Danılmaz faktdır ki, ədəbiyyat-sənət sahəsində çalışan insanlar türk xalqlarının - türk dünyasının birlik və bərabərliyi, birgə gücümüzün daha qabarıq formada ifadə olunması üçün genişmiqyaslı işlərin görülməsində daha çox rol oynayıb. Şübhəsiz ki, bu sahədə Azərbaycan və Türkiyənin moderatorluğu çox önəm daşıyır. Türk Dövlətləri Təşkilatının yaranması da bu sürəcin məntiqi davamıdır.
Bugünlərdə Kazan şəhərində keçirilən ədəbi-mədəni bir bayramın - "Kazan Odları" jurnalının 100 illik yubiley tədbirinin düzənlənməsi də türk insanının bir arada olmasına xidmət edən möhtəşəm bir olay idi.
Uzun illərdir istər tək, istərsə də kollektiv şəkildə türk ellərinə səfərlərim çox olub. Şərqi Avropadan - Balkanlardan Sakit Okeana, Çinə, Yaponiyaya kimi böyük bir coğrafi ərazidə yerləşən Türk torpaqlarında özümü çox xoşbəxt hiss etmiş, havasını oksigen kimi ciyərlərimə çəkmişəm. Azərbaycanın imperiya cəngindən qurtuluşundan sonra Türk respublikaları, türk qurumları ilə ədəbi-mədəni əlaqələr sürətlə inkişaf etməyə başladı. Etiraf edək ki, bu əlaqələrin qurulmasında siyasilərdən daha çox, ədəbiyyat, sənət insanlarının rolu daha böyük oldu. Türkiyənin müxtəlif şəhərlərində, Orta Asiya Türk Respublikalarında, eləcə də Borçalıda, Dərbənddə düzənlənən ədəbiyyat, sənət və musiqi festivalları bizi bir araya gətirdi, doğmalaşdırdı. Bu qonuda çoxsaylı yazılarım olduğundan, təkrarçılığa varmadan, söz verdiyim kimi, növbəti səfərim haqqında təəssüratlarımı qeydə alıram.
Aprelin 24-də başlayan bu səfərim böyük və əzəmətli dövlətçilik ənənələri olan Tatarıstan Respublikasına - Kazana təsadüf etdi. Öncə zəngin və keşməkeşli tarixi olan Tatarıstan haqqında, qısaca da olsa məlumat vermək istəyirəm.
Türk xalqlarından biri olaraq tatarlar Rusiya ərazisinin bütün bölgələrində yaşayır. Daha çox Kazanda, Volqaboyunda (İdil) məskunlaşan tatarlar Uralətrafı ərazilərdə, Sibirdə, Həştərxanda, Saratovda, Çələbidə (Çelyabinsk), Yekaterinburqda, Qazaxıstanda, Çinin Sintzyap Uyğur Muxtar bölgəsində, eləcə də Krımda və Ukraynanın müxtəlif bölgələrində yaşayırlar. Tatar dili türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Kazan xanlığı kimi dövlətləri olub. Qızıl Ordanın dövlətçiliyinə sahiblənən rus çarlığı İvan Qroznının (Qorxulu İvan) əmri ilə 1552-ci ildə Kazan şəhərini işğal edərək Xanlığı darmadağın edib. Maraqlıdır ki, hakimiyyətə gələn İvan Qroznı türk-tatar olan Mamay xanın övladlarından biri Mansur xanın törəmələrinin bir qolu olan Qlinskilərdən idi. Bu fakt əksər tarixçilər tərəfindən qeyd edilsə də, tatarlar I Lje Dmitrinin (Yalançı Dmitri), guya atası və sələfi olan, lakin əsli, şəcərəsi bəlli olmayan İvan Qroznını Mamay xan nəslinə aid etmirlər. Məntiqlə tatarların bu fikrinə haqq qazandırmaq olar. Doğrudan da, İvan Qroznı Mamay xanın nəslindən olsaydı, qardaşlarına - tatarlara qarşı kütləvi soyqrım yapmazdı. Bulqar, bolkar, slavyanlaşmış Bolqariya