Tutinaz - Zəka Vilayətoğlu

hekayə

Ruh bir quş kimi çırpınırdı. Aradan ötən uzun illər boyunca ilk dəfə idi, bu cür çırpındığı. Hələ ki, xilası mümkünsüz idi. Özünü qadının cisminin iç divarlarına çırpırdı. Qadının gözlərindən daxilinə süzülən işığa aldanaraq, özünü pəncərəyə vurubxilas olmağa can atan balaca sərçəcik kimi aramsız çırpınır, sonda bərk yorulur, süst düşürdü.

Qadın əzab çəkirdi. Bütün bədənini dolaşan ağrının şiddətinə baxmayaraq, balalarını təşvişə salmamaq üçün hər şeyi içində çəkir, zorla gülümsəməyə çalışırdı. Ruhunun çırpıntılarını bütün varlığıyla duyurdu. Hər il evlərinin pəncərələrini çiçəkli bahara açdığı kimi açmaq istəyirdi, canında, qəlbində çırpınan ruhunun qapılarını. Açmaq, uçurmaq və əbədi rahatlanmaq istəyirdi. Altmış doqquz il həyatın şirinliyinə aldanaraq, öz ruhunu da aldatmış, öz bədən qəfəsində onu daim ovutmağa çalışmışdı: "Hər şey yaxşı olacaq, gözəl olacaq, sakit ol, darıxma! Sıxılma! Həyat şirindir, gözəldir!" Beləcə, ruhunu aldada-aldada ömrünün altımış doqquzuna gəlib çıxmışdı. Amma bu yaşı ona vermək olmazdı. Ucaboylu, düz qamətli, dolğun, şux yanaqlı, yaşından çox-çox cavan idi. Ağappaq, gur saçları da ona ayrıca bir gözəllik vermişdi. Sanki illərin ağappaq işığına bələnmişdi üz-gözü, yanaqları. Qəfil beynində bir fikir ildırım kimi çaxdı: "Birdən ölsəm?!.. Həəə, deyəsən, yanılmıram! Odur - Ölümdür! Qapının ağzında dayanıb baxır mənə!.. Gəl, yaxın gəl! Mən də hamı kimi, mən də adi insanlardan biri! Gəl, gəl, al canımı! İllərlə ağrımış, sızlamış bu üzgün, yorğun canımın məlhəmi, bəlkə sən olasan! Gəl, yaxın gəl!"

Ölüm qara kölgə kimi qadının gözləri önündən, gah çəkilir, gah da yenidən görünürdü. Bu dəfə qadın ölümü və onun qara-qorxusunu unudaraq, tək bircə şey haqda düşünürdü: "Görəsən, canımdan can verdiyim, uğrunda hər zəhmətə qatlaşdığım o, gələcəkmi, ölüm xəbərimi eşidəndə?! Eeeh, niyə gəlsin ki? Bu qoca qarı, artıq illərdir, kənd adamından daha çox bir şəhərlini xatırladan, üstəlik,  şöhrəti ellərə yayılmış birisinin yadınamı düşəcəkdi, yəni? Niyə də düşsün ki?.. Yoox, inanmıram, ola bilməz ki, o, mənim ölüm xəbərimi eşidib gəlməsin! Gələcək, əminəm ki, gələcək! Əgər o, mən tanıdığım adamsa, mütləq gələcək! Görəsən, hansı hissləri keçirəcək? Gözlərindən tək bircə damla yaş axacaqmı? Kaş bunu görə bilsəydim! Görəsən, doğrudanmı insan öldükdən sonra onun ruhu yaşayır?.." Qadın öz ruhunu görməyi, bütün bu düşündüklərini ondan sormağı elə arzu edirdi. Ruh isə bu dəm çırpınır, ondan xilas olmağa can atırdı.

