Bitməyən bayram insanın qəlbində yaşayır.
Ötən əsrin 20-ci illəri, Parisin bohem həyatından bəhs edən filmlərin çoxunda Ernest Heminqueyin kafedə bir küncdə oturub əsərlərini yazan halını izləmək olar. Heminqueyin Parisdə yaşadığı illərdə şəhər incəsənətin mərkəzinə çevrilmişdi. XX əsrin 20-ci illərində dünyanın müxtəlif ölkələrindən Parisə yığışmış novator gənclər özlərini "itirilmiş nəslin" nümayəndələri hesab edirdilər. Birinci Dünya müharibəsi illərində sevilmək, sevinmək istəyən yeniyetmələr qanlı əllərində silah müharibənin dəhşətli üzünü görmüşdülər. Müharibədən sonra həmin gənclər normal həyata öyrəşmək üçün çapalayırdılar. Paris itirilmiş nəslin nümayəndələrinin xilas yeri idi. Ernest Heminqueyin "Həmişə səninlə olan bayram" romanında yazıçı öz ən xoşbəxt anlarını qələmə almışdır. O, bu əsərini ölümündən bir neçə il əvvəl, gənclik illərində Parisdə yazdığı qeydləri tapdıqda yazmağa başlayır. Kitab yazıçının ölümündən sonra çap olunur. "İtirilmiş nəsil" ifadəsi ilk dəfə Gertrud Steinlə yazıçının söhbətində istifadə edilir.
Avropaya müxbir kimi gələn Ernest məhz burda yazıçı olmağa qərar verir. Heminquey Parisdə ilk həyat yoldaşı ilə birlikdə bütün məişət çətinliklərinə, kasıblığa, baxmayaraq ən xoşbəxt illərini keçirir. O illərin həyatının bitməyən bayramı olması fikrinə isə yazıçı artıq illər sonra depressiya, mənəvi sıxıntılar keçirdiyi zamanlar da gəlir. "Həmişə səninlə olan bayram" romanı yazıçının Paris üçün duyduğu nostalgiya hissinin təcəssümüdür.
Parisdə yaşadıqları illərdə Heminqueyin nə özünə, nə də həyat yoldaşına yeni geyim almağa pulu olmur. Parisdə yazılarını yazmaq üçün kafedə keçirdiyi saatlarda, həyat yoldaşı evdə soyuqdan donmamaq üçün üst-üstə geyindiyi geyimlərlə piano çalır. Bütün bunları qələmə alanda artıq məşhurluğun zirvəsinə çatmış, maddi heç nəyə ehtiyacı olmayan yazıçı bir zamanlar Parisdə duyduğu aclığı belə heç nə ilə əvəzolunmaz gözəl, saf hiss kimi təsvir edir. Pul əldə etmək üçün bəxtlərini at yarışlarında sınadıqları, ilk hekayələrindən qazandığı kiçicik qonorarla yaşadıqları sadə həyat, masalarındakı təmtəraqdan uzaq, sadəcə aclıq hissini basdırmaq üçün yedikləri ən ucuz qidalar da bayram süfrəsindəki kimi dadlı olur. Payızın son günü qışın gəlişi ilə başlayan əsər qış fəslində də bitir. Əslində bunun adi təsadüf deyil, yazıçının ömrünün baharını orda keçirdiyinə işarə etmək istəyi kimi anlamaq olar. Rəsm almağa pulu olmasa da, Sezann, Mane, Mone və başqa impressionistlərin əsərlərinə baxmaqdan zövq alan Heminquey Lüksemburq muzeyinə hər gün gedir. O, kitabında etiraf edir ki, Sezannın əsərlərinə baxmaqla yazıçılıqda çox şey öyrənir. Və bu öyrəndiklərini sözlə ifadə etmək imkansız olur. Ulissin müəllifi Ceyms Coysun ailəsi ilə kafedə nahar etməsini kənardan izləyir. İncəsənətlə bağlı müzakirələr apara biləcəyi Gertrud Stein, Ezra Paund, Pikasso kimi adamalarla Parisdə tanış olur. Kitab almağa pulu olmasa da, Parisdə kitab dükanı işlədən Silviya Biç ona ilk tanışlıqdan etibar edərək oxumaq üçün istədiyi kitabları verir. O, rus ədəbiyyatı ilə Parisdə tanış olur. Turgenev, Dostoyevski, Lev Tolstoyun yaradıcılığını Parisdə oxuyur. "Həmişə səninlə olan bayram" əsərində ən çox Skott Fitsceraldan bəhs etsə də, kitabda yazıçının rus klassikləri haqqında maraqlı düşüncələri yer alır. Heminqueyin 1936-cı ildə yazdığı "Kilimancaro qarları" hekayəsinin qəhrəmanı Skot Fitsceralda bənzəyirsə də, məhz "Həmişə səninlə olan bayram" əsərində o, Skottla ilk tanışlığının bütün təfsilatlarını yazıya köçürüb. Möhtəşəm Qetsbinin müəllifi ilə ilk tanışlığını, ona qarşı duyduğu şəfqət, qayğını, bütün kədəri ilə təsvir edir. Həyat elə gətirir ki, o, Skottun istedadını, şöhrətini itirə-itirə çökdüyü günlərin, ağır günlərinin dostu olur. Nə qədər çalışsa da, Skott Fitsceraldın özünü məhv etməsinə mane ola bilməməyini təəssüflə xatırlayır. Skottu yeyib-bitirən, məhv edən Zelda sevgisinin faciəvi sonluğunu qeyd edir. Zelda Skottun istedadını, yazıçılığını qısqanır. Heminquey Skottu hər fürsətdə dəstəkləyərək yeni əsər yazmaq üçün həvəsləndirsə də, bütün cəhdlərin sonunda həmişə Zelda qalib gəlir. O, Skottun özünə inamını tamamilə qıraraq, əyyaşa çevirir. Əsərdəki bu hissələr bitməyən bayramın ən acı məqamlarıdır. Skott Fitsceraldın "Möhtəşəm Getsbi" romanını oxuyan hər bir oxucu romandakı cümlələrin möhtəşəmliyindən kitabın sehrinə qapılır. Belə bir qeyri-adi istedadın məhvinin səbəblərini oxumaq ağırdır.