bugünkü tatarların varisləridir. Rusiyada statistikaya görə tatarlar sayca ruslardan sonra gəlir. Tatar qardaşlarımızla son yüzilliyin tarixini müzakirə edəndə dedim ki, bu gün milliyyəti rus olanların 80%-i türk-tatar kökənli olduqlarını bilirlər. Dərhal mənə dedilər ki, Türkoğlu, bax, həmin o 80% türk kökənli ruslar "xuje russkix". Təəssüflə qeyd edim ki, bizə yağı kəsilən də ən çox sapı özümüzdən olan baltalar olub. Türk xalqlarının ortaq ədəbiyyat və mədəniyyətindən danışanda, mütləq siyasi məqamları da dilə gətirirdik. Bəllidir ki, bizi FTX-nin agentləri də izləməmiş deyildi. Rusiyanın Ukraynaya qarşı müharibəsini şərlə xeyirin savaşı olduğunu və Ukraynanın bu haqq savaşında qalib olacağını əminliklə ifadə etdiyim feysbuk paylaşımlarıma görə Rusiya səfərimin əngəllənmə ehtimalı çox idi. Rusiyanın Ukraynaya, insanlığa qarşı işğalçılığını bölgələrdə dərindən anlamasalar da, Tatarıstanda bu dəhşət saçan müharibəyə münasibət tam fərqli idi. Hətta məclislərimizin birində "Rusiyanı bu fəlakətdən, bu parçalanmadan Rus-Tatar Federasiyasının yaradılması xilas edər" söylədim. Bunun başqa yolunu da görmürəm. Çünki Rusiya ərazisindəki sayca tatarlardan sonra gələnlərin əksəriyyəti də türk kökənli xalqlardır.
Tatarıstan səfərim "Kazan Odları" jurnalının 100 illik yubiley tədbiri ilə bağlı idi. Qeyd edim ki, eyni soydan, eyni kökdən olan qardaş xalqların birlik və bərabərliyinə xidmət edən Azərbaycan-Tatarıstan arasındakı ədəbi-mədəni əlaqələr bu gün də yüksək səviyyədə inkişaf edir. Düzdür, pandemiya səbəbindən bu əlaqələrdə qısa fasilələr yaransa da, onlayn konfranslar keçirilir, müxtəlif müzakirələr aparılırdı. Xatırladım ki, pandemiyadan əvvəl 2019-cu il Tatarıstanın Xalq şairi Razil Vəliyevin "Payız yağmurları" kitabının müəllifin iştirakı ilə Azərbaycanda təqdimatının keçirilməsi ilə yadda qalıb. Bu əlaqələr Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin 2019-cu ildə Tatarıstan Yazarlar Birliyinin 85 illik yubileyində iştirak etmək üçün Tatarıstana səfəri ilə davam edib. Azərbaycan oxucuları tatar ədəbiyyatının, tatar şeirinin orta əsr ən ünlü təmsilçiləri Kul Ali yaradıcılığı, eləcə də 1552-ci ildə rus işğalçılarına qarşı vuruşaraq, qəhrəmancasına həlak olan Kul Şərif haqqında geniş təsəvvürlərə malikdir. XX yüzillikdə dövrünün ən ünlü və parlaq ismi, qısa həyatında xalqına fədakarcasına xidmət etmiş şair Abdulla Tukay, eləcə də Qalimjan İbrahimov, Kavi Nəjmin, orta məktəb dərsliklərindən tanıdığımız Musa Cəlil və bir çox klassik və müasir yazarlar Azərbaycanda sevilə-sevilə oxunur.
Bu gün Azərbaycanın gənc yazarları şair, yazıçı-dramaturq, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zəydulla, Danil Salixov, Xalq şairləri Rədif Qataş, Ravil Fəyzullin, Marsel Qaliyev, Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərini tatar dilinə çevirən Xalq şairi Renat Xaris haqqında geniş bilgilərə malikdirlər.
