"Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Anarla görüş keçirilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

İdarədən bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Günay Firudinqızı belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb. Qeyd edilib ki, yazıçının yaradıcılığında vətənpərvərlik, milli kökə, soya dərindən bağlılıq müxtəlif şəkillərdə təzahür edir. Ədəbiyyatımızda Anar Rzayev imzasının, möhürünün xüsusi yeri, mövqeyi olduğunu, yazı mədəniyyəti, dil-üslub keyfiyyəti, sənətkarlıq xüsusiyyətlərinin əsərlərində yüksək səviyyədə olmasından ətraflı bəhs edilib.

Daha sonra yazıcı Anar Şuşada yaşadığı sevinci oxucularla paylaşaraq qeyd edib ki, bu, bizim həm mənəvi, həm hərbi, həm də siyasi Zəfərimizdir.

Tədbir diskussiya şəraitində davam etdirilib. Tədbir iştirakçıları Xalq yazıçısına maraqlı suallar ünvanlayıb.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək Xalq yazıçısının yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar.

Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.

Tədbir zamanı yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!