Aprelin 25-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli türkoloq, dilçi və ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirildi. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin bir sıra tanınmış şəxsləri, Kürdəmir rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri, eləcə də alimin ailə üzvləri, rayonun təhsil işçiləri və məktəblilər iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzdülər, sonra A.Axundovun həyat və yaradıcılığını əks etdirən sərgiylə tanış oldular.
Tədbirin aparıcısı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyi tarixindən qızıl hərflərlə keçən akademik Ağamusa Axundov çox sayda önəmli titulların daşıyıcısı, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi idi. Qırx il Bakı Dövlət Universitetində çalışan Ağamusa Axundov nəinki keçmiş SSRİ məkanında, hətta Şərqdə filologiya üzrə ən gənc elmlər doktoru kimi tanınırdı. 35 yaşında isə artıq universitetin Filologiya fakültəsinin dekanı seçilmiş, müəyyən fasilə ilə 17 il bu vəzifədə ləyaqətlə çalışmışdır. O, Ümumi dilçilik, daha sonra Azərbaycan dilçiliyi kafedrasının müdiri, 21 il AMEA Dilçilik İnstitutunun direktoru, AMEA Rəyasət Heyəti sədrinin müşaviri, akademik-katib, "Türkologiya" jurnalının redaktoru vəzifələrində çalışmışdır. Bundan başqa, görkəmli alim Misir Ərəb Respublikasının Qahirə Eyn-Şəms Universitetində bir il Azərbaycan dili və ədəbiyyatından dərs demiş, Praqa, Ankara, Belqrad, Budapeşt, Kayseri, İstanbul şəhərlərində keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Eyni zamanda Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında dilimizə aid konfranslar keçirmişdir.
Görkəmli alim həm də bir sıra elmi, əlaqələndirmə, müdafiə şuralarının sədri, "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olmuş, ABŞ-ın "Frendehin fors" ictimai təşkilatının Fəxri fərmanına layiq görülmüş, Azərbaycan və Ərəb Ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniyada çıxan "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. Dilçilik və ədəbiyyatşünaslıq sahəsindəki dəyərli xidmətlərinə görə "Şöhrət" ordenilə təltil olunmuşdur.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbirdə çıxış edərək dedi: "2017-ci ildə görkəmli alim, unudulmaz müəllim, həqiqi ziyalı, saf insan Ağamusa Axundov haqqında xatirələrimi yazan zaman onu ən dəqiq səciyyələndirə biləcək söz haqqında düşünərkən ağlıma ilk gələn "Ləyaqət, Dəyanət, Təmkin, Ciddilik, Yüksək peşəkarlıq" sözləri oldu. Şübhəsiz, bu sözləri və bu kimi neçə-neçə sözü Ağamusa müəllimə şamil etmək olardı. Amma, nədənsə, ağlıma bir söz də gəldi və bu sözün cazibəsindən çıxa bilmədim. Bu, "Arxayınlıq" sözü idi... Mənim təsəvvürümdə Ağamusa Axundov ilk növbədə arxayın insan idi. Özünə, elminə, dostlarına, tələbələrinə, ailəsinə arxayın olan insan! Bu arxayınlıq özündən razılıq deyil, özündən müştəbeh olmaq deyildi. Bu, həyatda öz missiyasını dəqiq dərk etmiş və bu missiyaya ömrü boyu sədaqətlə xidmət etmiş işıqlı bir insanın, işıqlının arxayınlığı idi. Ağamusa müəllim öz ustadlarına minnətdar idi, eyni zamanda həmkarlarından, yaxınlarından, ardıcıllarından arxayın idi. Bu günə qədər mən heç bir söz adamından Ağamusa müəllim haqqında könülə dəyən bir söz