Qürurla söyləmək olar ki, 100 illik yubileyində iştirak etdiyim "Kazan Odları" jurnalının son yüz ilin ədəbi-mədəni əlaqələrimizdəki fəaliyyəti danılmazdır. Biz bu gün də "Kazan Odları" jurnalının səhifələrində Azərbaycan yazarlarının əsərlərinin yer aldığının şahidi oluruq. Azərbaycan yazarları Afaq Şıxlı, Əkbər Qoşalı, Əhməd Şəfəq və digərlərinin jurnalla sıx əlaqələrini xüsusilə qeyd etmək istəyirəm. Bizim üçün çox xoşdur ki, bu gün bu jurnala Azərbaycan və Türkiyə ədəbi ictimaiyyətinin yaxından tanıdığı gənc yazıçı Rüstəm Qaliullin başçılıq edir.
"Kazan Odları"nın əlamətdar 100 illik yubiley öncəsi münasibətilə Azərbaycanda 96 səhifəlik dərgi hazırlanmışdır. Haqqında müxtəlif mətbu orqanlarda məlumat verilmiş bu kitaba jurnalın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorun isə hekayəsi oxuculara təqdim olunmuşdur. Bu, tatar ədəbi ictimaiyyətinə azərbaycanlı həmkarlarının qardaş hədiyyəsi və təbriki kimi təqdim edildi. Kitaba ön sözü, yazarların özkeçmişini və şeirlərini Əkbər Qoşalı ilə Əhməd Şəfəqli (Orucov), Rüstəm Qaliullinin özkeçmişini və hekayəsini isə İlqar Türkoğlu çevirib. Kazana "Kazan Odları - 100" kitabı ilə yanaşı, hələ 2020-ci ildə tərcüməsini bitirdiyim və nəşr etdirdiyim Rüstəm Qaliullinin 250 səhifəlik "Ata və oğul" kitabını da aparmışdım. Tatarcadan tərcümə etdiyim povest və hekayələrdən ibarət olan bu kitabın müəllifi Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, "Kazan Odları" jurnalının baş redaktoru Rüstəm Qaliullinlə tanışlığımızdan təxminən 7 il ötür. Tanışlığımız dəyərli yazarımız Əkbər Qoşalının sayəsində olmuşdur. Sonralar Bakı və Adana tədbirləri bizi daha da dostlaşdırdı...
Azərbaycandan birbaşa reys olmadığından kazanlı dostlar uçağa bileti Bakı-İstanbul-Kazan və Kazan-İstanbul-Bakı almışdılar. Bakı-Moskva-Kazan reysindən dərhal imtina etdim. Təsəvvür edin, Bakıdan İstanbula uçan təyyarə, müharibə səbəbindən Qara dəniz - Ukrayna hava məkanından yox, yenidən Bakı - Xəzər dənizi üzərindən Kazana uçmalı olur. Eyni marşrutla Kazandan uçan təyyarə Bakı- Xəzər üzərindən İstanbula və geri Bakıya qayıdır. Gedib-gəlmək təxminən 12 min km. məsafədən çox olur. Bu məsafənin uzanmasının səbəbi isə Ukraynada hələ də davam edən müharibədir.
Kazan hava məkanında gözüm Kazan şəhərindən daha çox Bulqar dövlətinin simvolu olan İdili (Volqa, əski Azərbaycan türkcəsində Atill) axtarır. İdil (Volqa) çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır. Xəzərə tökülən bu çayın uzunluğu 3535 km-dir.
