Türk şeirindən seçmələr
DİLSUZ
Ziya Osman SABA
İSTANBUL TÜRKÜSÜ
Səni görürəm yenə, İstanbul,
uzaqdan, gözlərimlə
qucaqlayırmış kimi:
minarə-minarə,
ev-ev,
yol-yol,
meydan-meydan...
Gəlir Boğaziçindən -
limandan qalxan gəmilərin səsi,
Mavi sular üstündə yenə
xatirələr qədər bəmbəyaz
Qız kuləsi.
Bir yanda
səhər-səhər
günəşlə bərabər
doğulduğum sahil - Beşiktaşım.
Bir yanda səmt-səmt, yer-yer
beş yaşım,
on beş yaşım,
ah, iyirmi yaşım...
Durur o təpəcikdə
oxuduğum məktəb,
Əsgərlik çağımda
qışla idi obir üzü.
Bir gün bir qızını
verdi mənə
Hüsnünə doymadığım Rumelihisarı.
Mənim deyilmi oralar -
Babamın yatdığı Kiçiksu,
Anamın yatdığı Eyubsultan...
Hər belə kövrəldikcə,
Sanki çocuqmuşum kimi,
Tutar əllərimdən İstanbul...
GƏLƏR AĞLIMA
Harda tariximdən bir nişan görsəm,
Əski gün, zaman gələr ağlıma.
Şərqdən Qərbə axan bir kükrəyən sel,
At, qılınc və qalxan gələr ağlıma.
Malazgirt savaşı... Zəfər türküsü...
Şübhəsiz, Alparslan gələr ağlıma.
Ana bildiyimiz bu ana məkan -
Burcu-burcu vətən gələr ağlıma.
Ərtoğrul bəy kimi dövlət banisi,
Cəddim Qazi Osman gələr ağlıma.
Başı səmalarda bir ulu çinar -
Fateh Mehmet Sultan gələr ağlıma.
Üç qitəyə dalğa-dalğa yayılan
Nəhayətsiz ümman gələr ağlıma.
Eşq ilə, vəcd ilə, ədalət ilə
Elm gələr, ürfan gələr ağlıma.
Cəzayir dastanı bir həzin ağı,
Fəryad ilə fəğan gələr ağlıma.
Məndəki yaranı kimsələr bilməz,
Bir yaralı ceyran gələr ağlıma.
Kor kimi dalaram hey xəyallara,
Övladi-Fatihan gələr ağlıma.
Kosovayla Dumlupınar diz-dizə,
Qeyb olan şərəf-şan gələr ağlıma.
Bu dünyanı yenə başdan saracaq
Bir hökm, bir fərman gələr ağlıma!
KİM ANLAR
Mürgü döyən gölə Ay işığında
Sevginin rəsmini cizsəm kim anlar?
Tumurcuq çırtlayıb, gül açdığında
Yağışın saçını çözsəm kim anlar?
Eşq - süd bəyazı, kin - kömür qarası,
Könlümü göynədir hər dost yarası...
Ət oldum, bıçaqla sümük arası,
Cəlladla əhdimi pozsam, kim anlar?
Doğumda yalan var, ölümdə gerçək,
Nəyə işarədir, balıq, quş, böcək?
Qırıq könülləri toplayıb tək-tək,
Köksümün üstünə düzsəm, kim anlar?
Yazlamı açılır qışın düyünü,
Haqlamı çözülür işin düyünü?
Ağlımdan keçəni - düşündüyümü
Oxusam kim anlar, yazsam, kim anlar?
DƏYMƏYİN, QALSIN
Çoxa kədərlənər, aza gülərəm,
Ülgüc ağzındakı düşüncələrəm,
Dəlilikdir bəlkə... dəyməyin, qalsın.
Sevdam böyüdükcə dünyam dar olur,
Zamandan çıxdığım zamanlar olur,
Və elə gözəl ki... dəyməyin, qalsın.
Saatlar ya geri, ya da irəli,
Qıran yox hiyləli tərəziləri,
Öfkələr ürəkdə... dəyməyin, qalsın.
Nə bütünüm bütün, nə yarım yarı,
Nə çiçək - çiçəkdi, nə arı - arı,
Ümidlər uzaqda... dəyməyin, qalsın.
Nə olsa, yırtılar ən qalın pərdə,
Hesaba çəkilər dünya məhşərdə,
Nə son - son, nə ilk - ilk...
dəyməyin, qalsın.
Faruk Nafiz ÇAMLIBEL
ATAM VAR
Bir üz gördüm ruhuma nəqş oldu zamanla,
Bir üz ki, cizgiləri şimşəklə doluydu.
Mən yalnız onun rəsminə baxdım həyəcanla,
Mən yalnız çocuğuma onun şerini oxudum.