Ruh son dəfə çırpındı və qəfil qadının nəfəsliyindən çıxıb pırıltıyla uçub getdi. Əvvəlcə azad, sonsuz göyləri bir an ərzində dörd dolandı, nəhayət, yenidən qayıdıb gəldi və otaqda döşəməyə uzadılaraq, bir ağ örtüyə bürünmüş qadının nəşinə baxıb durdu. Ağlayan, hönkürən adamların başı üstündə dövrə vurub yenidən bayıra uçdu və həyətin bir tərəfindəki qızılgül kolunun budağına qondu. Orda da qərar tuta bilməyib daha uzaqlara uçdu. Uçdu və qosqoca şəhərin bir küncündə yaşayan Adamı tapdı. Tapınca çox sevindi və uçub sağ çiyninə qondu. Və bu adam, az sonra qadının öldyündən xəbər tutub sarsıldı. Qadının arzuladığı bir cüt göz yaşı axıb yanaqlarından süzülüncə onu izləyən Ruh fərəhlə gülümsədi. Adamı öpmək, oxşamaq istədi, bacarmadı. Sadəcə, fərəhlənməklə kifayətləndi. Sonra bir az kənara uçub Adama diqqətlə baxdı; tam yetkin bir kişi idi. Saçları da çallaşmışdı. Amma üzündəki xoş ifadə həmişə olduğu kimi qalırdı.

Ruh ötənləri xatırlayır, həyəcanlanırdı. Sanki elə indicə olmuşdu hər şey. Göylər qara buludlarla örtülmüşdü. Az sonra göylərin qorxunc hönkürtüsündən dağ-daş lərzəyə gələcək, tir-tir titrəyəcəkdi. Dərələrdə hayqıran qorxunc sel qabağına keçəni aparacaq, hər şeyi uçurub-dağıdacaqdı.

Göylərdən aramsız süzülən yağış altında iliklərinəcən islanan qadın o axşamçağı göylərdən betər hönkürüb ağlayırdı. Üzünü, gah qaralmış göylərə, gah azğınlaşıb dərələrə qorxunc şaqqıltı salmış dağ çayına, gah qosqoca şiş qayalara tuturdu: "Gördünüzmü, mənim əmanətimi?! Ay azğın sular, sizmi apardınız, sizmi parçaladınız ürəyimi?!. Eeeey, qoca dağlar, şiş qayalar, gördünüzmü, burdan keçmədi ki, mənim şirinim?! Allah, Allah, görəsən, qurd-quşmu yedi, hara getdi, niyə getdi? Sənə qurban olum, Allah, elə burda, bu yerdəcə al canımı, məni peşiman eləmə!"

Daha heyi qalmamışdı qadının. Cismiylə birgə ruhu da əzab çəkir, ağrıyır, sızlayırdı. Səsinə səs, harayına haray verən yox idi. Sanki dağ çayının azğınlaşmış sularının şaqqıltısından dərələr də, dağlar da, insanlar da kar olmuşdular, eşitmirdilər onu.

Qadın düşünür, təsəvvüründə canlananlardan vahimələnir, nitqi quruyurdu. Uşağı bir ac canavar parçalayıb yeyir, qanlı ağzının qıraqlarını yalayırdı. "Yooox, ola bilməz!.. Alah, Allah bu nədir, düşünürəm?!.."

Uşağı sel aparırdı. Çarəsiz uşaq bulanıq suların qoynunda çapalayır, imdad diləyir, ağlayır, qışqırırdı. Sonda səsi tamam kəsildi. Qadın bir daha vaysındı: "Vaaay, Allah məni öldürsün! Kaş heç yana getməyəydim, əmanətimi gözdən qoymayaydım! Yoooox, yox, o, ölməyib! Onu canavar yeməyib, sel aparmayıb! O, yaşayır!.. Qurban olum, Allahım, məni bu qara düşüncələrdən xilas et! Qıyma balama!"

Qaranlıq ətrafı bürümüşdü. Uzaqdan alaçıqlarda yanan neft lampasının zəif işıqları süzülüb gəlirdi.

Göylər hönkürüb qəfildən kirimiş, sakitləşmişdi. Yorulub əldən düşmüş, tamam islanmış qadın başındakı kəlağayısını açıb islaq saçlarının suyunu sıfqardı. İslanmış kəlağayını ağlamaqdan şişkinləşmiş gözlərinə sıxdı. Yerimək istədi, ayaqları sözünə baxmadı. Keyləşmişdi. Öz alaçıqları yaxında olmasına baxmayaraq, burdan ora aparan yollar çox yoxuş idi. Qadın bir qayaya söykənib çarəsizcəsinə təzədən için-için ağlamağa başladı: "Getdi, balam getdiiiiii!.."

