“TÜRKSOY-un mübarək yolu” əsəri Ankarada türk dilində çapdan çıxıb

 

Azərtacın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu “TÜRKSOY-un mübarək yolu” kitabı Ankarada türk dilində çapdan çıxıb.

Əsərin “TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində ümummilli lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri, eləcə də digər türk dövlətlərinin liderlərinin bu qurumla bağlı düşüncələri əksini tapıb.

TÜRKSOY tərəfindən nəfis şəkildə nəşr olunan kitabda türk dövlətlərinin ortaq mədəniyyət siyasətinin bütün istiqamətləri müfəssəl təhlil edilib. Nəşrdə TÜRKSOY-un təsis edilməsi, inkişaf yolu, hazırda şaxələnərək dünyanı əhatə edən fəaliyyət istiqamətləri, həyata keçirdiyi strateji layihələrin hər biri ayrı-ayrılıqda araşdırılıb. Bundan başqa, TÜRKSOY-un yaradılmasına dair rəsmi sənədlər, ikitərəfli əməkdaşlıq barədə beynəlxalq müqavilələr, müxtəlif təhsil ocaqlarında TÜRKSOY kafedralarının yaradılması barədə razılaşmalar da kitabda yer alıb.

Kitabın “TÜRKSOY-25: şərəfli yolun astanasında” adlanan Azərbaycan dili versiyası 2019-cu ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilib. Həmin kitabın məsləhətçisi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Ön söz” müəllifi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur. Əsərin Türkiyədə çap olunan versiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra yazıldığı üçün müəllif 2019-cu ildən sonra türk dünyasının tarixində baş verən mühüm hadisələri, o cümlədən Qarabağ Zəfəri və ondan sonra siyasi-mədəni proseslərinin mühüm məqamlarını da dərindən araşdırıb.

Türk Dövlətləri Təşkilatının ötən il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməsi, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması, özünəməxsus gözəlliyi ilə seçilən, Qafqazın incisi Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi, otuz illik işğala son qoyulandan sonra azad edilən Azərbaycan torpaqlarında quruculuq işləri, həyata keçirilən beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlər və s. mühüm məlumatlar da kitabda əksini tapıb.

Nəşrdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “TÜRKSOY-un 20 illiyi” yubiley medalı ilə təltif olunması da qeyd edilib.

TÜRKSOY-un keçdiyi şərəfli yola işıq salan kitab həm də təşkilatın tarixini özündə əks etdirməklə tədqiqatçılar üçün sanballı mənbə rolunu oynayır. Əsərin ərsəyə gəlməsində AZƏRTAC başda olmaqla türk dövlətlərinin aparıcı media qurumlarında, eləcə də dünya mətbuatında yer alan məlumatlardan geniş istifadə edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!