eşitməmişəm. Onun haqqında hamı ciddi alim, xeyirxah insan, vicdanlı müəllim kimi söz açır... Ağamusa müəllimlə ünsiyyət mənə də nəsib olub. Bakı görüşlərindən başqa, ABŞ-da və Şimali Kipr Türk Respublikasında birgə səfərlərdə olmuşuq. ABŞ-a səfərimiz mənimçün əlamətdar bir ildə - 1987-ci ildə baş tutdu. O il, iyunun 18-də yazıçılar təşkilatına sədr seçilmişdim. "Dostluq - gücdür" devizi altında fəaliyyət göstərən təşkilat bizi - bir dəstə Azərbaycan nümayəndəsini ABŞ-a dəvət etmişdi. Belə qarşılıqlı dəvətlərin şərti o idi ki, biz bir neçə şəhərdə şəxsi adamların mənzilində yaşamalıydıq... Nümayəndələr ailələrdə iki-iki yerləşdirilirdilər. Ağamusa müəllimlə mən də bir ailənin qonağı olduq. Bu ailənin üzvləri ilə söhbətlərimiz Ağamusa müəllimin tərcüməçiliyilə olurdu. Baxıb görürdük ki, ali təhsilli olmalarına baxmayaraq, ev sahibləri doğma ədəbiyyatları haqqında çox bəsit və cılız təsəvvürlərə malikdirlər. Beş-üç müəllifdən başqa, heç bir Amerika yazıçısının adını çəkə bilmirdilər. O zaman mənim 49, Ağamusa müəllimin 55 yaşı vardı. Həmin günlərdə heç bunun fərqinə də varmırdıq. İndi düşünürəm ki, bu, bəlkə də, insan ömrünün ən gözəl, məhsuldar, qaynar çağıdır. Həmin günlərdə Ağamusa müəllimlə alimlərimizin və yazıçılarımızın birgə görəcəyi işlər haqqında məsləhətləşir, bir-birindən cazibədar diləklərimizi paylaşırdıq.
Onda da, indi də düşündüyüm odur ki, Ağamusa Axundov ilk növbədə, əlbəttə, böyük dilçi-alimimizdir, amma o dilçilərimizdəndir ki, dil elmiylə ədəbiyyatın sıx təmasda kamil bilicilərindən və qoruyucularından olan Ağamusa müəllimdə yenilik hissi çox güclü idi. Altmışıncılar nəsli təzə-təzə ədəbiyyat aləmində görünməyə başlayanda və çox vədə tənqidlərlə, daha doğrusu, rişxəndlərlə, bir-birindən gülünc tənələrlə, nadan iradlarla qarşılaşanda Ağamusa Axundov bu nəslin yanında idi, bu nəsil yazıçılarının təmtəraqdan, dəbdəbədən, pafosdan uzaq üslubunu təqdir edirdi... Çox sonralar Ağamusa müəllim mənim barəmdə ayrıca məqalə də yazdı... Deyim ki, lap gənclik illərimizdə də Ağamusa müəllim bizi diqqətdən, qayğısından kənarda qoymurdu, bizi təkcə yazılarıyla yox, təşkil etdiyi görüşlərlə də həm dəstəkləməyə, həm də ruhlandırmağa çalışırdı. O, sadə bir ailədən çıxmışdı, amma təbiətən, xisləti etibarilə kübar idi. Heç bir imtiyazı, maddi təminatı olmadan Bakıda çətin tələbəlik illəri yaşamışdı... Ağamusa müəllimin həyat yoldaşı Elmira xanım görkəmli alim, professor Əli Sultanlının bacısı qızıdır. Elmira xanımla beş il universitetin Filoloji fakültəsində bir kursda oxumuşuq. Böyük dilçimizin ailəvi yaxınları da çox ləyaqətli ziyalılarımızdandırlar və Ağamusa müəllim haqlı olaraq onlarla fəxr edirdi. Necə ki, onlar Ağamusa Axundovla fəxr edirlər...
Xatırlayıram, yalnız şifahi çıxışlarında, rəsmi nitqlərində, mühazirələrində, elmi məruzələrində deyil, adicə məişət söhbətlərində də Ağamusa müəllim o qədər səlis, rəvan və gözəl danışırdı ki, valeh olmamaq mümkün deyildi. Dilimizdə bu qədər təmiz, qarmaqarışıqsız danışan bir adamı xatırlamaqda çətinlik çəkirəm. Rəhmətlik Xəlil Rza danışıqlarına əcnəbi kəlmələr qatanı cərimə edirdi. İnanıram ki, bu baxımdan Ağamusa müəllimi saatlarla dinləsəydi, bir qəpik də cərimə ala bilməzdi.
