməslər, müsəddəslər, saqinamələr, mərsiyələr, fəxriyyələr, məsnəvilər, qitələr, qoşabeytlər, təkbeytlər, rübailər…
Bir sözlə, Mirkamil Mirxəliloğlu müasir şeirimizdə qəzəl və rübai istisna olunmaqla çox nadir hallarda müraciət olunan klassik şeir şəkillərinin hamısında gücünü sınayır. Təbii ki, heç də hamısında uğur qazana bilməz, amma bugünkü cavan ədəbi nəsil üçün bunlar bir örnək olmalıdır.
Mirkamil Mirxəliloğlunun bu günlərdə 75 yaşı tamam olur. Amma nə yazmaqdan, nə də mütaliədən yorulmur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və vaxt tapıb Bakıya gəlir, ilk növbədə dostu Fikrət Qocaya baş çəkir,"Natəvan" klubundakı tədbirlərdə iştirak edir, bu birgünlük "səyahət" kitab mağazalarında sona yetir. Sonra yenə Cəlilabad, yenə yazı masası və sözə sığınmaq.
Söz quludur bu dilim, sahibini axtarır,
Söz özü tacidardır, talibini axtarır.
Söz-qələmin əsəri, oxu, axtar hünəri
Hünər-qeyrət rəmzidir, xilas edər bəşəri.
Mirkamil təlimini əcdadından alıbdı,
Sözünün qüdrətiylə yaşayıb-yaradıbdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!