965-ci ildə İdil-Kama çayları ətrafında paytaxtı Bulqar şəhəri olan İdil Bulqar dövləti yaradılır. Qeyd edim ki, Kazan şəhərinə çox yaxın olan bu şəhəri əski tarixləri və dövlətləri olmayan ruslar yer üzündən siliblər. İdil Bulqar dövlətinin quruculuğunda tatarlarla, demək olar ki, eyni dilə və milli köklərə malik başqurdlar da böyük rol oynayıb. Bir-birini əvəzləyən dağıdıcı yürüşlərə tab gətirməyən Bulqar dövləti 1552-1584-cü illərdə çar Rusiyasının hücumlarına məruz qalır və şəhərləri darmadağın edilərək varlığına son qoyulur. Beləliklə yeddi əsr müddətində öz mövcudluğunu qoruyub saxlayan bulqar dövləti rusların dağıdıcı yürüşlərindən sonra süqut edir. Rus imperiyasının "parçala, hökm sür" ideologiyası Rusiyaboyu bütün türkləri biri-birindən ayrı salır, assimilyasiyaya uğradır.
Kazan şəhərindən 25 km. məsafədə olan hava alanında məni Rüstəm Qaliullinlə adını unutduğum dostu qarşılayır. Yerləşdiyimiz "Noqay" otelində müxtəlif ölkələrdən yubileyə qatılan qonaqlar arasında əvvəldən tanıdığım bir çox dostlarla görüşüb sevincimizi bölüşürük. Yeri gəlmişkən deyim ki, özünün unikallığı ilə fərqlənən bu otelin yaşıl bir mini parkı xatırladan böyük restoranı tatar və digər türk ədiblərinin tatar dilində olan zəngin kitabları ilə bəzədilib.
Otel odamda əşyalarımı yerbəyer etmək istəyirəm, dərhal telefon zəng çalır. Resepşindən "sizi gözləyən var" deyirlər. Əynimi dəyişib 4-cü mərtəbədən 1-ə enirəm. Haqqında eşitdiyim və qiyabi tanıdığım, 41 il Kazanda yaşayan Vəkillər Palatasının üzvü, həmyerlimiz İsmət Orucəliyevlə qarşılaşıram. Tatarıstanda - Kazanda çox sayqı ilə tanınan İsmət bəyin qonaqpərvərliyi məni heyran etdi. Sonrakı günlərdə onun istər əvvəlki prezident Mintemir Şaymiyevin, istərsə də indiki prezident Rüstəm Minnixanovun, eləcə də TYB-nin sədri Rkail Zəydullanın və müxtəlif ədəbi cameələrin yaxın dostu kimi qarşılandığının və sadəliyinin şahidi oldum. İsmət bəy təkcə mənimi yox, tədbirə gələn bütün qonaqları ilk gündən, yolasalma mərasiminə kimi diqqətdə saxladı, hər birini hədiyyələrlə yola saldı.
"Kazan Odları" jurnalının 100 illik yubileyi ilə yanaşı, həm də bu jurnalın ilk baş redaktoru olmuş Qalimjan İbrahimovun 135 illik yubileyi də keçirilirdi. Proqram üzrə tədbirin ilk günü Tatarıstan Elmlər Akademiyasının Qalimjan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda "XX-XXI əsr Qalimjan İbrahimov və tatarşünaslıq" elmi-praktiki seminarda iştirak etdik. Tədbiri Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti Zahidullina Daniya Fatixovna aparırdı. Maraqlı çıxışlarla yanaşı, hələ də kommunist ideologiyasının təsirindən qurtulmayan Başqırdıstandan olan bir araşdırmaçı alimin də çıxışını dinləməli olduq. Ümumiyyətlə, Tatarıstanda olduğum beş gün ərzində tatarların öz dillərinə olan sayqıları məni həddən çox məmnun etdi. Gün ərzində keçirilən bütün tədbirlər Toğan dilinə (ana dili) həsr olunmuş və musiqi ilə müşayiət olunan şeir himn kimi, sayqı duruşu ilə dinlənilirdi.
