Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Romada yerləşən “Sandro Teti” Nəşriyyatının təsisçisi Sandro Teti və bir qrup nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Fond ilə “Sandro Teti” Nəşriyyatı arasındakı mövcud tərəfdaşlığın daha da genişlənməsi mövzusunda danışıqlar aparılıb. Görüşdə Fond tərəfindən İtalyada "Sandro Teti" Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində çap olunan “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” və "Nəsimi poeziyası" kitabları Türk dəyərlərinin Avropada təbliğində mühüm addım kimi dəyərləndirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, təşkilat tərəfindən Türk Dünyasının mədəniyyətinin, tarixinin təbliği istiqamətində görülən işlərin yalnız Türk dövlətlərində deyil, eyni zamanda Avropada da maraqla qarşılandığı vurğulanıb.
Görüşdə Türk Dünyasının dahi şəxsiyyətlərinin zəngin irsinin tanıdılması yönündə silsilə kitabların nəşr olunmasının davam etdirilməsiylə bağlı fikir mübadiləsi aparılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!