Aprelin 27-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultayqabağı məruzələr silsiləsindən daha bir konfrans keçirilib.
Konfransda çağdaş ədəbi mühitimizin tanınmış nümayəndələrindən olan şair-publisist Əkbər Qoşalının məruzəsi dinlənilib.
“Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda türk dünyası” adlı məruzədə Ə.Qoşalı mövzu ilə bağlı fikir və mülahizələrini həm tarixi-statistik, həm də bədii-estetik planda diqqətə çatdıraraq, sözügedən mədəni-ideoloji platformadakı çağdaş ədəbi prosesləri ətraflı şərh edib.
O, Türk xalqları ədəbiyyatının indiyədək hakim olmuş "İslamöncəsi (Qədim dövr)" və "İslamsonrası" bölgüsünə alternativ olaraq, yeni bölgü ilə çıxış edib. Bu bölgüyə görə I dövr - ən qədimdən Yunus Əmrəyədək (dövrünədək), II dövr - Yunus Əmrədən (dövründən) Birinci Dünya müharibəsinədək, III dövr - Birinci Dünya müharibəsindən günümüzədək qruplaşdırılıb. Məruzəçi belə bir bölgü aparmasının səbəblərini açıb, Yunus Əmrənin şəxsiyyəti və yaradıcılığını, özündən öncəkiləri ümumiləşdirən, sonrakılara yol göstərən sənətkarlığını, fars-ərəb dilinin, poetikasının hakim mövqe qazandığı bir coğrafiyada-dövrdə məhz doğma türkcədə, doğma ruhda ozan şeirləri yazmasını, habelə onun yaşayıb-yaratdığı dövrü, Anadolu Səlcuqlusundan Osmanlıya keçid ərəfəsini dövrlərin keçidi kimi şərh edib.
Ə.Qoşalı türk dünyasında, o cümlədən Azərbaycanda yazıb-yaradan ədiblərin əsərləri, həmçinin gün üzü görən ədəbi dərgilər və qəzetlərdə, antologiyalarda, kitablarda, ədəbi portallarda yayımlanan yaradıcılıq örnəkləri barədə geniş bilgi verib.
Konfrans iştirakçılarından AYB sədrinin müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli, yazıçı-publisist, "Olaylar"ın baş redaktoru Yunus Oğuz, şair-tərcüməçi, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Adil Cəmil, Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyev və başaqları çıxış edərək Ə.Qoşalını dolğun, əhatəli məruzəyə görə təbrik edib, onun səsləndirdiyi müxtəlif faktlara və mülahizələrə münasibət bildiriblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!