Səmavi, ilahi Şuşa - Ezoterik etüd

Şəhər deyəndə müəyyən hüduda, sərhədə malik olan məkanı düşünürük. Şəhəri qeyri - şəhərdən ayıran sərhəd qala divarları, hasardır. Şuşa qala kimi tikilib. Şuşa obrazının, şuşalının, nəhayət, şəhərin özünün varlığı hasarsız mümkünsüzdür. Qala divarları-hasar Şuşanın varlığının antoloji zərurəti idi. Hasar tikiləndə yalnız güclü, möhkəm müdafiə qurğusu kimi deyil, həm də üzərinə əbədilik möhürü vurulmuş bir hadisə kimi düşünülüb. Onun inşası konkret tarixdən başlasa da, ömrü əbədiyyətə hesablanmışdı.

Əslində Pənahabadın kompozisiyası XVIII əsr insanının dünyanı dərketmə formasının ifadəsi idi. Bu şəhər onun üçün dünyanın modeli idi (M.Eliade),  qala divarlarını isə dünyanın sərhədi kimi düşünürdü.

Salnamələrdə şəhər obrazını təqdim edəndə qala divarlarının və qapılarının təsvirinə xüsusi önəm verilir: "Şəhər cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən piyada və qeyri üçün gediş-gəliş mümkün olmayan möhkəm hasar və təbii sıldırım qayalarda əhatə olunmuşdur. Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər… Beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər.

Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi… Bu divarlardan dörd darvaza açdılar" (Mirzə Yusif Qarabağı. "Tarixi-safi").

İncildə Qüdsün təsviri də belədir: "O, böyük və yüksək hasara malikdir. On iki qapısı var və onların üstündə on iki Mələk… Üç qapı şərqdə, üç qapı şimalda, üç qapı cənubda, üç qapı qərbdə…"  (Vəhy: 21-22).

Pənah xan məsləhətləşmə - gənəşmələrdən sonra Pənahabadın inşasına qərar verir. "Biz gərək dağların içində möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahablarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir" (Mirzə Camal. "Qarabağ tarixi"). 

Şuşa şəhərinin təsvirində divar və qapı elementləri xüsusi yer tutur. Divarların mütləq qapıları olur. Qapı dərin simvolik mənalara malikdir: cəhənnəm və cənnət qapıları, əbədiyyət qapıları və s. İsa Məsih özü haqqında "Mən qapıyam" - deyirdi.

Tarixin yaddaşında Şuşanın qala qapılarının adları belə qalıbdır: şimal (əsas) - Gəncə qapısı, şərq - Ağoğlan qapısı, qərb-İrəvan qapısı (Xəlifəli qapısı), dördüncü qapının yeri məlum deyil.

Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanında həmin qapıların təsviri var, yəni romana giriş şəhər qapısından girişlə başlayır. "Dəmir qapıların sanballı qıfılları zırrınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı, bir dəqiqədə qapılar taybatay açıldı, qaranlıq tağlara gün çıxandan qızartdaq şəfəqlər düşdü".

Şəhər obrazının əsas məqamı qala divarlardır. Necə ki, İncildə səmavi Qüdsün təsviri şəhər divarlarının təsviri ilə başlayır.

Şəhərə qapıdan daxil olmaq ölümsüzlüyə, salamatlığa, kosmosa qovuşmaq instinktidir. Bütün şər-düşmən qüvvələri bu şəhərə cəlb edən də, çəkib gətirən də bəlkə bu mistik instinkt idi?! Şuşa insanın təhtəlşüurunda mühasirə arxetipinin yaşarlı edən də budur?

Qapıdan çıxmaq və qayıtmaq  ruhun candan ayrılması və cana qayıtmasıdır. Ruhun gücü şəhər qapılarındadır. Qapılardan məhrum olan şəhər ezoterik-mistik məhvərdən məhrum olur, ölümü, şəri-yamanı, nizamsızlığı, xəstəlikləri içinə buraxmış olur.

Bu şəhərin tarixi neçə zalım düşmən hücumlarını dəf etmiş, neçə əzablı ağır mühasirələrə tab gətirmiş qala divarlarının və qapılarının tarixidir, "uçuqlarda qalan o məsum qanın". (S.Vurğun) xatirəsidir.