O zaman Ruh çox əzab çəkirdi. Hətta bu sızıltıya, ağrıya tablamayaraq, elə o vaxtdan qadının bədənindən xilas olmağa can atırdı. Xilas üçünsə hələ illər lazım olacaqdı. Tanrı onu, düz altmış doqquz illik bir müddətə həbsə məhkum etmişdi.

...Çətindərə deyilən yerə aparan yollar çox rahatsız idi. Üstəlik enişli-yoxuşlu. Bu çətin yollardan keçib son dərəcə ürəkaçan, ofsunlayıcı gözəl bir məkana gəlib çıxınca isə insan bütün yorğunluğunu unudurdu. Burda çiçəklər də bir başqa cür qoxurdu. Burda havanın da bir başqa cür saflığı, yağışların da bir başqa cür heyranedici qoxusu vardı. Ürək gərək idi, bu gözəlliyə, bu saflığa tablasın. Yayın üç ayını burda yaylayan insanlar qədimdə də bu yerlərdə məskunlaşmışdılar. Sonradan buralardan köç edərək, yolu, izi qismən rahat, havası mülayim olan yerlərdə yuva qurmuşdular. Yayda isə yenidən bu yaylaqlara köçərək alaçıq qurur, yayın üç ayını burda mal-qara saxlayır, qışa tədarük görürdülər.

Bir çox yaylaqlardan fərqli olaraq burda qara damlar tikirdilər. Hər tərəfi taxtayla örtülmüş qara damın üstünə qır çəkirdilər. Yayda da havası sərin olan bu yerlərdə bu cür qara damlarda qızınmaq daha asan olurdu.

Qara damın girişindən sağda ocaqlıq qurulmuşdu. Sonra, azı yeddi nəfərlik taxt düzəldilmişdi. Taxtla üzbəüz taxça idi. Burada qab-qaşıq, sərnic kimi şeylər düzülürdü. Lap arxada sandıqlar üst-üstə yığılmışdı. Hər birinin içərisində pal-paltar, geyim şeyləri var idi.

Taxtın yuxarı başında qadının əri, sonra qadın, sonra uşaq yatırdı. On yaşında olan uşaq üçün burda hər şey olduqca maraqlı idi. Bu yerlər çox ürəyincə idi. Allı-güllü yamaclarda gəzməkdən, nəğmə oxumaqdan, tay-tuşlarıyla oynamaqdan doymurdu. Hər sübh çağı qadın onu öpərək, oxşayaraq yuxudan oyadır, bu dağların qırmızı moruğundan bişirilmiş dadlı mürəbbəyə qatdığı təzə qaymağı bir böyük dilim çörəyin üstə yaxaraq, uşağa verir, buzovları örüşə aparmağı tapşırırdı.

Uşaq, illər ötsə də, o yaxmacın, o nəvazişin dadını, şirinliyini heç vaxt unuda bilmirdi və unutmaq da istəmirdi. Çoxdan böyüyüb, yetkinləşsə də, bu dad, bu şirinlik onu çəkib öz uşaqlığına qaytarırdı. Hər kəndə gedəndə mütləq qadına baş çəkir, zorla onun ovcuna, azdan-çoxdan pul qoyur, deyirdi: "Elə bir şey deyil! Özün istədiyin bir şeyi alarsan!" Qadın isə etiraz edirdi: "Qadan alım, başına dönüm, təki özün, ailən yaxşı yaşayın, mehriban dolanın, kimsəyə möhtac olmayın! Bizə nə var ki, bu gördüyün kənd-kəsəyin hər yanından bərəkət yağır, başımızı girələyir, dolandırırıq!" O ikinci bir söz demədən təkrar böyük məhəbbətlə qadının boynuna sarılıb, onun qızartdaq çöhrəsindən öpür, ayrılırdı...

