Ədəbiyyat İnstitutunda yapon ədəbiyyatına həsr olunmuş seminar keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yapon ədəbiyyatının görkəmli nümayəndəsi Ryunosuke Akutaqavanın yaradıcılığına həsr edilmiş seminar keçirilib.

Bu barədə Edebiyyatqazeti.az-a institutdan bildirilib. Seminarda çıxış edən şöbənin müdiri professor Bədirxan Əhmədli qədim ənənələr və zəngin ədəbi xüsusiyyətlərə malik yapon ədəbiyyatının dünya mədəniyyətinin spesifik bir qolunu təşkil etdiyini söyləyib. Azərbaycanda yapon ədəbiyyatına marağın artdığı, ədəbi tərcümə sahəsində xeyli işləri görüldüyü diqqətə çatdırılıb. Buna baxmayaraq, yapon ədəbiyyatının geniş şəkildə, ayrı-ayrı yazıçıların həyat və yaradıcılığını əhatə edəcək formada, yaxud da yapon ədəbiyyatının əhəmiyyətli bir problemini araşdırmaya cəlb edən tədqiqatlarımızın olmadığı bildirilib. Şöbənin əməkdaşı – yaponşünas Gülnar Yunusovanın tədqiqatlarının yapon ədəbiyyatının bir sıra önəmli xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslığımızda yapon ədəbiyyatının sistemli və monoqrafik tədqiqi yolunu açdığı vurğulanıb.

Gülnar Yunusova yapon ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatında da təkrarolunmaz iz buraxmış Ryunosuke Akutaqavanın həyatı haqqında qısa məlumat verib. O, yazıçıya əbədi şöhrət qazandıran “Raşomon” hekayəsinin mövzu və bədii ideya istiqamətləri ətrafında geniş məruzə edib. Bildirib ki, Akutaqava Qərb ədəbiyyatından aldıqlarını yapon ədəbiyyatı ilə qarışdıraraq Yaponiyada yeni ədəbiyyatın inkişaf yolunu müəyyənləşdirib. Qərbin təqlidçisinə çevrilmədən milli dəyərlər çərçivəsində Qərb və yapon ədəbiyyatının sintezini ortaya qoyub. 1915-1927-ci illəri əhatə edən yaradıcılığı dövründə 150-dən çox hekayə, povest və novella qələmə alıb. Yazıçının yaradıcılığında insan azadlığını məhdudlaşdıran, insan ruhunu əzən hər şeyə qarşı üsyan aydın şəkildə izlənilir. Yaradıclığnın ilkin dönəmlərində problemlərə qarşı ironiya ilə yanaşan yazıçı yapon cəmiyyətindəki eybəcərlikləri ələ salaraq nə vaxtsa aradan qalxacağına ümid edir. Lakin yaradıcılığının son dövrlərində isə pessimizmə qapılır, insan psixologiyası, ruhi sarsıntılar əsərlərinin mərkəz xəttinə çevrilir. Bu isə birbaşa yazıçının öz vəziyyəti ilə bağlı olur.

Qeyd olunub ki, 1915-ci ildə çap olunan “Raşomon” əsəri 1950-ci ildə görkəmli yapon kinorejissoru Akira Kurosava tərəfindən ekranlaşdırılıb. Ekran əsəri 1951-ci ildə “Venesiya Film Festivalı”nın “Qızıl Şir” mükafatına layiq görülməklə beynəlxalq mükafat qazanan ilk yapon filmi olub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!