56 saylı məktəbdə "Azad Şuşaya qayıdış" adlı tədbir keçirilib - FOTOLAR

 

Şuşa ili çərçivəsində Bakı şəhəri 56 saylı məktəbdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ədəbiyyat qəzeti"nin təşkilatı dəstəyi ilə "Azad Şuşaya qayıdış" adlı tədbir keçirildi

Tədbirdə Milli Məclisin  deputatı, AMEA-nın  vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunun baş direktoru İsa Həbibbəyli, Milli   Məclisin  deputatı, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov,  Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,  “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, YAP idarə heyətinin üzvü, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnistutunun “Uşaq ədəbiyyatı” şöbəsinin  müdiri Elnarə Akimova, uşaq yazarları şair Zahid Xəlil, yazıçı Sevinc  Nuruqızı, Ədəbiyyat İnistutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, filologiya elmləri doktoru Mahirə Quliyeva, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, eləcə də BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova, layihələr şöbəsinin müdiri Günay Qurbanova, Xətai rayonu İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov, OCEP koordinatoru Namiq Cəfərov iştirak edirdi.

Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiya Şuşanın tarixini, bu gününü və gələcəyini ehtiva etdirən məzmun üzərində qurulmuşdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Hüseynova açaraq qonaqları salamladı. O bildirdi ki,bu müqəddəs günü bizə yaşadan, sinəsini düşmənə sipər edən şəhidlərimizin, qazilərimizin şərəfli ömür yolu hər bir şagird üçün örnəkdir. O, ilk sözü məktəbin şəhid məzunları Ceyhun Abbasov və Elvin Abbasovun valideynlərinə verdi. Şəhid atası Namiq Abbasov Ceyhunun mübariz  döyüş yolundan danışaraq ona həsr etdiyi şeiri səsləndirdi. Sonra ikinci Qarabağ müharibəsinin iştirakçısı olan məzun Elnur Novruzov 44 günlük müharibə, Zəfər yolumuzla bağlı çıxış etdi. Daha sonra qonaqlar tədbirin milli dəyərlərimizin inkişafındakı rolundan danışdılar.  Şuşanın tarixi, mədəniyyəti barədə maraqlı məlumatlar verdilər.

Tədbirin sonunda İsa Həbibbəyli məktəbin kitabxanasına 50 adda kitab bağışladı və qeyd etdi ki, bu tədbir Ali Baş Komandan İlham Əliyevin imzaladığı “2022-Şuşa ili” sərəncamına uyğun şəkildə hazırlanmaqla həm gərəkli bir missiyanı reallaşdırmalı olub, həm də uşaqların milli-mənəvi ruhda tərbiyələnməsi baxımından mütərəqqi addım atıb. Digər iştirakçılar da çıxışlarında tədbirin önəmindən bəhs etdilər. Akademik Nizami Cəfərov Şuşanın tarixi ilə bağlı əhəmiyyətli məqamları qabartdı. Filologiya elmləri doktoru Mahirə Quliyeva Molla Pənah Vaqif və Xurşudbanu Natəvanın poetik özəlliklərinə, eyni zamanda tale, ömür yoluna diqqət yönəltdilər. “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan məktəbin direktoru Könül Hüseynovanın əməkdaşlıq üçün təşəbbüsünü nəcib addım kimi qiymətləndirdi,  “Şuşa ili” çərçivəsində belə tədbirlərin təşkil olunmasının vacibliyindən danışdı, Tənqidçi-ədəbiyyatşünas, “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova uşaqların ifasında təqdim olunan “Xarıbülbül” rəqsini, “Arşın mal alan” operettasından  səhnəciyi, Vaqif, Natəvan şeirlərinin səslənişini Şuşa adını simvolizə edən əsas məqamlar kimi dəyərləndirdi. Uşaq şairi Zahid Xəlil “Dəmir yumruq” kitabını məktəbə hədiyyə edərək, poemadan bir parça səsləndirdi.  BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova məktəblə elm xadimlərinin görüşünün mütəmadi xarakter daşımalı olduğunun zərurətini vurğuladı, şagirdlərin sağlam ruhda böyümələri üçün bu cür görüşlərin yüksək təsir bağışladığını qeyd etdi. 

Tədbir maarifləndirici və yaradıcı söhbətlərlə yekunlaşdı. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!