Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya işgüzar səfəri çərçivəsində Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti dr Həməd bin Əbdüləziz Əl-Kuvari ilə görüşüb.
Görüşdə Fond ilə Qətər Milli Kitabxanası arasında yaranan yeni əməkdaşlıq əlaqələrinin Türk və ərəb dünyasının ümumbəşəri dəyərlərinin tanıdılmasına xüsusi töhfələr verəcəyi qeyd edilib. Fondun fəaliyyət göstərdiyi illər ərzində Türk dövlətləri ilə yanaşı, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu təqdir edilib və təşkilat dünya xalqlarının mədəniyyətlərini bir-birinə yaxınlaşdıran körpü kimi qiymətləndirilib. Fond tərəfindən ərəb dilində “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının çap etdirilməsinin ərəb və Türk Dünyası arasındakı mədəni əlaqələrin inkişafına təsir göstərdiyi bildirilib.
Görüşdə Fond ilə Qətər Milli Kitabxanası arasında imzalanacaq Memorandumun və gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov iştirak edib.
Sonda Fondun prezidenti Günay Əfəndiyeva kitabxananı gəzərək, qədim əlyazmalar və kitablarla tanış olub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!