Qaladan kənara çıxmaq təhlükə ilə, ölümlə üzləşmək deməkdir. Qala divarları insanların qutsal güvənliyini saxlayırdı. Salnaməçilər yazırlar ki, Xoy xanlığı ilə müharibədə İbrahim Xəlil xan məğlub olur. Əsir götürülənlər arasında Molla Pənah Vaqif də olur. Əsirlikdən azad olunanda Molla Pənah bir də qaladan çıxmayacağına söz verir:

 

Fərd Vaqifdən mən bu səfərdən ki,

                        salamat qayıdım,

Tövbə gər bir də qiyamət günü

                        çıxsam qaladan.

 

Qala divarları şuşalının fəlsəfəsini və psixologiyasını formalaşdırmışdı.

Pənahabad sakini üçün qala divarlarından kənarda yaşayanlar "yad, özgə" varlıqlar idi. Qala divarları və qapıları ölkənin başqa yerləri ilə rabitəni və ünsiyyəti məhdudlaşdırırdı, iç-dış, özününkü-özgə qarşıdurmalarının sərhədi olaraq mənəvi-ruhsal konstruksiya kimi qavranılırdı.

Qala divarları Şuşanın ruhsal sınırıdır. Hər şəhərin öz ruhu var. Məqalələrində və kitablarında "şəhərin ruhunu" axtaran rus tədqiqatçısı N.Antsiferov inanırdı ki, "şəhərin ruhu şəhərin maddi pərdəsindən azad edib, onun təkində gizlənmiş və tarixi prosesdə dəyişən ruhunu açmaqla şəhərlə spiritual (ruhlarla əlaqə) prosesə girmək olar".

Şuşanın ruhu. Neçə Azərbaycan şairi Şuşanın ruhunu dərk etməyə çalışdı. Şuşanın ruhu bu şəhərin varlığı, cövhəri, mahiyyətidir. Üç yüz ildir ki, Qala divarları ("şəhərin bədəni") Şuşanın "ruhunu" - onun gözəgörünməz mahiyyətini, Meydanda, Aşağıbazar, Rastbazar küçələrində, Gövhər Ata məscidində, Vaqifin dağılmış türbəsində qərib-qərib dolaşan əks-sədalarını qoruyub saxlayır.

Şuşanı Pənah xan öncə xəyalında və arzularında qurmuşdu. Mir Mehdi Xəzani yazırdı ki, Pənah xan Şuşanı cənnətə, yəni ideal şəhərə döndərmək istəyirdi. Qəribədir və mistika baxımdan maraqlıdır: tarixdə ideal şəhər ideyası həmişə uğursuzluğa düçar olub. Məsələn, III əsrdə Plotinin qurmaq istədiyi filosoflar şəhəri - "Platono-polis" arzu olaraq da qaldı. İntibah dövrünün "İdeal şəhərləri" də gerçəkləşmədi "kağız memarlığının" nümunələri kimi qaldı. Hindistanda Şri Anrobindonun Aşramı da boş qalıbdır. Allah eyləməmiş, bəlkə Şuşanın acı aqibəti də bu ilahi işarənin nəticəsi idi?

İstənilən şəhərin səma kodu olur. Mistiklər, ezoteriklər inanırlar ki, yer üzündə elə bir şəhər yoxdur ki, onun "oxşarı" olmasın. E.Svedenborq güman edirdi ki, təkcə Səmavi Qüds deyil, Səmavi London da mövcuddur.

Pənah Əli xanın əsasını qoyduğu Şuşanın da səmada mütləq "oxşarı" var - Səmavi, ilahi Şuşa var. Çənlibel kimi, yüksəklikdə yerləşən bu şəhər Səma mahiyyətlidir. Yer üzündəki Şuşa tarixin içindəydi, elə tarixin də, xəyanətlərin və cinayətlərin qurbanı oldu. Amma Səmavi Şuşa bəşər tarixinin, zamanın hüdudlarının dışındadır. Onu ruhlar və Tanrı qoruyur. 

Mən hər iki Şuşanın - həm Qarabağdakı müqəddəs şəhərin, həm də səmavi, ilahi şəhərin varlığına çox inanıram…

 

Rüstəm KAMAL

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!