Romanın bir hissəsində Heminquey Ezra Paundun xeyirxahlığından, ətrafında olan sənət insanlarına göstərdiyi qayğıdan danışır. Maddi ehtiyac ucbatından bankda işləyən və ədəbiyyata vaxt ayıra bilməyən Tomas Eliotun istedadını boğmasına heyifslənir. Onu düşdüyü bu vəziyyətdən qurtarmaq üçün Ezranın təşəbbüsü ilə pul toplayırlar. Tomas Eliotun yaxşı vaxtda mükafat almasından sonra bu pullara ehtiyac qalmır. Əsərdə Ezra Paundu çox tərifləsə də, onun rus klassiklərini oxumağı lazımsız hesab etməsi fikrinə qarşı çıxır.
O, muzeydə Sezannın rəsmlərinə baxarkən rəssamla öz aclığını müqayisə edir. Yaşadığı şəraitdə istədiyi saatda kafeyə daxil olub yemək sifariş etmək onun üçün qəbul edilməz israfçılıq hesab olunardı. Aldığı qonorar ancaq evdə nahar etməyə yetirdi. Heminquey düşünür ki, Sezann da onun kimi aclıq hissi üstün gəldiyi zamanlarda bu əsərlərini çəkmişdir. Daha sonralar o, Sezannın hiss etdiyi aclığın mahiyyətinin tamamilə başqa olduğunu anlayır.
Parisdən kənar, Avropanın digər şəhərlərinə etdiyi səfərlər də kitabda yer alıb. Madridi təsvir edərkən Heminquey burada insana yazmaq üçün tənhalıqdan başqa lazım olan hər şeyin olduğunu qeyd edir.
İlk roman qeydlərini, bütün yazılarını Lion vağzalında itirərkən keçirdiyi duyğuları illər sonra bu əsərdə oxucusu ilə bölüşür. Poçtla redaktora göndərdiyi bir hekayəsindən başqa bütün yazılarını həyat yoldaşı Hedlinin çamadanında itirdiyinə inana bilmir. Evə qayıdaraq bütün nüsxələrin həqiqətən evdə qalmadığına, çamadanla birlikdə itdiyinə əmin olur. Bu itkiyə qədər ölümdən, dəhşətli iztirabdan daha ağır heç nəyin olmadığını düşünən Heminquey düşüncələrinin səhv olmasına yazılarını itirəndə inanır. Bunun bəlkə də bir xeyirə işarə olduğuna inanmağa çalışır. Jurnalistliyi atıb yazıçılığa başladığı andan qarşılaşdığı heç bir uğursuzluq onun inamını parçalamır. Poçtla redaksiyalardan geri qayıdan yazılar onun yazmaq həvəsini azaltmır. O, yazılarını heç kimin anlamadığını, onlara tələbatın olmadığını yaxşı anlayır. Amma təsviri sənətdə, rəssamlıqda olduğu kimi, onun yazılarının da zamanı gələcəyinə bütün qəlbi ilə inanır. Bunun üçün sadəcə özünə inama və zamana ehtiyacı olduğuna əmin olur.
Heminquey payızı təsvir edərkən hər xəzanda, ağacdan yarpaqlar tökülündə insan həyatında da nəyinsə öldüyünü yazır, heç nəyə baxmayaraq baharın gələcəyinə, çayların donmuş sularını əridəcəyinə inanır. Ernest Heminquey yaşanılan hər günü fiestaya çevirmək kimi həqiqəti özü üçün kəşf edir.
Bitməyən bayram insanın qəlbində yaşayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!