Ağamusa Axundova xas olan kübarlıq, xeyirxahlıq, yetirmələrinə həm tələbkar, həm də qayğıkeş münasibət heç zaman onu tanıyanların yadından çıxmayacaq. O özü də ləyaqətli bir ömür sürdüyünü bilir və bununla qürur duyurdu. Ona görə ki, adının, xatirəsinin həmişə işıqlı, ləkəsiz qalacağına əmin-arxayındı. Bu sözün ən yüksək mənasında Arxayın insan idi...".
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli dilçilik elmimizin inkişafında əvəzsiz xidmətləri olan akademik A.Axundovun 90 illik yubileyinə həsr olunan tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, tədbirin görkəmli alimin anadan olduğu torpaqda keçirilməsini yüksək dəyərləndirdi. Bildirdi ki, uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinə rəhbərlik etdiyi dövrdə A.Axundov ölkəmizdə humanitar və ictimai elmlərlə dövlətçilik hüququnun vəhdətinə nail olan görkəmli alimlərdən, elmi təşkilatçılardan biri olub: "Akademik Ağamusa Axundov Azərbaycan dilçiliyində xüsusi və çox mötəbər yeri olan, bu sahədə mükəmməl məktəb yaratmış alimdir. Onun əsərlərində dil tarixinin, özəlliklə Azərbaycan dilinin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemləri böyük ustalıqla incələnir. Görkəmli alim dilimizin morfemlər və fonetik sistemlərini ilk dəfə eksperimental təhlillər əsasında ümumiləşdirərək, yüksək peşəkarlıqla təqdim etmişdir. Onun yaradıcılığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi ilə bağlı olan dil və cəmiyyət, dil və mədəniyyət, dilin sosial diferensiyası, dil təkamülünün sosioloji istiqamətləri, dil sistemi, dilin aktual problemləri öz həllini tapmışdır. Azərbaycan dilçiliyində riyazi dilçilik elminin banisi olan Ağamusa Axundov bu sahənin yaranması, inkişafı və dilin tədqiqinə riyazi üsulların tətbiqi kimi məsələlərin geniş və əsaslı şərhini vermiş, ilk dəfə olaraq riyazi dilçilik terminləri ilə bağlı anlayışları dilçilik elmimizə gətirmişdir. Ağamusa Axundovun adı istər türkologiya, istərsə də ədəbiyyatşünaslıq elmimizə qızıl hərflərlə yazılıb. O, dərin qürur hissilə bəyan edirdi ki, "Azərbaycan dili mənim taleyimdir. Əgər siz onu doğma diliniz kimi sevirsinizsə, o, həm də mənim sənətimdir. Yuxusuz gecələrimdir, axtarışlarımdır". Bu baxımdan onun dilçilik marağının dairəsi çox geniş idi. Bu genişlik nitq mədəniyyəti və üslubiyyat məsələlərini, etimologiya və toponimika, leksikoqrafiya, qrammatika, ədəbiyyatşünaslıq və bu kimi mühüm sahələri əhatə edir. Onun yaradıcılığının zirvəsi isə, heç şübhəsiz, fonetikaya aid fundamental monoqrafiyalardır. 