Şamaxıda rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə M.Ə.Sabirin Şamaxının qədim Yeddi Gümbəz qəbiristanlığındakı məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra böyük sənətkarın ev-muzeyi ziyarət olunub. Şəhərdə ustad sənətkarın adını daşıyan parkdakı heykəlini ziyarət edən qonaqlar abidənin önünə də çiçəklər qoyublar.
Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgəsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparıcılığı ilə keçirilən konfransı giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri Anar görkəmli sənətkarın satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıb və onun uşaq şeirlərindən nümunələr söyləyib.
Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli çıxışında elmi-praktik konfransın təşkilatçılarına təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, ustad sənətkarın 160 illiyinə həsr olunan filmin çəkildiyini və filmdə sovet dönəmində Sabir yaradıcılığına yanlış yanaşmanın olduğunu söyləyib.
Rayon icra başçısı Tahir Məmmədov çıxışında Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb.
Konfransda çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, “Ədəbiyyat” qəzetinin bas redaktoru Azər Turan, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirli, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, “Ədəbiyyat” qəzetinin baş redaktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adil Cəmil və başqaları 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıb, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün onun əbədi qürur mənbəyi olduğunu vurğulayıblar.
Çıxışlarda diqqətə çatdırılıb ki, cəmiyyətdə mövcud olan bütün neqativ hallar Sabir yaradıcılığında öz əksini tapıb.
Tədbirdə gənc yazarların Mirzə Ələkbər Sabirə həsr etdikləri şeir və qəzəlləri səsləndirilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!