2019-cu ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların müəyyənləşdirilməsi və onlara dair araşdırma layihəsinə start verilib.
Azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair xeyli əlyazma nüsxələri aşkarlanıb.
Qeyd olunan nəşrlərin arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəfis şəkildə nəşr edilib.
1535-ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş Xətainin anadilli “Divan”ının bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin gözəlliyi və qədimliyi baxımından deyil, habelə Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbədir.
Əlyazmanın xəttatı Azərbaycan xəttatlıq məktəbinin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişaburidir. Əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin gözəl və dəyərli elementləri öz əksini tapıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində çap olunan “Xətayi “Divan”ının Daşkənd nüsxəsi”nin fotofaksimilelinin nəşri mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində olduqca əhəmiyyətlidir.
Nəşrə “Ön söz” yazan mədəniyyət naziri Anar Kərimov Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, rəngarəng incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək əsrarəngiz ədəbiyyata sahib olduğunu qeyd edir.
Nazir vurğulayır ki, Xətai klassik Azərbaycan poeziyasının istedadlı şairi, incəsənət bilicisi olaraq xalqımıza Azərbaycan dilinin ən gözəl incilərindən ibarət poetik nümunələr miras qoymuşdur. O, söz, sənət ustadı olan böyük sərkərdənin qələmindən süzülüb gəlmiş poetik nümunələrin neçə yüzillərdir ki, klassik poeziyamızda, aşıq yaradıcılığında, musiqimizdə, incəsənətimizdə öz dərin təsirini göstərdiyini qeyd edir. “Ön söz”də yazılır ki, şairin yaradıcılığı Azərbaycan dilinin tarixi inkişaf mərhələsini öyrənən dilçi alimlərimiz üçün də əsas meyar və zəngin bir mənbədir.
Qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının onlarla əlyazma nüsxələri dünyanın bir çox muzey və kitabxanalarında qorunub saxlanır. Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə də Xətai əsərlərinin 25-ə yaxın qədim əlyazma nüsxələri vardır. Bu əlyazmalardan ikisi isə Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunur ki, onlardan da biri prioritet nüsxədir. Həcmi 84 vərəq (168 səhifə) olan əlyazmanın səhifələri kənarları təhzib ornamentləri əks olunub. Əlyazmanın bütün səhifələrinin ətrafı və xüsusilə də “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib, qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə işlənilib.
Xətai əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsi alimlər tərəfindən yüksək qiymətləndirilib və tarixi baxımdan böyük dəyərə sahibdir. Bu səbəbdən də onun kitab halında nəşri zərurəti meydana çıxmışdır.
Sözügedən əlyazmanın fotofaksimileli nəşrində əsas məqsədlərindən biri də Xətainin qeyd olunan əlyazma əsərinin timsalında Azərbaycan kitabının zəngin tarixi, kitabçılıq sənətimizdə incəsənətin, zövq və estetikanın yüksəkliyi, milli mədəniyyətimizdə kitaba verilən yüksək dəyərin ölçüsü, ümumilikdə isə Azərbaycan poeziyası ilə incəsənətin müştərək şəkildə meydana gətirdiyi maddi mədəniyyət nümunələrini təqdim etməkdir.
Ümumilikdə “Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi” nəşri klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif və nəfis incilərindəndir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycana dair qiymətli əlyazmaların tədqiqi və nəşrini həyata keçirmək üçün uzun müddətdir ki, mütəxəssislərlə birgə sistemli iş aparılır və Xətai yaradıcılığı ilə yanaşı Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığına dair Özbəkistanda çoxsaylı əlyazma nüsxələri müəyyənləşdirilib və gələcəkdə onlara dair tədqiqat işləri, layihələr icra olunacaqdır.
Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!