Şeirlər
***
İnanmadığımız anda darıxmaq kölgəsi düşər içimizə
Keçər başımızın üstündən yalnızlıq buludu...
Aylar keçər...
tamarzı qalar illərimiz bahara,
Tanrısız olar dualarımız.
Röyamızda tikdiyimiz bir evin çırağı sönər
Bir anda devrilib gecə olarıq,
bir anda kimsəsiz küçə...
Mən özümü addım-addım sordum özgələrdən
islansa da gözlərim...
Sən Allah, məni bir bulud kimi bil.
Gəlib keçən hər yağışa yağış deməzlər...
Yalnızlıq bir film deyil izlənsin.
Yalnızlığı gəmisi batmış kapitan bilər...
...ağlamağı heç bir artist ağlayammaz.
Gülümsəmək ağlamağın son nəfəsidir…
Onun üçün
şəklini görəndə gülürəm gedişinə.
Yorğunluğumu ayaqüstə qalan divarladan soruş,
soruş həsrətlə baxışımı...
Mənim yerimə bir az darıx,
darıx ayağı bağlı ağaclar üçün,
darıx mənim kimi qanadsız quşlar üçün,
darıx yalnızlıq üçün,
darıx!..
***
Onun tənhalıq otağında öncə quş uçdu, sonra göy üzü...
Unutdum ürək çantamı gözlərinin taksisində.
Sonra özümü unutdum bu şəhərin həsrət kafesində...
Dərdin neçə qapısı olduğunu bilmirəm,
bilmirəm Ay işığında ölən insanları,
bilmirəm ağlayan kəslərin hekayəsini...
Amma birisi var yer üzündə səssiz ağlayır...
O bir daş kimi darıxır yollarda,
Keçmir bulud kimi heç bir yer üzündən...
O danışır yaralarından qaranlığa
o Allahlıq edir ürəyindəki məktublara.
Bilirsənmi,
əgər otağımızda divarlara bir vərəq şeir vurmasaq,
əgər aynada özümüzə qanad rəsmi çəkməsək,
əgər yan-yana bir dəniz qırağında gün batısını seyr etməsək,
silinəcəyik yağışın damlalarıyla,
unudulacağıq bir gün.
Bilirsənmi
unudanların peşəsidir
gözlərinə göy üzünü vermək...
Gözümüz aydın, ustad!
Universitetdəki pillələrlə sevgili olduq.
Qırx beş milyon ayağımdır bu pillələrdə,
Düşündükcə qırx beş yaş qocalıram...
Biləklərimdəki bilərziklərin cavabını soruşmağa gəldim.
...kürəyimdəki yaralar yenə ağrıdır, ustad.
Qamçıları kəs ki, keçməsin insanlıq fənnini,
keçməsin yuxularımdan işgəncə qatarı...
Neçənci kursda keçəcəyik ağrı fənnini,
görəcəyik Təbrizin Ərkini...?!
...daha kəsilməyə canım da yoxdur
Dilim kəsik- kəsikdir, ustad!
De, getsin yuxularımdan
Yenə o kişi məni gözü bağlı soraqlayır.
Onun çiyninə taxılan ulduzlar gecələrimi qaraldır...
Yuxularımda qaranlıq otaq,
qaranlıq otaqdasa yenə özümü görürəm,
yenə pəncərələr daralır divarların qucağında...
Daha dilim danışmır gərçəkləri,
biləklərim sıxılır.
Utanıram dilimdən...
Adım Ümiddir yoxsa Umud?!
Öyrətsən də
içimdə Umud məzarlığı var.
Tələbə biletimin gözlərini bağlayıb güllələdilər,
asdılar bioqrafiyamı,
bəlkə yorulsun ayaqlarım,
söz tapa bilməyəm yazmağa...
Səməd əminin məzarı üstə kitabım necə
kəpənəyə döndüyünü soruşma!
Özüm burda olsam da, kölgəmi basdırdım
İmamiyyə qəbiristanında.
Gözümüz aydın, ustad!
Universitetdəki pillələrlə sevgili olduq...
Gündə danışıram əzablarımı pillələrə.
Pillələri çıxarkən özümdən çıxıram,
Axı ağırlığım boyda daşam bu yaşımda.
İki qol arasında vətəndaşam, ustad!
Sözlərim zindanda qocalır...
Anama görə bütün şeirlərimin qanadları bağlıdı...
***
Otağındakı çıraqları söndür
Bu şəhər qaranlığa vurulub...
Sən yolçuluğa çıxanda
heç kim gəzmir küçələrdə.
İtlər, pişiklər belə itirir ev yollarını.
Bütün qatar biletlərinin üstündə "gediş" yazılır...
Birisi qumar oyununda uduzur ürəyini,
Birisi kafedə özünü qoyub gedir.
Bax beləcə
Necə gözlərin gülür üzümə
Necə baharı qonaq gətirirsən qar üstünə,
o tayın tənhalıq qızı.
Hər gecə Arazdır şeirlərim Xəzərə!
...ağlamayır əllərim, sən oralardan körpü olanda.
Körpü dediyim saçlarındır,
Saçlarınsa Vətən bayrağım...
***
Gecələri rahat yatmaqla deyil ki...
Ürəyinin arxasında durmuş bir adam.
Sərçə özünü necə çırparsa pəncərəyə,
Elə çırpınıram ürəyinin arxasında.
Ciblərində Günəşi doğdurur çaxmağında.
Söykənib keçdiyin küçələrin divarlarına
Sən keçdikcə kərpiclənir...
Bir lələklə quşdu O,
Gözlərinə uçmağa.
Bir damcı dənizdi səndə boğulmağa...