26 yaşında doktorluq dissertasiyası müdafiə edən Ağamusa müəllim hələ 29 yaşında ikən çap etdirdiyi "Felin zamanları" adlı kitabında Azərbaycan dilçiliyində ilk dəfə olaraq dilçilik məsələlərinin araşdırılmasına indi dəbdə olan riyazi üsulları tətbiq etmişdir. Onun böyük peşəkarlıqla yazdığı "Ümumi dilçilik" dərsliyi bu sahə üzrə yazılmış və bundan sonra da yazılacaq əsərlər üçün fundamental özül, etalon olaraq qalacaq. Ağamusa müəllim kimi insanların elmdə yaratdığı bünövrə əbədiyaşardır. O, yaradıcı fəaliyyəti boyunca bir çox məsələləri elmi dövriyyəyə gətirdi, Azərbaycan dilinin fonemlər sistemini yaratdı. Fonetika sistemi məktəbinin əsasını qoydu. Bu məsələlərə həsr edilmiş kitabı abidə kitablar kimi əvəzolunmazdır. Ağamusa müəllim dilçilik elmimizdə ilk olaraq dilimizin estetikasını araşdırıb. Eyni zamanda ümumi dilçilik elminin əsaslarını daha da möhkəmləndirib. Həm də görkəmli ədəbiyyatşünas kimi fəaliyyət göstərib. O, hər iki sahədə peşəkar və mükəmməl idi. Ağamusa müəllim dilin ahəng qanunu əsasında ilk dəfə heca vəznini tədqiq edib. Azərbaycan şeir sistemində qafiyə, bənd məsələlərinə əsaslanan nəzəriyyələr irəli sürüb. Şeirimizin linqvistik poetikasını araşdırıb. Ağamusa müəllim həmişə yüksək mədəniyyəti, səmimiyyətilə nümunə olub...".
Dilçilik elminə müstəsna töhfələr vermiş görkəmli türk alimləri Zeynəb Qorxmaz, Ahmet Becan və yaponiyalı araşdırmaçı Tori Hayaşinin A.Axundov barəsində slaytdan səsləndirdikləri fikirlər tam bir qədirbilənlik, heyranlıq nümunələri kimi dinlənildi.
Sonra millət vəkili, akademik, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov ustadı haqqında fikirlərini diqqətə çatdırdı: "Böyük alim, elmdə tarix yaradan Ağamusa Axundov minlərlə tələbələrinin dililə desək, o şəxsiyyətlərdəndir ki, onun yaradıcılıq tərcümeyi-halı müasir Azərbaycan dilçiliyi tarixində bir neçə nəslin ümumi yaradıcılıq tərcümeyi-halının dərk olunmasına imkan verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Ağamusa Axundov müasir Azərbaycan dilçiliyinin banilərindən professor Muxtar Hüseynzadənin tələbəsidir. Və dünya dilçiliyini nə qədər dərindən öyrənib mənimsəmiş olsa da, başdan-ayağa tamamilə milli bir məktəbin yetirməsiydi. Əlbəttə, dərin fitri zəkası, genişmiqyaslı elmi-ictimai fəaliyyəti mükəmməl şəxsiyyəti və zamanın hökmü elə şərait yaratmışdır ki, Ağamusa Axundov nəinki böyük müəllimlərindən irəli getmiş, hətta mənsub olduğu dilçilər nəsil-ordusuna komandanlıq etmişdir. Təsadüfi deyil ki, Azərbaycan dilçilik elmi nə qədər inkişaf etsə də, nüfuzlu dilçilərin sayı nə qədər artsa da, akademik Ağamusa Axundovun adı ehtiramla çəkilir. Onun təfəkküründə intəhasızlıqla yanaşı, riyazi dəqiqlik, mükəmməl harmoniya bir araya gəlmişdir. Ağamusa Axundov dili söz kəsəndən nə demişdisə, düz demişdi; əlinə qələm alandan nə yazmışdısa, düz yazmışdı. Və mükəmməl demiş, mükəmməl yazmışdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev onu bir nömrəli dilçi kimi müstəqil Azərbaycan Konstitusiyasını hazırlayan Komissiyanın tərkibinə daxil etdi ki, bu, hər hansı bir dilçi üçün tarixi dəyər idi. Ağamusa Axundovun elmi-ictimai fəaliyyəti, yaradıcılıq və həyat təcrübəsi göstərdi və bundan sonra da həmişə göstərəcək ki, böyük mütəfəkkir-şəxsiyyət nəyə qadirdir, elmdə tarix necə yaradılır...
