AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə uzun müddət AYB Lənkəran Bölməsinə rəhbərlik etmiş mərhum şair İltifat Salehin 85 illik yubileyi qeyd olundu. Tədbirdə iştirak edən qohumları və qələm dostları əvvəlcə şairin Liman şəhər qəbiristanlığında yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxudular.
Tədbir Lənkəranda, dəniz kənarında olan möhtəşəm “Xəzər Palace” otel-restoranda davam etdirildi. Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-publisist Qafar Cəfərli açaraq İltifat Salehin həyat və yaradıcılığının müxtəlif məqamlarına toxundu. Bildirdi ki, İltifat Saleh 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1961-ci ildə Liman şəhər 1 saylı tam orta məktəbində müəllim kimi başlayıb. Sonra o, Lənkəran Dövlət Arxivinin müdiri, Lənkəran şəhər Zəhmətkeş Deputatları Sovetinin sədr müavini, Port-İliç şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri, Tarix və Mədəniyyət Abidələrinin Könüllü Mühafizə Cəmiyyəti Lənkəran Bölməsinin təlimatçısı, Lənkəran Radio Verilişləri redaksiyasının məsul katibi, 1995-ci ildən ömrünün sonunadək AYB Lənkəran Bölməsinin sədri vəzifəsində çalışıb. Bölmə sədri olduğu müddətdə bölgədə ədəbi həyatın inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyib, gənc yazarların respublika mətbuatında tanınmasına köməklik göstərib.
Qafar Cəfərli mərhum şairin yaradıcılığı barədə də ətraflı çıxış edərək onun Xalq şairi Rəsul Rzanın "Uğurlu yol"u ilə ədəbiyyata gəldiyini və Rəsul Rza ədəbi məktəbinin layiqli davamçısı olduğunu bildirdi.
Tənqidçi, şair Musa Xanbabazadə şairlə olan şəxsi dostluğundan, onun nəşr olunmuş "Səni sevmək üçün", "Ay işığı", "Rənglərin səsi", "Sənə demədiklərim", "Sevgi akkordları", "Döyüş şöhrəti", "Poetik testlər", "Əsərləri" və sair kitablarından söz açdı. Bölmənin ədəbi məsləhətçisi şair Ağamir Cavad çıxışında uzun müddət bir yerdə işlədiyi mərhum şairlə bağlı xatirələrini söylədi.
Daha sonra yazıçılardan Hacı Etibar Əhədov və Hafiz Mirzə, şairlərdən Əlizaman Baxış, İlham İlhami, Ziyafət Yəhya, Əhməd Haqsevər, Salman Məmmədoğlu, jurnalistlərdən Ağaddin Babayev və İltifat Əhmədov, şairin dostları - boks üzrə Əməkdar məşqçi Əlizadə Əsədov və şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov çıxış edərək şairin yaradıcılığının müxtəlif məqamlarına toxundular, onunla bağlı xatirələrini bölüşüb, şeirlərindən oxudular. Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova və şairin qızı Afaq Salayeva İltifat Salehin şeirlərini ifa etdilər. Xalq şairi Anarın İltifat Salehin yaradıcılığı haqqında dediyi sözlər və Əməkdar artist, mərhum Təvəkkül Əliyevin ifasında şairin şeirləri səsləndirildi.
Sonda şairin oğlu Saleh Salayev tədbirin təşkilatçılarına və iştirak edənlərə ailə üzvləri adından minnətdarlığını bildirdi.
Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırdı. Sonda xatirə şəkilləri çəkildi.
AYB Lənkəran Bölməsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!