İyunun 22-də Azərbaycan Yazıçılar Birliyində (AYB) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən bir sıra ədiblərə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafatların təqdimetmə mərasimi keçirilib.
Mərasim çərçivəsində festivalın təşkilində köməklik göstərən ASAN könüllülərə sertifikatlar paylanılıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil etdiyi qurumun yaranması barədə ASAN könüllülərə məlumat verib. Festivala türk dünyasının tanınmış yazıçılarının qatıldığını deyib. Xəyal Rza bildirib ki, növbəti dəfə festivalın Türkiyədə keçirilməsi planlaşdırılır. Sonradan bu layihə bütün türk dövlətlərini dolaşıb yenidən Azərbaycana qayıdacaq.
AYB-nin sədri, Xalq yazıçısı Anar festivalın türk dünyasında ən mühüm tədbirlərdən biri olduğunu söyləyib. Sonra AYB-nin adından birliyin mətbuat xidmətinin rəhbəri, I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçısı, şair Xəyal Rzaya türk dünyası ədəbiyyatları arasında əlaqələrin təşkilində xidmətlərinə görə “Bəxtiyar Vahabzadə” diplomunu təqdim edib.
Tədbir çərçivəsində festivalın açılış və bağlanış mərasimlərində iştirak edə bilməyən bir sıra ziyalılara mükafatlar təqdim olunub.
Filologiya elmləri doktoru, professor Nizami Tağısoy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Rəşad Məcid TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif” medalı, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli, yazıçı Yunus Oğuz “Çingiz Aytmatov” medalı ilə təltif olunublar.
“Aşıq Pəri Məclisi”nin sədri Pərvanə Zəngəzurlu, məclisin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı “Aşıq Veysəl” medalı ilə təltif olunublar.
Asəf Zeynallı adına musiqi kolleci və Bakı Xoreoqrafiya Akademiyasının könüllüləri festivalda fəal iştirakına görə sertifikatlarla təltif olunublar.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!