...Darıxmaq kimi dəhşətli bir hiss, nə uşağa baxır, nə böyüyə. Ürəyə hakim oldusa, insanın əli heç nəyə yatmır. Uşaq da o vaxt beləcə darıxmışdı. Yeri nə qədər isti olsa, günləri nə qədər xoş keçsə də, bir gün kimdənsə və ya nədənsə ötrü darıxmaq kimi bir hiss ürəyinə hakim olunca, insan ona doğru can atır. Bu anlarda kiminsə, - uşağın və ya böyüyün, onun qəlbinə azacıq toxunması yetərlidir ki, baş götürüb qaça, ilim-ilim itəydi. Və belə bir şey baş verdi, o zaman. Öz tay-tuşlarından biri niyəsə onun xətrinə dəydi. Buna bəndmiş kimi, qadının harasa getməyindən istifadə edərək bir axşamçağı hönkürə-hönkürə üz tutub öz kəndlərinə sarı qaçmağa başladı. Arxasınca nə qədər haraylasalar da, məhəl qoymadı. Qaça bildiyi qədər qaçdı. Gözdən itdikdən sonra bir qayanın başında dayanıb dörd tərəfə göz gəzdirdi. Çox keçmədən hava qaralacaqdı. Vahimələndi. Hara getsin, neyləsin, düşündü! Geri qayıda bilməzdi. Nüfuzdan düşərdi. Qorxaqlığına görə tay-tuşları onu ələ salıb gülərdilər. Yalnız irəli! Qurd-quş yesə, sel-su aparsa belə, irəli getməli idi.

Başını qaldırıb göy üzünə baxdı. Buludlar qapqara qaralmışdı. Mütləq yağacaqdı. Onacan bir neçə çayı keçə bilərdi. Yəqin yolda-izdə bir atlıya-filana da rast gələr, yoldaş olardı. Belə də oldu. Xeyli irəlilədikdən sonra arxada at ayaqlarının tappıltısını eşitdi. Dönüb baxdı. Bir atlı gəlirdi. Kəhər atın belində yəhər yox idi. Bir yaşlı, arıq kişi atın belində əyləşib qucağında da iri bir toğlu tutmuşdu.

Atlı uşağa yaxınlaşıb soruşdu: "A bala, kimin uşağısan, bu axşamçağı hara gedirsən? Demirsənmi qarşına qurd-quş çıxar?.. Qorxutmaq üçün demirəm, bu meşələrdə hər cür vəhşi heyvan var, Allah göstərməsin, adamın rastına çıxsa, sağ tikəsi ələ gəlməz!"

-Kəndə - evimizə gedirəm!

-Lap yaxşı! Gəl, belə edək; düz yolda minərsən atın tərkinə, yoxuşda, enişdə isə düşüb yanımca piyada gedərsən, razılaşdıq?

Kişiylə əməlli-başlı dostlaşdılar. Məlum oldu ki, onun oğlu əsgərlikdən gəlib və kişinin qucağında alıb apardığı da oğlunun qurbanlığıdır...

Gedirdilər. Arxada nələrin baş verdiyindən xəbərsizdi uşaq. Qarşıda nələrlə, kimlərlə üzləşəcəyini, görüşəcəyini təsəvvür etdikcə sevinir, fərəhlənirdi. Yəqin indi atası sanatoriyadan gəlmiş, onun üçün gözəl hədiyyələr almışdı. Atasının, anasının boynuna sarılıb bütün darıxmaq hissini ram edəcək, heç nə olmayıbmış kimi, sabahkı həyatına əmin-arxayn davam edəcəkdi. Dağ çayının azğın sularına axıb tökülən göz yaşlarından xəbərsiz halda gecələr rahatca uyuyub, səhər tezdən Günəşin gözəl təbəssümündən ayılacaqdı.

