Postmodernizm, istehza və zövq - Umberto Eko

Eko bədii yaradıcılığın kommunikativ təbiətini öyrənən və bu sahədə monumental elmi əsərlərin müəllifidir. “Adı Rozadır” romanı ona dünya şöhrəti gətirdi. Bu romanla o, açıq modernist “eksperimental” əsərlərdən fərqli olaraq neoavanqardçılara sübut etdi ki, fərqli əsərlər də yaratmaq mümkündür. Eko öz romanı ilə Aristotelin “Poetika”sına əsaslanaraq yeni nəzəri fikirlər irəli sürür. O da böyük yunan filosofu kimi demək istəyir ki, incəsənət ilk növbədə insanları öyrətməlidir. Ədəbiyyat əyləncəli olmamalıdır, baxmayaraq ki, orada əyləncəni də görmək mümkündür. Məsələ burasındadır ki, alimlər ədəbiyyatı iki cəbhəyə bölürlər: ciddi ədəbiyyat və “kütləvi” ədəbiyyat. Bununla, oxucular da iki hissəyə bölünür. Eko göstərir ki, yazıçının borcu oxucunu düzgün istiqamətləndirməkdən ibarətdir. Yazıçı oxucunu biliklərlə təmin etməyi bacarmalıdır. Başqa sözlə, kitab oxucusunu formalaşdırmalıdır. Yazıçı romanı elə yazmalıdır ki, oxucu onu bir neçə dəfə oxumağa təşəbbüs göstərsin və orada özündən bir hissəni tapa bilsin. Buna təkcə ənənəvi yaradıcılıq üsulları ilə deyil, yazıçı intellektinin səviyyəsi əsas rol oynamalıdır. Ekonun fikrincə, modernist ədəbiyyat heç də mövcud ədəbi qaydaların əleyhinə getmək demək deyil, modernizm yazıçının təfəkküründən doğulmalıdır. Amma ənənəvi ədəbiyyatın özünə də istehzalı münasibət mümkündür, çünki çox vaxt ənənəçilik heç də həmişə oxuyucuya xeyir verə bilmir və müəyyən mənada fikirlərin, ideyaların təkrarına çevrilir. Əsərin poetikası olmalıdır ki, müəllif öz fikirlərini bədii estetik cəhətdən əsaslandıra bilsin. Eko vəziyyətdən çıxış yolunu “Postmodernizm”in poetikasında görür. Məhz avanqardçılar da bundan sonra yuxudan ayıldılar. Onlar çalışdılar ki, özlərini maksimum dərəcədə ifadə etməyi bacarsınlar.

1965-ci ildən bu günə kimi mənim üçün iki fikir tam aydındır. Biri budur ki,  süjeti danışılan digər süjetlərin özündə də axtarıb tapmaq olar. Lakin nəql edilən  süjetin özü də bir o qədər barışdırıcı olmasın. Odur ki, əsas süjeti danışılan əhvalatın özündə tapmaq lazımdır. Belə ki, nəsə üsyankar, kifayət qədər problem məsələlərdən yazmaq olar və bundan gözəl bir roman alınar. Bu təkcə süjetin axtarışı ilə deyil,  süjetin zövqlə yazılmasından asılıdır. Bunu postmodernizmin amerikalı nəzəriyyəçiləri yerinə yetirməli idilər. Təəssüf ki, “postmodernizm” terminini nəyə desən aid etmək olar. İndi bu sözü tez-tez işlədirlər. Digər tərəfdən,  indi bəziləri bu sözün mənasını keçmişə aparmaq istəyirlər. Əvvəlcə belə dedilər ki, postmodernizm son 20 ildə yazan bəzi yazıçılara uyğun gəlir. Sonra isə bu sözü əsrin əvvəlinə aid etməyə başladılar. Daha sonra keçmiş zamanlara, indi də onu lap qədim zamanlara aparmaqda davam edirlər. Belə getsə, bu  cənablar Homerin özünü də postmodernist adlandıracaqlar. 