Tədbir nahar fasiləsindən sonra "Milli təkamülün, etnik mədəniyyətin inkişafı" mövzusunda maraqlı müzakirələrlə davam etdi. Tədbirdən sonra növbəti görüş yerimiz Tatarıstan Mətbuat və İnformasiya Aksioner Cəmiyyətində, "Kazan Odları" jurnalının redaksiyasında oldu, Tatarıstan dövlət TV proqramları aparıcılarının işlərini izlədik. Davamı olaraq, xüsusi avtobusla Kazan şəhərinin tarixi yerlərində, Kazan Kremlində, Qul Şərif camesində, muzey və mədəniyyət ocaqlarında olduq.
Növbəti gün tədbir iştirakçıları əvvəlki prezident Mintemir Şaymiyevin və indiki prezident Rüstəm Minnixanovun iştirakı ilə Qabdulla Tukayın abidəsi önünə gül dəstələri, əklillər düzərək xatirəsini yad etdik. Ədib haqqında çıxışlar dinlənildi. Tədbir Kazanın Böyük Milli Teatrında "Kazan Odları" jurnalının iki saatlıq təntənəli yubiley konserti ilə davam etdi. Qeyd edim ki, tədbirlərin əksəriyyətində sadəliyi ilə seçilən prezident şəxsən özü iştirak edir, insanlar arasında olurdu.
"Kazan Odları"nın yubiley tədbiri Tatarıstan Yazıçılar Birliyində də yaddaqalan çıxışlarla davam etdi. Birliyin sədri, Tatarıstan Respublikasının deputatı Rkail Zəydulla özünün baməzəliyi və istiqanlığı ilə qonaqların sevimlisinə çevrilmişdi. O, demək olar ki, tədbirsonu hər axşam bir-iki saatlıq otelə gəlir, zarafatlaşa, deyib-gülə, yeyib-içə bizi şənləndirirdi. Hələ Bakıdan tanıdığım gənc və çox istedadlı şair Rifat Səlex hər addımda yanımızda olmağa çalışırdı.
Tədbirin üçüncü günü TYB-nin təşkilatçılığında Qabdulla Tukayın doğulduğu Arça şəhərinə, oxuduğu kənd məktəbinə, valideynlərini itirdikdən sonra babasının yanında yaşadığı başqa bir kəndə də baş çəkirik. Hər yerdə insan seli, bayram əhval-ruhiyyəsi hökm sürür. Tatarıstanın bütün şəhərlərində, hətta kəndlərdə belə Mədəniyyət evlərinin qarşısında xüsusi böyük meydançalar var. Bu meydançalarda açıq havada teatr yeri, rəqs yeri və müxtəlif sahələr üzrə səliqəli bölmələr fəaliyyət göstərir. Hər gün tədbirlərdə tatar məktəblilərinin səhnələşdirdikləri əsərlərdən epizodları izləyirdik. Mən tatar xalqının, tatar cəmiyyətinin ədəbiyyata, mədəniyyətə, milli dəyərlərə nə qədər bağlı olduqlarına, nə qədər sayqı duyduğuna heyran qaldım. Mən bunu nə Orta Asiya türk respublikalarında, nə Türkiyəmizdə, nə də Azərbaycanımızda o səviyyədə görmədim. Bilmirəm, ola bilsin, bu, azadlığın bir arxayınçılığıdır. Arxayınlıq isə həmişə bizə baha başa gəlib.
Tədbir iştirakçılarının bir çoxu ilə müxtəlif illərdə və müxtəlif şəhərlərdə bir arada olduğumuzdan aramızda sanki bir doğmalıq hökm sürür, digər dostları yada salırıq, bir sözlə, nostalji duyğularla ötənləri xatırlayırıq. Başqırdıstandan gələn gənc və çox istedadlı yazıçı Ayqiz Baymuxametova Azərbaycanda çap olunan kitablarını təqdim edirəm. Gözlərinə inanmır, sevindiyindən məni köksünə sıxır, kitabın nəşr olunmasında əməyi keçən GTYB-yə və Əkbər Qoşalıya təşəkkürlərini sunur.
