Bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 May – ümummilli lider Heydər Əliyevin doğum günü” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Ulu Öndər haqqında görkəmli şəxslərin fikirləri, haqqında materiallar, fotolar, Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!