Ümumiyyətlə, mənə görə “postmodernizm” bir təmayüldür, onu hər hansı bir zamana aid etmək düzgün deyil. Postmodernizm mənəvi kateqoriyaya aiddir. Yəni  fəaliyyət üçün bir vasitə olaraq, incəsənətə can atmaq deməkdir. Demək olar ki, hər bir epoxanın özünün postmodernizmi var. Necə ki, hər bir zamanın manerizmi mövcuddur. Bundan başqa, mənə elə gəlir ki,  metotarixi kateqoriya kimi postmodernizm elə manerizmin müasir anlamındadır. Keçmiş dövrün hər hansı bir epoxasını araşdırsaq, nəticədə görərik ki, hər epoxanın böhran dövrü olub. Necə ki, Nitsşe özünün “Yersiz düşüncələr” əsərində göstərir. Keçmiş bizə şərt qoyur, bizim ətəyimizdən tutub buraxmaq istəmir, ona lazım olanda şantaja da əl atır. Mən avanqard cərəyanını da metatarixi təzahür kimi qəbul edirəm.  Bundan əvvəl avanqardçılar çalışırdılar ki, keçmişdən canını qurtarsınlar. Hər bir avanqardın futurist şüarı beləydi: “Rədd olsun ay işığı!” Bu şüar hər bir avanqardçının tipik proqramı idi. Onlar ayın işığını başqa bir münasib şeylə əvəzləməyi təkidlə tələb edirdilər.  Avanqardçılar keçmişi darmadağın edir, təmayül obrazlığı rədd edirlər. “Avinyonlu qızlar” əsəri tipik avanqard ədasıyla yazılıb. Bundan sonra avanqardçılar obrazları məhv edərək daha irəli gedirlər. O qədər uzaq gedirlər ki, gəlib abstraksiyaya, formasızlığa, ağ  və yaxud üstünə cəfəng, eybəcər fiqurlar yaxılmış, ya da yandırılmış kətana dirənirlər. Arxitekturada bunu divara oxşar xətlərlə, binanın üstünə nəsə yazılmış plitəylə, təmiz görkəmdə paralelopiped fiqurlarla təqdim edilir. Ədəbiyyatda isə danışıq dilini eybəcərləşdirməklə, Borrouzanın yolu ilə gedərək, dili kollaj səviyyəsinə endirirlər. Tam sakitlik, ya da ağ səhifə...

Musiqidə isə görünür bir qədər başqa cürdür. Tonallığın, səs qammalarının pozulmuş yığıntılarından ibarət hay-küy, bir qədər də davam etdikdən sonra mütləq sakitliyə keçirlər. Bu mənada Kecin gəncliyi nümunə kimi göstərilə bilər.

Nəhayət, o an gəlib çatır ki, artıq avanqarda (modernizmə) getməyə yer qalmayır. Axı o artıq özünün danışıq tərzini yaradıb. Həmin dildə aydın olmayan mətnlər tələffüz edilir (kimsəyə çatmayan incəsənət). Postmodernizmin modernizmə cavabı bundan ibarətdir ki, o keçmişi qəbul edir: birdən-birə onu məhv etmək istəmir.  Çünki belə getsə, biz tam susaraq, lal kimi durub dayanmalıyıq.  Bu məsələyə yenidən baxmaq lazımdır. İstehzayla baxmaq lazımdır. Ayıq başla baxmaq lazımdır. Mənə elə gəlir ki, postmodernizmə münasibət insana  yanaşma kimidir. Elə bil təhsil görmüş xanıma vurulursan. O bilir ki, bu sözləri deyə bilməz: “Mən dəlicəsinə səni sevirəm”. Ona görə ki, o bilir   bunu Lyala yazıb. Amma burda çıxış yolu da var. O deyə bilər: “Lyala necə deyərdi, mən səni dəlicəsinə sevirəm!” Bununla da yalançı günahsızlığın üstünü örtmək mümkündür. Günahsız olaraq danışığı aparmaq artıq mümkün deyil. Son anda deyəcək ki, vaxt gələcək onu itirdiyi sadəlövhlüklə sevəcək. Əgər bu oyunu qız başa düşürsə,  o, həmin an anlayacaq ki, bu ifadələr sevgi elan etmək deməkdir. Beləliklə, onların heç biri özlərini günahkar hesab etməyəcək. Hər ikisi keçmişi qəbul edəcək, çünki onlardan əvvəl də bu ifadələr işlədilib və bunu tam məhv etmək mümkün deyil. Onların hər ikisi şüurlu surətdə və həvəslə  bu oyunu oynayacaqlar. Ancaq onlar bir daha məhəbbət haqqında danışmayacaqlar.

İstehza kvadrat içərisində təkrar edilən söz oyunudur. Buna görə də, əgər modernizmdə kimsə bu oyun qaydasını bilmirsə, əlacı budur ki, onu inkar etsin. Amma postmodernizmdə oyun qaydasını bilmədən bütün bunları ciddi qəbul etmək lazım gəlir. Məhz bu, istehzanın xarakterik xüsusiyyətidir. İstehzanı ciddi şəkildə qəbul edən adamı hər vaxt qəbul etmək mümkündür. Düşünürəm ki, Pikassonun, Xuan Qrisin, Brakın kollajları modernizmə aiddir. Buna görə də sadə publika onları qəbul etmir. Lakin Maks Ernstin kollajı - bax, bu postmodernizmdir. Çünki o, rəsmlərini XIX əsrə aid olan qravüra fraqmentlərini üst-üstə yığıb. Bunu  bəlkə də, fantastik hekayə kimi də qəbul etmək mümkündür. Elə bil, gördüyün yuxunu danışırsan. Bəzən özün də hiss etmirsən ki, sən qravüra haqqında düşünürsən. Bəlkə də sən elə kollajın özündən danışırsan. Əgər bu  doğrudan da postmodernizmdirsə, onda aydın olur ki, nə üçün Stern və Rableni postmodernizmə aid edirlər. Axı buna qədər Borxes də postmodernizmə aid edilirdi. Görünür,  rəssamın özü də bilmədən yaradıcılığında bir-birinin ardınca növbə ilə modernizmin və postmodernizmin elementlərini işlədir. Görün, Coysla nə baş verir. Onun  “Portret” əsəri modern ruhunda çəkilmişdir. Baxmayaraq ki, onun “Dublinlilər” əsəri “Portret”dən əvvəl yaranıb, “Ulis” əsəri isə ikisinin sərhədində dayanır. Lakin, “Finnegen sayağı xatirə” artıq  postmodernizmdir. Ya da postmodernizmin əvvəlidir. Bu əsərdə o,  bundan əvvəl deyilənlərdən imtina etmir. Lakin onlara  istehza ilə yanaşır.

