Vüqar Əhmədin “Xeyirxahlıq mücəssəməsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında AMEA-nın şöbə müdiri, professor, şair Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” kitabının təqdimatı keçirilib.

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə çıxış edərək tədbirin Mərdəkanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, H.Z.Tağıyev ömrünün son illərini Mərdəkanda yaşayıb və burada dəfn olunub.

Daha sonra çıxış edənlər Azərbaycanın böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadimi H.Z.Tağıyevin Azərbaycan xalqının inkişafı və maariflənməsi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Diqqətə çatdırılıb ki, Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ölkəmizdə və UNESCO-da qeyd ediləcək.

Vüqar Əhməd tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Sonra isə Azərbaycan Dövlət Televiziyasının solisti, müğənni Almaxanım Əhmədlinin və muğam müsabiqəsinin qalibi Sədəf Budaqovanın, eləcə də gənc müğənni Alim Məmmədovun Vüqar Əhmədin sözlərinə yazılmış “Azərbaycan-Türkiyə”, “Əzizim”, “Arzular” və digər mahnıları alqışlarla qarşılanıb.

Sonda Vüqar Əhmədin H.Z.Tağıyevə həsr etdiyi şeir məktəblilərin ifasında tədbirə xüsusi rəng qatıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!