Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə Edebiyyatqazeti.az-a institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. “Bizim ədəbiyyat tarixçiliyi üçün orta əsrlərdə əsas mənbə təzkirələrdir. Tarix elmi üçün isə ən böyük mənbə salnamələrdir. Qulam Məmmədlinin xidməti ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə ədəbi salnamələr yaradıb. Azərbaycanda ədəbi salnamə janrının banisidir. O, ilk dəfə “Molla Nəsrəddin” salnaməçisi kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında sanballı salnamələr hazırlayıb elmi dövriyyəyə təhvil verib. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Xiyabani”, “Cənubi Azərbaycan şairləri antologiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi “Qızıl səhifələr” sənədlər toplusu, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və başqa nəşrləri ortaya qoyub. Cəlil Məmmədquluzadənin 140 illik yubileyində Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə bağlı üç əsəri çap etdirdik ki, onun biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini dövriyyəyə gətirmək istəyirik”, - deyə akademik əlavə edib.
Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Qulam Məmmədlinin həyat və yaradıcılığı” mövzusunda məruzə edib. O, məruzəsində Qulam Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi” - ikihissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə” və digər salnamələrin adlarını çəkib. Bildirib ki, Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun işlərini görmüşdü”.
Elmi sessiyada “Qulam Məmmədli mətbuat tarixinin araşdırmaçısı kimi”, “Qulam Məmmədli fenomeni”, “Qulam Məmmədli və “Molla Nəsrəddin” jurnalı” mövzularında məruzələr dinlənilib.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmaları haqqında” mövzusunda məruzəsində vurğulayıb ki, zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Qulam Məmmədlinin şəxsi arxiv materiallarının 38 saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab işıq üzü görüb. Afaq Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli arxivinin təsviri kitabı çap olunub.
Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filmi nümayiş olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!