On noyabrda hüznə bürünmüşdü toy-düyünlər,
Bir damla yaş olmuşdu dənizlər gözümüzdə.
Sapsarı saralmış yarpaq rəngindəydi günlər,
Allahın bir nuru qalmamışdı üzümüzdə.
Tarix onun əmrilə qımıldadı yerindən,
Bir neçə ilə sığdı nəhəng-nəhəng əsrlər.
Mövlanın əli gəzdi sanki yurdun üstündə,
Gül bağçası oldu ayaq basdığı yerlər.
Ondan gəlir hər günümüz bir başqa baharla,
Ondandır - üfiqlərdə nə ürpərmə, nə qəm var.
Nəfəsim, qəlbim dursa, düşüncəm sona varsa,
Dünyanı unutsam da, unutmayacağım
Atam var.
Bədri Rəhmi EYUBOĞLU
SƏNİ DÜŞÜNDÜM…
Susadım,
Üç alma soydular,
üç də portağal,
Şirələrini çəkdim başıma,
Bir fincan suyun
yerini vermədi -
Yatmadı susuzluğum…
Acdım,
Quş südü,
bir də kişmiş gətirdilər,
Ye dedilər,
Gözümə təpdim,
Bir tikə kömbənin
yerini vermədi -
Keçmədi aclığım…
Səni düşündüm, sevdiyim,
şükredərək,
Su kimi əziz,
Çörək kimi mübarək olasan.
YARADANA MƏKTUB
Ulduzların cilvələndikləri yerdədirlər,
Buludların, əskik olmasınlar,
Eyni minval ilə
səndən gəlib, sənə gedirlər…
Dənizlərin
doldurduğun kasalarda çalxalanırlar -
Nə bir damcı artmış,
nə bir damcı əksilmişlər.
Dağların ayaqlarımıza
çox, çox böyük gəldi,
Onları, bir dəfə də olsun, geyən olmadı.
Daha dünən əlindən çıxmış kimi
hamısı yepyeni, təptəzədi,
Köhnələn bir şey varsa,
ömrümüzdü, ömrümüz.
Biz hər ölən ağacdan
məscidlərimizə dirək düzəldirik,
Maraq üçün soruşuram:
Bəs sən, sən ölən insanlardan
nə düzəldirsən?
* * *
Sənə böyük səhərlərdən
bəhs edəcəyəm, tosunum,
ən böyük məscidlər orda tikilir,
ən kiçik məzarlar orda qazılır,
ən qara yazılar orda yazılır…
Böyük şəhərlərə uyma, tosunum,
Elə bir yerdə yaşa ki,
kiçik, amma sənin olsun.
Hər qarış torpağına
alnımın təri düşsün,
Hər ağacımın hər budağına
əlin çatsın,
Küçələrində tanımadığın
üz olmasın,
Ən uzaq məhəlləsində də
xəbərin olmadan kimsə ölməsin.
QARA SEVDA
… gözləməkdən gözlərimin
kökü saralmışdı,
nəhayət ki, gəlib çıxdı -
bir dilimi zəhər, zəqqum,
bir dilimi candan şirin.
Nağıl kimi endi göy üzündən,
Üstələdi
cümlə eşq hekayələrini.
Madam ki,
gəldi qara sevda,
Əlvida sevincə,
Əlvida uçan quşa,
Əlvida dosta, əlvida,
Çox şükür,
çox şükür, gəlib çıxdı -
Nə bilim,
Bir dilimi zəhər, zəqqum,
Bir dilimi candan şirin.
Əhməd Səlcuq İLKAN
ALLAH QƏHR ETSİN
Mən bu hala düşəcək
adammıydım?
Qar yağdı güvəndiyim dağlara,
Həp boş çıxdı tutduğum əllər,
Həp daş çıxdı sevdiyim qəlblər,
Həp alnından vuruldu ümidlərim,
Həp dəlik-deşik oldu ürəyim.
İştə, bu üzdən ipıslaqdı baxışlarım,
İştə, bu üzdən yumruq-yumruqdu
əllərim,
İştə, bu üzdən belə çatıqdır qaşlarım -
Allah qəhr etsin...
Yox, bu belə getməyəcək,
Madam ki, bəyənmədin,
Bir sabah
bir dilənçinin ovcuna
qoyacağam ürəyimi,
Götürüb aparsın,
bəlkə bir işinə yaradı.
Kim nə deyər, qoy desin,
Qoyacağam ovcuna ürəyimi bir dilənçinin -
Allah qəhr etsin...
Bir vaxtlar
gəzdiyimiz yerlərdə dolaşıram,
Sanki indicə qarşıma çıxacaqsan,
Sanki dayanacaqda
məni gözləyirsən,
Dünən birinə rast gəldim;
Saçları - sən,
Gözləri - sən,
Qaşları - sən...
