Mirzə Ələkbər Sabir haqqında yeni bədii-sənədli film çəkilib

 

İctimai Televiziya M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar “Səbirli adam. Mirzə Ələkbər Sabir” adlı yeni bədii-sənədli film hazırlayıb.

Filmin yaradıcıları M.Ə.Sabirin keşməkeşli həyatına işıq salır, əsərlərinin məhv olunmaqdan necə xilas edildiyini xüsusi qabardırlar.

Filmin ssenari müəllifi Müsəllim Həsənov AZƏRTAC-ın müxbirinə deyib: “Məsələ burasındadır ki, şairin vəfatından sonra onun düşmənləri əsərlərini məhv etmək planı qururlar. Lakin şairin qızı bu təhlükəni duyaraq, Sabirin əsas şeirlərini üzə çıxarmır və bununla da “Hophopnamə” xilas olunur. Bütün bu hadisələr filmdə aktyor oyunu ilə təqdim edilir, Sabirin həyat və yaradıcılığının bir sıra gizli məqamları barədə söhbət açılır”.

Müəllif daha sonra deyib: “M.Ə.Sabir Allahsız idimi? M.Ə.Sabir yoxsul idimi? Şairin həyatına dair bu və digər suallara filmdə ətraflı cavab verilir. Filmdə böyük satirikin həyatı və yaradıcılığı barədə Xalq yazıçısı Anar, şairin nəvəsi Sevda Tahirli, eləcə də Ankara Universitetinin professoru, məşhur tarixçi İlber Ortaylı söhbət açır”.

“Səbirli adam. Mirzə Ələkbər Sabir” bədii-sənədli filminin quruluşçu rejissoru Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyevdir. İkinci rejissoru Çingiz Həsənov, quruluşçu rəssamı Vüsal Rəhim, montaj rejissoru Elçin Elxanlıdır.

Film ilk dəfə şairin doğum günündə - mayın 30-da İctimai Televiziya ilə nümayiş olunacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!