“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.
Dərgi Cəlil Cavanşirin “Özüylə söhbəti” və “Gənc şairin dilemması” adlı hekayəsi ilə açılır.
“Şeir vaxtı” rubrikasında Gülay Tahirli, Təvəkgül Boysunar, Adilə Nəzər, Rüfət Vahidov, Sabir Yusifoğlu, Qədiməli Əhməd, Elmar Vüqarlı və Güləmail Muradın poeziya nümunələrinə, eləcə də “Debüt”də gənc şair Azər Ərzinin şeirlərinə yer verilib.
Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi”ni Ralf Emerson, Mark Tven, Bernard Şou, Jül Renar, Ayzek Azimov və Rey Bredberinin kəlamları bəzəyir. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının “Yazı həm də xilas yoludur” başlıqlı yazısı Taleh Mansurun “Cənnətlik günah” adlı hekayələr kitabından yadda qalan təəssüratları əhatə edir.
Nəsrsevərlər Elşən Əzimin “Pəncərə” və “Rəqiblər”, Məmməd Məmmədlinin “Arafın dərin qatlarında”, Günel Mehrinin “Xoşbəxtlik iksiri” hekayələrini oxuya biləcəklər.
Mina Rəşidin “Böyük insan” yazısında görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür və yaradıcılıq yoluna nəzər salınır. Dərginin redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirin “Beynəlxalq dərgilər sərgi-yarmarkasının təəssüratları” sərlövhəli yazısı 8-12 iyun aralığında İstanbulda keçirilmiş sərgi-yarmarkasından bəhs edir. Qeyd edək ki, müəllif sözügedən sərgi-yarmarkada “Ulduz” jurnalını təmsil edib. Dramaturq Əli Əmirlinin ənənəvi “Ustad dərsləri”nin növbəti mövzusu “Dramaturq və tənqid”dir. Filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin “Oğurlanmış sözlər” tənqidi essesi ədəbiyyatda plagiat probleminə işıq tutur.
“Tərcümə saatı”nda Əkbər Rzayevin çevirməsində Amerika yazıçısı Hovard Fillips Lavkraftın “Ultarın pişikləri” hekayəsi təqdim edilib. Mustafa Çəmənlinin “Ötən günlərdən səhifələr” başlıqlı xatirə yazısı Xurşidbanu Natəvanın 190 illik yubileyinə yazıçı töhfəsidir. Nurlana Umudvarın “Böyükdən uşağa” rubrikasında yer almış “Ayçil yuxu gördü”, “Ağ şar”, “Kassadakı dələ” və digər hekayələri balaca oxucuların marağına səbəb olacaq.
Nəhayət, “Dərgidə kitab” rubrikasında Nemət Mətinin hekayələri, “Dərgidə sərgi”də isə gənc rəssam Aytac Cahangirin rəsm əsərləri yer alıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!