Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2022-ci il

 

president.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!