Cavi DAN
Əgər başladığın işdə uğur qazanmaq istəyirsənsə, həmin işinin ən azı üç adama faydasını düşün və bunun üçün çalış.
Co Vitale
Hind mifologiyasında bir Şişupala obrazı var. Özünün və sözünün yerini, dəyərini, bir də bu dünyada "limit" deyilən bir nəsnənin olduğunu anlayıb bilməyən axmaq bir obrazdır. Bəxtinə düşən şahzadə həyat tərzinin ona verdiyi yekəxanalıqla yetənə yetən, yetməyənə daş atan, böyük-kiçik, qadın-kişi, Allah-bəndə fərqi demədən hamını təhqir etməyə öyrəşmiş Şişupalanın anası onun üçün narahat olduğuna görə, bir gün Tanrıya yalvarıb, oğlunun ona ünvanlanacaq təhqirlərini görməzdən gəlməsini təvəqqe edir. Məqamca kşatriy sayılan, mahiyyətcə şudradan da aşağı keyfiyyətli xarakterli oğlunu karmik cəzadan uzaq tutmaq istəyinə görə hər gün göz yaşları ilə dua edib yalvaran qadına bir gün Tanrı söz verir ki, məhz ona xətir Şişupalanın təhqirlərini görməzdən gələcək… lakin yalnız yüz təhqirə dözəcək, yüz birincidə Şişupala cəzasını alacaq. Çünki onun davranışı həm hörmətli arilər arasında, həm sadə rəiyyət içində pis nümunədir.
Qadın sevincək təşəkkür duası edib o andan etibarən oğlunun taleyindən arxayın olur.
Lakin qadının ağlına gəlmir ki, Şişupala yüz təhqiri keçə biləcək dərəcədə arxayınlaşar.
Və Şişupala məqam düşdükcə Tanrını təhqir edir. Hər təhqirdən sonra cəzasını almadığı üçün ürəklənib, daha yeni əzmlə Tanrıya meydan oxuyur.
İlahi sayğac isə dayanmadan işləyir, təhqirlər bir-bir sayılıb hesablanır.
Yerində və vaxtında cəzalanmayan Şişupalanın gözləri yalançı eqosunun təsiri ilə dumanlanır, çarəsiz bir qadının dualarına görə əldə etdiyi cəzasızlıq limitini özünün əlahiddə keyfiyyətli fövqəl biri olması qənaətinə gəlməsi təkəbbürü altında toxunulmazlıq kimi qəbul edir.
Və Şişupala Tanrıya etdiyi həqarətlərin sayını-hesabını itirmiş olur.
Bir də o zaman ayılır ki, dil-boğaza qoymayaraq, şövqlə, ləzzətlə, ideal bir arxayınlıqla özünün yüzüncü təhqirini etməkdədir və…və Tanrının "sudarşana-çakra" (çərxi-fələk kimi bildiyimiz formada, odlu disk ) adlı silahı hamının gözləri qarşısında Şişupalanın başını bədənindən ayırır.
Şişupalanın kəsik başı belə təhqirlərə davam edərək səsini kəsmir.
O zaman Tanrı təmkinlə pıçıldayır: "Sakitləş…"
Limit, əndazə, hədd, senzura və sair bu kimi məfhumlar iki tipdədir: insanın özünün özü üçün və özünə qarşı olanlar üçün tərtib etdiyi individual olan, bir də cəmiyyətin, dövlətin, dinin, milli dəyər kodeksinin qəbul, həm də tələb etdiyi ümumi olan.
Hər ikisi insanın özünə və ətrafına ziyanlı olmayacağı dərəcəsində gərəklidir.
Xüsusən istedadı olan ədəbiyyat, yazı adamları üçün.
Çünki yazı yazmaq istedadı - Tanrının birbaşa özünün yaradıcı aspekti olan keyfiyyətindən bir zərrə qoparıb insana bəxş etdiyi əmanətdir.
Bu əmanətə şəxsi və yalançı eqo diktəsiylə yanaşıb onu çirkləndirmək olmaz.
Yazı adamı ona verilən istedadı öz səhlənkar mahiyyəti ilə təhqir etməməlidir, onu insanlar üçün faydalı bir halda sərf edib, hər gün daha bir az işığını artırmalıdır.
Nikolay Rerixə görə, bizim bu dünyada yeganə missiyamız qaba materiyanı incə (astral) materiyaya çevirib onu kainatın nəhayətsiz dalğalarına ötürməkdən ibarətdir. Çəkdiyimiz və çəkdirdiyimiz hər bir ah, hiss etdiyimiz və hiss etdirdiyimiz hər bir xoşbəxtlik, qəhqəhələrimiz, fəryadlarımız biz istəsək də, istəməsək də kainatın bitməz-tükənməz energetik dalğaları boyunca fəzada yayımlanır. Hər birinin də qarşılığında bənzər enerji qalığı qayıdır. Sanki marketdən alış-veriş edirsən, bu qədər bəsit.
Və siz bir anlıq təsəvvür edin, sizin yazdığınız kəlmələrin energetik yüklənməsi necədir, nədən ibarətdir və fəzada necə qəbul olunur.
Bəli, istedadlı yazı adamı həqiqətən də yazı yazaraq öz incə (astral) dünyasını yaratmaq şansı olan biridir. Gözəl şansdır, deyilmi? Sadəcə, bir nüansı unutmamaq şərtilə: hər kəs yaratdığı dünyanın mütləq şəkildə həm də sakinidir.
Elə dünya yaratmaq lazımdır ki, Tanrı onu dağıtmağa qıymasın.
P.S. Şişupala Hind mifologiyasında Tanrının bacısı oğlu idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!