Əllərini uzat,
göy qurşağı nədirsə bilim.
Söylə nədir gözlərindəki yuxularım, ey Tanrıcıq...
Bəlkə yoxluğunda içimdə gəzişən varlığındır,
Bəlkə gecələrimdən sovuşan addımlarındır.
Durma!
Qatarlar durmadan yetirsinlər səni
Daha neçə il yollarında dayanacaqlar gözləsin...
Darıxmağı bir qaşıq içərsən,
Bilərsən ucqarlardan necə sıxılasıyam
Bilərsən məsafələrdən necə asılasıyam.
Bağrın açılmazsa üzümə, daha bağırmayacağam
Bir gün sənsiz yer altında kölgəmi qucaqlayacağam ,
kölgəmi...
***
Kölgəsindən də sevgi qoxuyan
Gedən kəslərin kölgəsinə sevgi bağlayan
Bu buludların altında
Birisidir ki, şeirlərinə yığar dilindən kəlmələri...
Birisini yaxşı görmək üçün yuxuda
Çıxarmaz yatarkən gözlüyünü...
O gecə-gündüz otağında divarlara söz pıçıldar.
Yazıb qaralar
Onu tanıyır parkda bütün tənha oturacaqlar.
O ayaqladığı yarpaqların səsini bir tək süpürgəçilər eşidər
Yarpaqlar süpürgəçilərin sevgilisi...
O yarpaqlartəki evsiz,
O hər axşamları kefsiz
Qaranlıq gecələrində dinlədiyi sevgi mahnıları ürəyində qırılar
Küsər özündən
Aynada da özünə baxmaz…
Daha saymaz
Çıxıb gedər özündən
Ulduzları düşər göyüzündən
Göy üzü kor olar
O bir tabutdur içində ölü yox,
O bir kitabdır ağ səhifəli
Hamı ona göz yaşı deyir,
O gözlərimə çox oxşayır.
***
Gözü bağlı qaldıq...
Söndürülməz içimizdə yanğın
Kor görünməz, kəlmələrlə yaşadıq
kərpic-kərpic röyalardan bir ev qurulsa
çevrəsində ağaclar ucalsa
sənin qucağında o da ölmək istər…
Günahsız ölməz ümidlər
tüfəng, mərmilərin tüpürər
çəkil qırağa,
ağrım var, bır şeir doğuram.
Yazılmayan dəftərin göy sətirləri
dustaqların milidir
sözcüklərin arxasından baxıram yollarına…
Yandırıb-yaxıram səndən başqa hər nə varsa
məktub yaz ki, əli bağlı qaldıq
yaz ki, yağ yağış,
yaz Ağrı dağı ağrımasın
kilidlənən ağzımıza bir söz çilə
bir siqaret kötüyündən başlandı külqabımın xatirəsi
islandıq birlikdə
ağlamaqdan sonrakı fəsildir payız
qulağını daya bu yazıya!
Nəbizləri tez-tez vurur
nəfəs çəkir bu yazı,
nəfəs çəkir.
***
Durduğun yerdə dur, dağlar kimi…
Göz də vurma.
Payızın yapraqları intihar etməsin budaqlarında...
Nəfəsini öldür,
Şəkillərdə olduğun kimi…
Doyunca baxım sənə
Ölümlə umudun arasındasan hələ
Dünyanın hər küncündə bir ovuc torpaq olsan da…
Birisinə məzarsan,
Birisinə vətən…
Sizi yuxudan oyatmayacam
Təkcə özüm görmək istəyirəm bunları...
Bir ovuc göy üzü gizlənib quşların qanadında,
hələ harasıdır...
Dəniz təkcə bir damcıdır!
Dalğalarına baxmayın, balıqlarına aldanmayın.
Qağayılar qağamdır, mən bircə ondan söz eşidərəm!
Qağayılar uçur damarımda...
Beynimdə pambıq düzlərində,
bir qız ayaqyalın qaçır röyaları arxasınca
Bağışlayın ki,
Sizi yuxudan oyatmayacam.
Təkcə özüm görmək istəyirəm bunları...
Mənim gözlüklərimin arxasında,
sobalar içində pullar yanır!
Ovuclarımda buludları sıxsam əgər,
Suriyada yağış yağar...
Saçlarımdakı ağ dənlər kəpənəkdir.
Uşaqların yuxularına qonan bir kəpənək...
Bütün fəsillər bir qoca dərvişin oyunudur,
bizi saxlamağa, bizi durdurmağa,
Səni unutdurmağa çalışır,
Sənin adını bu pəncərənin şüşələrindən silmək istəyir...
Bağışlayın ki,
Təkcə özüm görmək istəyirəm bunları...
Bağışlayın ki,
Sizi yuxudan oyatmayacam!
***
Məni yuxunda gördün
Ayaqlarımı unutduğum gün.
Əllərimin sahibsizliyini bildiyim saatdan,
Mən payızın buruq-buruq küçələrindən sənə danışıram.
Məni yuxunda gördün
Küləklər şəhərində kül olduğum gecələr.
Qurbəti gözlərimə yüklədiyim an,
Mən quru yarpaqlar radiosundan sənə danışıram,
Dinlə!
Sənsizliyə bir stansiya qalmışam mən,
Sənsizlik acı dərmandır toxdatmır dərdlərimi…
Məni yuxunda gördün
Bir qullab udduğum bulud da sənsizlikdir…
Güzgüdə görünən hər nə varsa
hisslərimin saçları ağarır yoxluğunda…
Hisslərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.
Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım,
Sənsiz darıxmadır hər addım.
Qürbətimə ağlayınca,
Mənə bir çətirlik vətən saxla yağmurda…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!