O, dünyaya göz açandan anasını xəstəhal görmüşdü. Günləri, ayları, demək olar, xəstəxanalarda keçən anasının mehrinə, nəvazişinə həsrət qalmış, beləcə də böyümüşdü. Bir neçə dəfə ağır cərrahi əməliyyatlara məruz qalmış anasını xəstəxanalara aparıb-gətirən atasının da üzünü az-az görürdü. Bu üzdən də bu ağır günlərdə həmin qadın böyük mərhəmət hissilə onlara yardım əlini uzatmış, onların mal-qarasını öz mal-qarasına qatıb uşaqla birgə yaylağa aparmışdı. O vaxtdan da uşaq bu qadını öz doğma anası kimi qəbul etmiş, candan sevmişdi. Bunca zəhmət, bunca diqqət unudulmaz idi. Hələ ona göstərilən qayğı... Həqiqətən qadın ona öz doğma balalarından da doğma münasibət göstərmiş, analıq etmişdi. Uşaq çox yaxşı dərk edirdi bunları. Burda günləri çox şən keçirdi. Atasının onunçün aldığı rus gitarası da onunlaydı. Hər axşam əl-ayaq çöldən-bayırdan yığışanda yaylaq əhlinin bütün azyaşlı uşaqları, genbalaq, irituman qarıları bir ocaq başında onun ətrafında dövrələnib otururdular. Hamı maraqla, fərəhlə gözləyirdi; o, gitarasını bağrına basıb çalacaq, kövrək, titrək uşaq səsiylə onlar üçün mahnılar oxuyacaqdı. Bu sevgi, bu həvəslə, uşaqlı-böyüklü hamı hər gün axşamın düşməsini gözləyirdi. Hələ kəpənək qızlar. Hər birinin bir ayrı cür heyranlığı duyulurdu, ona qarşı. Bu heyranlığı içlərində boğub gizlədən qızlar, yayın sonlarına yaxın dərələrdə yetişmiş qırmızı moruqları dərməyə gedərkən heç cür gizlədə bilmirdilər. Onun qulaqları eşidə-eşidə biri-biriylə mübahisə edir, "O, mənim sevgilimdir. Mən ona ərə gedəcəm"... O, eşitdiklərindən utanıb qızarır, dinmirdi, qəlbinin dərinliklərində isə çox xoşhal olurdu. Bu an xəlvətcə bir uşaq istehzasıyla gülürdü də. Bu qızlar əbəs yerə özlərini əldən-dildən salırdılar. Onun sevdiyi qız bir başqası idi. O qız, bu qızların arasında yox idi. Onu anası moruq dərməyə göndərmirdi. O da həmin qızın eşqiylə alışıb-yanır, bütün nəğmələrini onunçün oxuyurdu. Digər qızlar da bu nəğmələrdən öz paylarını götürürdülər...

Yaylağa gözəllik qatan, bu yerləri mənayla dolğunlaşdıranlardan biri də Keçəl idi. Əsl adı Qədim olsa da, hamı ona, nədənsə Keçəl deyirdi. Keçəl nağıl dünyasının adamlarına bənzəyirdi. Xırda, çuxura düşmüş gözləri, iri burun pərləri və böyük ağzıyla ilk görünüşdə qorxunc bir canlıya bənzəyən Keçəlin o qədər gözəl, saf və yumşaq ürəyi vardı ki... Aralarında on beş yaşa qədər fərq olsa da, onlar çox tez dostlaşmışdılar. Keçəlin saysız-hesabsız nağıllarla zənginləşmiş, bütövləşmiş, gözəlləşmiş gözəl bir mənəvi dünyası vardı. O, Keçəli hədsiz çox istəyirdi. Keçəl onunçün Cəlayi-Vətənin nağılını elə maraqlı bir dillə nağıl edirdi, uşaq büsbütün sehrlənirdi. Amma darıxmaq bir ayrı şey idi. Bu dəhşətli darıxmaq hissi burda hər kəsi, hər şeyi son günlər unutdurmuşdu ona.Elə bu darıxmağı üzündən də bütün bu gözəlliklərə, maraqlı yaylaq həyatına "əlvida" deyib, gözlənilmədən baş alıb kəndə doğru qaçaraq, yazıq qadının başını bəlalara soxmuşdu...

Bir neçə il qadını yuxularında gördü. Hər dəfə oyanıb yeni günə başladığında xeyirlə, uğurla uğraşdı. Qadını yuxuda gördüyü gecələrin səhəri özünü xoşbəxt, güvənli hiss edirdi. Tam əmin idi, yaxşı pul qazanacağına. Qəribə idi; qadını yuxuda gördüyü gecənin səhəri o, mütləq, gözlənilmədən xeyli pul qazanırdı. Sonra bu haqda bir çox adamlara söz açdı. Bununla da o sirr, o sehr birdəfəlik tərk etdi, onu. Qadını yenidən yuxularında görsə də, heç bir xeyirli, uğurlu iş baş vermədi həyatında. Heç zərərlisi də olmadı. Lap sonralar isə qadın çox nadir hallarda gəldi yuxularına. Görünür, yuxu sirrini başqalarına açdığından qadın inciyib, küsmüşdü ondan.

