Aqşin Yenisey “Ədibin Evi”ndə gənc oxucuları ilə görüşüb - FOTOLAR

 

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə TEAS Press Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində yazıçı, şair və publisist Aqşin Yeniseyin gənc oxucularla görüşü keçirilib.

“Ədibin Evi”ndən bildirilib ki, görüşdə “Nə oxumalı: nəsr, poeziya, yoxsa elmi ədəbiyyat” mövzusu araşdırılıb. Aqşin Yenisey bu ədəbi üslubların fərqləri, yazıçının üstünlük verdiyi formalar və oxucu baxımdan ədəbi zövqə təsiri barədə fikirlərini bölüşüb. O, həmçinin gənc oxucular tərəfindən sevilən əsərlərinin yaranması prosesindən maraqlı faktları açıqlayıb.

Müasir ədəbi məktəbin qurulması vacibliyini vurğulayan Aqşin Yenisey yazıçı peşəsində tək ilham deyil, intizamın da böyük rol oynadığını qeyd edib: “Hər gün yazmaq lazımdır. İndiki yazıçılar gəlir əldə etmək üçün qəzetlərlə əməkdaşlıq edirlər. Bu, onları əsər üzərində işləməkdən yayındırsa da, qələmlərini hazırlıqlı saxlamaqda kömək edir”.

Aqşin Yeniseylə görüş gənc oxucularla sual-cavab hissəsində sosial məsələlərin ədəbi mövzulara təsirini əhatə edib.

Oxucularla canlı ünsiyyətə görə minnətdarlığını bildirən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdəki ünvanı olan bu məkanın ədəbi müzakirələrə həmişə yer verdiyini bildirib. Gənclərin dünyagörüşü, tənqidi düşüncə tərzinin inkişafı və özünü tanıması üçün oxu vərdişinin vacibliyini xatırladan Şəfəq Mehrəliyeva TEAS Press Nəşriyyat Evi ilə başlanılan bu ədəbi mühazirələrin də ənənə şəklini alacağını məmnunluqla qeyd edib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!