Düşdüm arxasınca,
Elə bildi dəliyəm, -
Allah qəhr etsin!..
Dünya alov içində,
Savaşlar baş alıb gedir...
Afrikada çocuqlar
aclıqdan ölür,
Mən isə, burada, sənsizlikdən -
Allah qəhr etsin.
Güldanımda
həp sənin sevdiyin çiçəklər,
Dodaqlarımda
həp sənin sevdiyin türkülər,
Sənin ad gününü
kutladım səndən xəbərsiz
və hər səhər
dualar oxudum
xoşbəxtliyin üçün.
Hara getsəm,
əcəl kimi
arxamca gəlirsən -
Allah qəhr etsin...
İştə, belə bir sevdadı mənimki,
Gəlib çatmış sonum,
Ən qorxunc uçurumlardanmı
atım özümü,
Ən dərin dənizlərdəmi qərq olum,
Amma qəlbimdə sən varsan...
Birdən sənə bir şey olarsa...
Allah qəhr etsin!..
Arif NİHAT ASYA
BAYRAQ
Ey mavi göylərin
bəyaz və qızıl süsü,
Bacımın gəlinlik paltarı,
şəhidimin üz örtüsü,
İşıq-işıq, dalğa-dalğa bayrağım!
Sənin dastanını oxudum,
sənin dastanını yazacağam!
Sənə mənim gözümlə baxmayanın
Məzarını qazacağam.
Səni salamlamadan
ötən quşun
Kefini pozacağam?
Dalğalandığın yerdə
nə qorxu, nə kədər,
Kölgəndə mənə də,
mənə də yer ver.
Sabah olmasın, günəş doğmasın,
nə olar:
Yurduma Ay-ulduzunun
işığı yetər.
Savaş bizi
qarlı dağlara
apardığı gün
Qızılı nurunda qızındıq;
Dağlardan
düzlərə endiyimiz gün
Kölgənə sığındıq.
Sən ey süzgün,
rüzgarlarda dalğalı;
Barışın göyərçini, savaşın qartalı, -
Ən yüksək yerlərdə açan çiçəyim,
Sənin altında doğuldum,
Sənin altında öləcəyəm.
Tarixim, şərəfim, şeirim,
hər şeyim,
Yer üzündə yer bəyən,
Hara sancılmaq istəsən,
Söylə, səni ora sancım!
ALPARSLAN
Nəvələrin dörd yana qol-qol getsin,
Malazgirtdən İstanbula yol getsin!
Güclüyəm deyənə gücünü göstər,
Anlamasa, Yer üzündən sil getsin!..
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə bal getsin!
Taclarını bir şey sanan gavurlar,
Taxtlı gəlib, taclı gəlib, qul getsin.
Fəqət, hərb bu: qalmaq da var, ölmək də;
Əsir olub qalmaqdansa, öl getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə bal getsin!
Döyüş vaxtı dim-dik dayan ayaqda,
İki yandan sağ yüyürsün, sol getsin.
Olsa da son saatın, son anın,
Səndən aman diləyəni sal, getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə bal getsin!
Və könlündən keçib, bizə bir yarpaq,
Bir tumurcuq göndərənə gül getsin.
Toy-düyündə səsi coşsun davulun,
Qızlarıma duvaq getsin, tel getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə bal getsin!
Özdəmir İNCƏ
KİÇİK QIZA
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan yerinin
sahilinə,
gəlib
saçlarında yuva qurdu Ay,
quşlar təkcə səninlə danışdılar,
çiçəklər təkcə səninlə danışdılar -
anladın dərdlərini,
gördün yaralarını...
Səhərin
saat beşi
qardaşındır sənin,
çölün
çakıl daşı
qardaşındır sənin,
gün batarkən -
bənövşə olacaqlar,
əyinlərinə
rəngli köynək geyəcəklər.
tək sən anladın
onların dərdlərini,
tək sən gördün
onların yaralarını...
Yeni bir sözlük yaratdın,
özün üçün,
quşlar üçün,
çiçəklər üçün,
çakıl daşları üçün...
Ev -
nəfəsi kəsilmiş,
bənizi solmuş at,
məktəb - sürgün yeri,
göy üzü - yoxdu, yox,
küçə - gedər-gəlməz,
dünya - aşılması zor divar,
yuxu - tək sığınacaq...
- Ölümdən qorxmadınmı,
kiçik qız?
- Yox, çünki çox ölü gördüm:
göydən yağan quşları,
can çəkişən pişiyi,
səsi kəsilən ağacları...
Bir şəhərin öldüyünü gördüm,
ölümün öldüyünü gördüm.
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan yerinin
sahilinə...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!