Ölümündən sonra qadının ruhu həmişəlik onunla qaldı. Onun bundan heç xəbəri olmasa da, ürəyindən, yaddaşından çıxmayan qadın onu bir an belə tərk etmədi...

...Ağ maşın üzü dağlara qalxıb dolaylanan yolla irəliləyirdi. Hər dəfə bu yolları qalxdıqca onun ürəyi sızlayır, gözlərindən yaş süzülürdü. Burnuna toxunan dağ havasından saflıq qoxusu duyulur, ciyərlərinə yayılırdı. Bir şeyi heç cür anlaya bilmirdi; dağlardanmı o qadının qoxusu gəlirdi, ya qadındanmı dağların qoxusu gəlirdi, həmişə?!

Yuxarı qalxdıqca, dağlara yaxınlaşdıqca daha da saflaşır, uşaqlaşırdı. Yenə o gözəl illər, o gözəl qoxular! Yenə də qaymaq qatılmış qırmızı moruq mürəbbəsinin yaxmacı! Yenə də o dad, o şirinlik, o doğmalıq!

Sonra düzəngahla getməyə başladı. Kəndə çox qalırdı. Yolun solunda qəbiristanlıq idi. Hər kəndə yolu düşəndə maşını qəbiristanlığın yanında saxlayıb kövrək-kövrək qəbirlərə baxırdı. Maşından enib içəri daxil olmaq, qadının qəbrini tapıb ziyarət etmək keçirdi, könlündən. Hasara alınmış qəbiristanlığın dəmir darvazasından asılmış kilidi görəndə isə fikrindən daşınırdı. Bu an Ruh ona nəsə demək istəyir, dillənə bilmir, səsi çıxmırdı. Beləcə azadlıqda da çırpına-çırpına qalırdı. Amma bu dəfə baş verənlər Ruha da çox xoş gəldi.

Adam yenə maşını qəbiristanlığın yanında saxladı. Yenə dəmir darvazadan kilid asılmışdı. Xeyli dayanıb qəbiristanlığa baxdı, darvazadakı kilidə göz yetirdi. Ağır addımlarla darvazaya yaxınlaşdı. Fikri qəti idi; hər necə olsa da bu dəfə mütləq qəbiristanlığa daxil olub, qadının qəbrini tapmalı, ziyarət etməli idi. Bu dəfə də bunu etməsəydi, heç zaman özünü bağışlamayacaqdı.

Darvazanın böyük qapısından iri kilid asılmışsa da, balaca giriş qapısı adi bir vintciklə bağlanmışdı. Sevincək vintciyi burub çıxardı və qapını açdı. Sanki təzə bir dünyaya daxil olurmuş kimi, qəbiristanlığa daxil oldu. Payızın nəfəsindən saralmış uzun otlar yerə sərilib yapıxmışdı. İlk qəbrə yaxınlaşanda ürəyi əriyib gözlərindən tökülməyə başladı. Həyəcandan titrəyirdi. Bu, bir qəbiristanlıq vahiməsindən doğan həyəcan deyil, sevinc həyəcanı idi; indi və ya bir az sonra qadının qəbrini tapacaq, baş daşından öpəcək, baş endirəcək, səcdə qılacaqdı.

Qadının dəfnində iştirak etmişdi. Burda dəfn olunduğunu gözlərilə görmüşdü. Ancaq o vaxtdan bu vaxta çox ölən olmuş, qəbiristanlıq xeyli böyümüşdü.