Postmodernizm haqqında  hər şey deyilib. 1967-ci ildə Con Bartın “Ədəbiyyatda  tükənmə” oçerki kimi yazılar “Kalibano” jurnalının 7-ci sayında bu yaxınlarda dərc edilib.  Oçerk Amerika postmodernistlərinə həsr edilib. Əlbəttə, Bart da daxil olmaqla postmodernizm nəzəriyyəçilərinin yarlıkları ilə bütün deyilənlər üst-üstə düşmür. Onlar həmin bu yarlıkları yazıçıların və rəssamlarn boynuna zorla asırlar. Biri postmodernistdir, o biri isə hələ yox. Məni bu istiqamətin nəzəriyyəçisi olanların gəldiyi qənaət maraqlandırır. Onlar öz nəzəri fikirləri ilə bu nəticəyə gəlirlər. Bunun müqabilində mən də deyirəm: “Mənim üçün ideal postmodernist yazıçı keçmişi yamsılamaqla deyil, XX əsrdə yaşayan atalarının və XIX əsrdə yaşayan babalarının dediklərini inkar etməyənlərdir. O, modernizmi qəbul etsə, də ayağını postmodernistlərin boğazına dirəmir… Bəlkə yazıçı bunu arzulamır, diqqəti cəlb etmək istəmir, ya da Ceyms Miçiner və İrvinq Uelsi sevənləri narahat etmək istəmir. Hələ biz savadsız insanların beyinlərini kirşanlayan kütləvi kommunikasiyadan danışmırıq. Lakin o ümid edir ki, Tomas Manın dediyi kimi, ilk xristian və incəsənət fanatiklərinin diqqətini kütləvi şəkildə cəlb edəcəyinə ümidini itirmir. İdeal postmodernist roman realizmin və qeyri-realizmin, formalizmin və  “süjetizmin”, ədəbiyyat ədəbiyyat üçündür və ədəbiyyat onu oxuyanlar üçündür, elitar ədəbiyyat və kütləvi ədəbiyyat, bütün bunların tənqidindən aşıb keçən əsər postmodernist roman adlanır. Mən burada yaxşı caz əsəri ilə yaxşı klassik musiqinin arasında analogiyanı aparmaq istərdim. Adətən, belə musiqi əsərlərinə ilk dəfə qulaq asanda, bir o qədər də  onu başa düşmürsən. Lazımdır ki, elə ilk dəfədən təkrar olaraq onu dinləyəsən. Bu eyni dərəcədə mütəxəssislərə və həvəskarlara da aiddir. 

Bart 1980-ci ildə yenidən bu mövzuya qayıtdı. Lakin bu dəfə o, “Ədəbiyyatda bütövlük” adlı oçerkini 1981- ci ildə həmin “Kalibano” jurnalında dərc etdirir.  Bəli, Lesli Fidler kimi paradoksal dərəcədə dəyişib geriyə qayıtmaq  mümkündür.  Bu yaxınlarda o, çap edilən “Kölgəli xətt” jurnalında digər amerikalı müəlliflə müsahib olur. Əlbəttə, Fidler ona çağırış edir. O, “Sonuncu mogikan” qotik macəra ədəbiyyatını tərifləməyə başlayır və soruşur: - Bir daha “Tom dayının koması” kimi əsər yaranacaqmı ki, onu mətbəxdə, qonaq və uşaq otaqlarında eyni dərəcədə maraqla oxusunlar? O, Şekspir yaradıcılığını “Küləklə sovrulanlar” kimi əyləncə əsərlərlə eyni səviyyədə tutur. O, bizə məşhur tənqidçi kimi məlumdur, bəlkə də onun özü buna o qədər də inanmır. Sadəcə olaraq o, incəsənətlə zövq arasındakı divarı vurub dağıtmaq istəyir. Başa düşür ki, indiki zamanda geniş oxucu kütləsinin diqqətini cəlb etmək üçün avanqard üslubda yazmaq lazımdır.

Tərcümə  etdi:  Zakir ABBAS

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!