Ədəbiyyat İnstitutunun əməkdaşı polşalı tələbələrə mühazirə oxuyub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Horizon 2020 - Erasmus + KA 107” proqramı çərçivəsində Polşada akademik səfərdə olub.

Bu barədə Ədəbiyyat İnstitutundan bildirilib. Səfər zamanı o, Bialyistok Universitetinin tələbələrinə Ədəbiyyat İnstitutu haqqında məlumat verib, həmçinin Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyası, Azərbaycan–Polşa ədəbi əlaqələri barədə mühazirə oxuyub.

Onlayn olaraq tədbirə qoşulan Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Bialyistok universitetinin tələbələrinə Azərbaycan, ölkəmizin siyasəti və ədəbiyyatı haqqında məlumat verib. Nitqinin sonunda akademik İsa Həbibbəyli müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Samir Səttarov səfər zamanı Byalistok Universitetinin prorektoru professor Yaroslav Matveyuk, universitetin filologiya bölməsinin dekanı professor Yaroslav Lavski və bir neçə məsul şəxslə görüş keçirib. Görüşdə müəssisələr arasında əməkdaşlıq perspektivləri, birgə konfransların təşkili, məqalələrin çapı haqqında müzakirələr aparılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!