Ağamusa müəllimin yalnız məntiqində yox, intonasiyasında da təşkiledici, tərbiyəedici bir qüdrət vardı. Onu bütün tələbələri sevirdi. Danışığında, hərəkətlərində nəsə dünyaya, həyatın gerçəkliklərinə, sözün böyük mənasında "yuxarıdan aşağı" baxmaq var idi. Ağamusa müəllim hissiyyatlı, hətta emosional adam idi, bununla belə, bütün qərarları soyuq ağılla, məntiqlə qəbul edirdi. Ona görə də qəbul etdiyi qərarların nəticəsindən asılı olmayaraq, heç vaxt təəssüflənmirdi... 2001-ci ildə həm Ağamusa müəllim, həm böyük türkoloq Tofiq Hacıyev, həm də mən - onların bilavasitə tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildik. Bu, mənim üçün böyük şərəf idi. Növbəti mərhələdə - həqiqi üzv seçkilərində nəinki mən, heç Tofiq müəllim də namizədliyini irəli sürmədi. Çünki qabaqda Ağamusa müəllim vardı. Anar müəllimin də qeyd etdiyi kimi, Ağamusa müəllim zahirən arxayın adam idi. Və bu arxayınlıq onun daxili zənginliyindən, müdrikliyindən irəli gəlirdi. O, iş prosesində harada mümkün idisə, orda məni özünə müavin təyin edirdi. Çünki Ağamusa müəllim öz yetirməsinə münasibət göstərməkdən məmnunluq duyurdu, mən isə öz böyük müəllimimin müavini olmaqdan məmnunluq duyurdum... İndinin özündə də onun bu dünyada olmadığına inanmıram. Və heç inanmıram ki, nə zamansa inana billəm...".
Sonra A.Axundovun tələbəsi olmuş Əsbət Musayeva unudulmaz müəllimi haqqında səmimi fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: "Pedaqoji fəaliyyətimin hər anında Ağamusa müəllimin məmnun, təqdiredici, səmimi münasibətlərini, xoş simasını görür, hiss edirəm. O, çoxsaylı tələbələrinin fəaliyyətində yaşayır. Hər işimdə elə bilirəm ki, unudulmaz müəllimimə hesabat verirəm".
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək vurğuladı ki, "Ağamusa müəllim Azərbaycan dilçiliyində Azərbaycanda Axundov fonoloji məktəbinin bünövrəsini qoydu, Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısı kimi dilçiliyimizə adını yazdı, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırdı və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoydu" - deyənlər yanılmırlar. Nəzəri dilçiliklə ardıcılq məşğul olması onun ən böyük üstünlüyü idi. Bu sahədə Ağamusa müəllim həlledici, son söz demək səlahiyyəti qazanmışdı. Yüksək nəzəri biliyə sahib idi. Məndən əvvəlki çıxışçıların da doğru olaraq vurğuladıqları kimi, Ağamusa müəllim riyazi və tətbiqi dilçilik sahələrinin ən görkəmli araşdırmaçılarından idi. O, dili canlı orqanizm kimi qəbul edirdi və deyirdi ki, bu sahə süniliyi sevmir. Ortaq əlifba, ortaq lüğət tərkibi məsələləri barədə Ağamusa müəllimin öz prinsipial və təkzibolunmaz mülahizələri vardı. Orfoqrafiya qaydalarına, neologizmlərin tətbiqinə xüsusi önəm verirdi. Ağamusa müəllim yetirmələrinə dilin ruhuna xələl gətirmədən tədqiqat aparmağı tövsiyə edirdi. Deyirdi, nə qədər ki, bu xalq var, dilimiz də yaşayacaq, inkişaf edəcək... Ağamusa müəllim Azərbaycan filologiyasının inkişafına əsl övlad qayğıkeşliyi və qədirbilənliyi ilə xidmət etmişdir. Ağamusa müəllim ilk növbədə, özünün də dediyi kimi, qəlbinin, beyninin, zəkasının övladıydı. Bu ömrü ardıcıl, inadkar zəhməti, fəaliyyəti sayəsində özü qazanmışdı. Təbiiliyi onun ən kamil səciyyəsiydi...".