3 il öncə, Tanrı dağları boyunca, az qala Çin səddinə kimi bərabər gəzdiyimiz qazaxıstanlı şair qardaşım Sayat Kamşıqərin duzlu lətifələri bizi darıxmağa qoymur. İyun ayında ailəsi ilə Bakıya gələcəyini söyləyir. Məmnunluqla "gözümüz üstə yeriniz var" deyirəm.
Kabarda-Balkariyadan olan dostumuz Əsgər Dadoyevlə Azərbaycanda tanıdığı şair və yazarlardan nə qədər söhbət açsaq da, sonda siyasi məsələlərlə daha çox ilgilənirik. Qafqazın etnik tərkibi, bu yerlərdə türk xalqlarının daha çox üstünlük təşkil etdiyi və onlara qarşı tarixi ədalətsizliklər barədə olaylara işıq salmağa çalışırıq.
Qırğızıstanın Xalq şairi Markabay Aamatov Azərbaycan ədəbi mühitini yaxından tanıyır. Bəzilərini qırğızcaya çevirib. Böyük ədəbi bir tədbir olarsa, Azərbaycana gəlmək istəyində olduğunu bildirdi. 7-ci Türk Dünyası şeir və musiqi festivalına dəvət edəcəyimi söz verdim.
Tədbirə dəvətlilər arasında 16 yaşından Çelyabinskda (Çələbi) yaşayan Əhməd (Şəfəq) Orucovla əyani tanışlığımızdan çox məmnun qaldım. Dilimizə və ədəbiyyatımıza olan sevgisinin nəticəsidir ki, müxtəlif türk xalqlarının yazarlarından dilimizə, eləcə də Azərbaycan dilindən başqa dillərə çevirmələr edərək nəşr etdirib. Qürurla deyə bilərəm ki, həmyerlimiz Əhməd Şəfəq Azərbaycanı yüksək səviyyədə təbliğ və təmsil etməyə qadir olduğunu sübut etmiş şəxslərdəndir.
Rusiyanın müxtəlif bölgələrindən, türk boylarından gələnlər, eləcə də tatarıstanlı qardaşlarımız haqqında unudulmaz xatirələr bitib-tükənməzdir.
Biz bu gün Böyük Türk Ulusunun övladlarını zaman-zaman bir-birindən ayrı salan olaylardan yetərincə dərs alıb, hər əziyyətə qatlanaraq birlik və bərabərliyimizi təmin etməliyik.
Türk Dünyamız var olsun!
Gəlirəm
Ulus öz kökündə, dilində yaşar,
Bir səsə gəlirəm, ünə gəlirəm.
Qardaşa sevgisi elində yaşar,
Boyu bir, soyu bir tənə gəlirəm.
Bəxtimiz çəkməyib yazana tərəf,
Getməm səfimizi pozana tərəf.
Bir əlim uzanıb Kazana tərəf,
Tatar abıy, dönüb yenə gəlirəm.
Musa Cəlil adı sözə bağlıdır,
Sönməyib ocağı, közə bağlıdır.
Özünü yaşatmaq özə bağlıdır,
Tanrıya gəlirəm, Mənə gəlirəm.
Uludur İdili, axır hələ də,
Bir canı ovdadır, biri tələdə.
Başında şimşəklər çaxır hələ də,
Dumana gəlirəm, çənə gəlirəm.
Dayanıb hər igid bir at belində,
Danışan tarixdi Kağan dilində.
Abdulla Tukayın Toğan dilində,
Bir nəğmə çələngi sənə gəlirəm.
Pozulub səfimiz, qatardan keçib,
Orxan adım "otuz tatar"dan keçib.
Könlüm yenə də Bulqardan keçib...
Qutsal Sabantuya, Günə gəlirəm.
Ulusun Tarixi dünə boylanır,
Metedən dərs alan önə boylanır,
Türkoğlu hər ötən günə boylanır,
Bayram görüşünə, şənə gəlirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!