Xeyli axtardı. Yoox, tapa bilmədi. Canı sıxıldı, kədərləndi. Bəlkə qadının qəbir daşını kasıblıq üzündən düzəltdirməmişdilər. Düzdür, onlar çox kasıb, halal zəhmətlə dolanan adamlar idilər. Qadının əri arabir bazara aparıb satdığı qaramalın, qoyun-quzunun pulunu çox səxavətlə xərcləyir, bazar-dükandan ailəsi üçün hər cür ərzaq, şirniyyat, mer-meyvə alıb gətirir, onları korluq çəkməyə qoymurdu. Buna baxmayaraq, kasıblıq kasıblıq idi. Çox güman elə bu üzdən də qadının və ondan bir neçə il öncə ölmüş ərinin qəbir daşlarını hazırlatmaq mümkün olmamışdı. Görünür, lənətə gəlmiş kasıblıq burda da insanlar arasında şərəfsizcəsinə ayrı-seçkilik salmışdı! Nə yazıq ki, indiyəcən bircə dəfə də bununla maraqlanmamışdı. Bununçün də özünü çox qınadı.

Çox axtardı, qadının qəbrini tapa bilmədi. Burda hələ üstü götürülməmiş, yalnız torpaqla örtülmüş bir neçə qəbir vardı. Bəzisinin lap təzə, bəzisinin də köhnə olduğu torpağının rəngindən bəlli idi.

Ruh çırpınırdı, yenə. Adam qadının qəbrini tapa bilmədikcə Ruh inləyirdi. Adamsa bu iniltini heç cür duymurdu. Ruh çırpınaraq onu başqa səmtə yönəltməyə çalışırdı, o isə torpağının rəngi quruyub bozarmış bir qəbrin önündə dayanıb maddım-maddım qəbrə baxır, düşünürdü: "Görəsən, odurmu, İlahi?!.." Çiyninə qonmuş Ruh səslənirdi: "Bu onun qəbri deyil! Arxaya dön! O, buradadır!"

Özündən ixtiyarsız arxaya döndü və ümidsiz, küskün halda çıxıb getmək istədi. Bu an qarşısında, sanki Günəş doğdu. Qamaşan gözlərini təkrar-təkrar yumub, açdı. "Həəəə! Odur! Hımm! Yanındakı da ərinin qəbridir! Şəkilləri necə də diridir!"

Qəbrə lap yaxınlaşdı. Sağ əlini baş daşına söykəyib başını əydi, qaynar bir məhəbbətlə "Ana" deyib, pıçıldadı! Doğmaca xalası olan bu qadına, xala deməyə dili gəlmədi. Onun doğmalığını, mehrini, qayğısını, əvəzsizliyini anlatmaq üçün "xala" sözünün yetərli olmadığını duydu. Bir sözlə "xala" sözü ona çox yad gəldi, çox uzaq göründü. Onunçün də dilində təkrar-təkrar "Ana" səsləndi. Dodaqlarını uzadıb baş daşından boylanan şəkli öpdü. Bu an Ruh sevindi, çırpındı, fərəhindən göy üzünə qanadlandı, yüksəkliklərdə dövrə vurub şənləndi.

O, geri çəkilib bir daha doğma, əziz adamların qəbirlərindən boylanan susqun, soyuq şəkillərə tamaşa etdi. Bir qəribəlik diqqətini çəkdi. Həyatda özü qadından boyca kiçik olduğu kimi, burda da ərinin qəbri qadının qəbrindən kiçik idi. Yəqin ki, bu, bir təsadüf idi.

Adamın yaddaşı gizildədi. Təzədən qəbri qucaqladı. Bir anlıq elə zənn etdi, yenə uşaqdır, yenə dumanlı-çiskinli yaylaq gecələrində qara damda qurulmuş taxtın üstündə bu qadının isti qoynuna girib yatır. Astaca pıçıldadı: "Anam, anam, gözəl anam, azacıq yanında mənə də yer elə! Qucaqla, torpağınla mənim də sinəmi ört! Sənsiz çox üşüyürəm bu dünyada!"

Ruh ağlayırdı. Duymuşdu Adamın pıçıltılarını. Yenidən onun sağ çiyninə qonub saçlarını tumarlayır, astaca deyirdi: "Gəl gedək, axşam düşür! Tələsmə, buranın da öz vaxtı var! Gəl, gəəəəl! Gəl gedəəəək! Atan, anan intizarla yolunu gözləyirlər..."

Qəbir daşında iri hərflərlə yazılmış adı son dəfə oxudu: "Tutinaz". Bu adı gözəl bir dua kimi pıçıldaya-pıçıldaya qəbiristanlığı tərk etdi...

28.10.2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!