Şeirlər - Pərviz Əbil

Pərviz Əbil 2002-ci ildə Salyan rayonunda anadan olub. Salyan rayonu 6 saylı tam orta məktəbin şagirdidir.

Tilsim

Sənin soyuqluğun işlədi cana,

Ruhumu don vurdu, cismim daraldı.

Sənsiz ölə-ölə yaşadım, amma

Ürəyim "sən" adlı fəsildə qaldı.

 

Məni tərk etdiyin günümdən başqa,

Hər şeyi unudub yaddaşım daha.

Kədər ağacını suvarmaq üçün,

İçimə süzülür göz yaşım daha.

 

Sənsizliklə öldüm diri gözünə,

Boğuldum həsrətin yağışlarında.

Öldü uşaq kimi arxanca qaçan

əliboş qayıdan baxışlarım da…

 

Sənsiz evimiz də mənə bənzəyir.

Qayıt, sənsizliyə dözmürük axı…

Açılmaz tilsimə salmısan bizi,

Məndə qəlb açılmır, bu evdə qapı.

 

Balaca...

Oxunmur alın yazın qaralıqdan, balaca,

Allah ki ağ yazmışdı alnındakı yazını.

Sənin alın yazını

kim qaraldıb beləcə?

 

Heç bilmirsən həyat nədir,

Həyat körpə qucağına

nisgil tumu əkir, uşaq.

Ürəyinin dəyirmanı yalnızlığın küləyilə

dərd üyüdür.

Çiyinlərin səndən böyük

dərd yükünü,

söylə, necə daşıyacaq?

 

"Ah" çəkmisən Yer titrəyib

göydə Allah ağlayıb.

"Yetimlik" sindromu iç evini qurudub.

Dərdlərinin sayını

heç özün də bilmirsən,

Dərdlərinin sayını Allahın da unudub.

 

Körpə, baxma qapıya!

Baxmaq ağrı-acını üzərinə yeridir.

O qapının qarşısı min cinayət yeridir.

Elə bilmə onlar yalnız səni

                        atdı bu qapının önünə.

İnan ki, yox...

Onlar səni,

Vicdanını,

Allahını atıb getdi bu qapının önünə!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!