Kürdəmirdə akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyi qeyd edilib - FOTOLAR

 

Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində görkəmli dilçi və türkoloq, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib. AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın institut və təşkilatlarının, Kürdəmir Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri, ölkənin bir sıra tanınmış şəxsləri, eləcə də akademik A.Axundovun ailə üzvləri və şagirdləri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra akademik A.Axundovun həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri açan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı rəhbərlik etdiyi filialın akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr olunan belə bir mötəbər tədbirin təşkilatçısı olmaqdan məmnunluğunu ifadə edib.

Y.Bahadurqızı A.Axundovun çoxcəhətli elmi yaradıcılığı ilə elmimizi zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən olduğunu bildirib, akademikin zəngin yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, akademikin tədqiqatlarında dilin fonetik sisteminin elmi təhlili verilib, türk dillərində sıra kateqoriyasının mövcudluğu əsaslandırılıb, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı sübut edilib. Y.Bahadurqızı əlavə edib ki, A.Axundovun çoxillik elmi axtarışlarının nəticəsi 500-dən çox tədqiqat əsərində, 30-dan çox kitab, monoqrafiya və dərslikdə öz əksini tapıb.

Akademik Ağamusa Axundovun xidmətlərinin xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən məruzəçi alimin Azərbaycan Respublikasının Dövlət mükafatına, Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni, UNESCO-nun sertifikatı, AMEA-nın Fəxri fərmanları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan torpağının yetişdirdiyi dəyərli şəxsiyyətlərdən olan A.Axundov ilə bağlı xatirələrini bölüşüb, alimlə gənclik illərindən başlayan dostluq əlaqələrindən bəhs edib. O, A.Axundovun Azərbaycan ədəbiyyatı, dilçiliyi, müasir şeiri və nəsrində dəyərli əsərlərin müəllifi olan görkəmli alimlərimizdən biri kimi tarixdə qaldığını qeyd edib, onun mübarizə və zəhmətlə dolu ömür yoluna nəzər salıb. Yazıçı Anar görkəmli akademikin hər zaman ədəbiyyatımızın gələcəyi ilə bağlı müsbət fikirdə olduğunu vurğulayıb, həyatını əbədi dəyərlərin təsdiqinə həsr etdiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın inkişafında əvəzsiz xidmətləri ilə seçilən akademik A.Axundovun 90 illik yubileyinə həsr olunan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, tədbirin görkəmli akademikin anadan olduğu torpaqda keçirilməsini yüksək qiymətləndirib. AMEA-nın vitse-prezidenti uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etmiş A.Axundovun qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, A.Axundov bölməyə rəhbərlik etdiyi illərdə ölkəmizdə humanitar və ictimai elmlərdə dövlətçilik hüququnun vəhdətinə nail olan görkəmli alimlərdən, elm təşkilatçılarından biri olub: “Təsadüfi deyil ki, A.Axundov ölkəmizdə Azərbaycan dilinin Konstitusiyaya daxil edilməsi ilə bağlı aparılan müzakirələrdə ümummilli lider Heydər Əliyevin apardığı siyasəti ən açıq şəkildə dəstəkləyənlərdən biri idi”.

A.Axundovun yüksək poliqrafik səviyyədə işıq üzü görmüş “Azərbaycan dilinin fonemlər sistemi” kitabının Azərbaycan fonetikasına böyük töhfə olduğunu deyən akademik İ.Həbibbəyli alimin dilin fəlsəfi, estetik imkanları ilə bağlı yazdığı əsərlərdən də bəhs edib.

Akademik İ.Həbibbəyli çıxışının sonunda akademik A.Axundovun öz parlaq şəxsiyyəti, zəhməti, nəzakətli davranışı, yüksək mədəniyyəti ilə Azərbaycan aliminin klassik modelini özündə cəmləşdirən görkəmli şəxsiyyətlərdən olduğunu vurğulayıb.

Daha sonra A.Axundovun ailəsi adından çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, Əməkdar Elm xadimi, akademik Kamal Abdulla tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. O, akademikin AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etdiyi dövrdə göstərdiyi misilsiz xidmətlərdən danışıb, görkəmli alimin Azərbaycan dilçiliyinin bütün sahələrinə öz töhfəsini verdiyini, yeni işıq saldığını bildirib.

Tədbirdə, habelə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Milli Məclisin deputatı Əminə Ağazadə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, eləcə də Kürdəmir şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayeva çıxış edərək, görkəmli dilçi və ədəbiyyatşünas alimin öz dəst-xətti ilə seçilən elm xadimlərindən biri kimi hər zaman böyük ehtiramla və hörmətlə xatırlandığını diqqətə çatdırıblar.

Tədbirə onlayn olaraq dəvət olunan türkiyəli alimlər Zeyneb Korkmaz və Ahmet Bican Ercilasun akademik A.Axundovla bağlı xatirələrini bölüşüb, böyük şəxsiyyətin bütün türk dünyası üçün dilçilik elmində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Daha sonra Kürdəmir şəhər 3 və 5 nömrəli məktəblərin şagirdləri akademik A.Axundovun şeirlərini səsləndiriblər.

Tədbir “Ömür” şeirinin videoklipinin nümayişi ilə başa çatıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!