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbirdə çıxış edərək dedi: "Ağamusa Axundov təkrarolunmaz, kamil şəxsiyyət idi. Qərb qiyafəti ilə Şərq təfəkkürünü öz varlığında bir araya gətirmişdi. Mənəvi borcumuzdur ki, bu böyük şəxsiyyəti belə yüksək qədirbilənliklə yad edirik. Ağamusa müəllim çox görkəmli, nəhəng pedaqoqlar əhatəsinin sütunlarından idi. Onun şəxsiyyətini böyük humanizm reallığı izləyirdi. Biz yetirmələri onun şəxsində böyük insanlıq məktəbi keçdik".
AMEA Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli çıxış edərək bildirdi ki, bu möhtəşəm tədbirə iki səbəbdən qatılıb: "Birincisi, böyük müəllimimin 90 illik yubileyində iştirak etmək, ikincisi, vəzifə halallığını almaq üçün. Yaxşı bilirəm ki, o böyük şəxsiyyətin yerində oturmaq olar, ancaq onu əvəz etmək mümkünsüzdür... Ağamusa müəllimin ən böyük keyfiyyətli mərhəmətli olmasındaydı. Hər kəsi sevindirmək istəyirdi. O öz fəaliyyəti sahəsində yalnız elmə ibadət edirdi. Yuvarlaq rəqəmləri, təmtəraqlı yubiley tədbirlərini sevmirdi. İstəməzdi ki, kimsə əziyyət çəksin. Bütövlükdə isə insanlıqla alimliyin simvoluydu Ağamusa müəllim".
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Eldar İbrahimov yubiley tədbirində iştirak edənlərə, qonaqlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, ölkəmizdə elm və təhsilin bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan Prezidenti ümummilli liderin yolunu ləyaqətlə davam etdirir... Kürdəmir torpağı elmi, ədəbi-mədəni həyatımıza bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Onlardan biri də görkəmli alim Ağamusa Axundov olub. O, xalqımızın böyük ziyalılarından biri kimi dilçilik elmimizə misilsiz xidmətlər göstərib. Xatirəsi heç vaxt unudulmayacaq.
Görkəmli alimin həyat yoldaşı Elmira xanım öz sözünü dolub-doluxsunmuş gözləri və susqunluğu ilə dedi... Ailəsi adından Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rayon başçısına, Xalq yazıçısı Anara və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi: "Hər kəsə təşəkkür edirəm... Mən xoşbəxtəm ki, on beş yaşımdan Ağamusa müəllimlə ünsiyyətdə olmuşam. Ondan həyat dərsi almışam. Aramızda sıx əlaqə olub. Hər işində səliqə-sahmanlı və müdrik idi. Nikbin və səmimi şəxsiyyət ömrü yaşadı. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, orada Ağamusa müəllimin mötəbər yekun sözü olmasın. Möhürünü vurmamış olsun... Həyatda ən çox sevdiyim bir anlayış var: bu, minnətdarlıq anlayışıdır. Ağamusa müəllimi yetirən, onun xatirəsini əziz tutan bu xalqa, bu torpağa dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm...".
Son sözüsə tarixi xronikadan Ağamusa müəllimin özü deyirdi; canlı-canlı, lap bu gün və bütün zamanlarda dediyi kimi: "Mən bütün ömrümü, bütün illəri ləyaqətlə yaşadım!".
P.S. 1982-ci ildə Gəncə Dövlət Universitetində professor Ağamusa Axundovla görüş keçirilirdi. Biz tələbələrə daha çox öz uşaqlıq, tələbəlik illərindən söz açdı. Dedi, Bakıya gedəndə rus dilini bilmirdim. Küçələrə vurulmuş lövhə-afişaları oxuya-oxuya öyrəndim... İndi hər dəfə yol boyu qarşıma çıxan afişa lövhələrinə nəzər salanda Ağamusa müəllimi xatırlayıram. Elə bil yenə də "oxu, məlumatlan" deyir...
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!