AMEA Gəncə Bölməsinin gənc aliminin Bişkekdə kitabı nəşr olunub

 

AMEA Gəncə Bölməsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Əlimuxtar Muxtarovun  “Qarabağ Azərbaycandır nidasından  Şuşa İlinə”  kitabı Qırğızıstanın paytaxtı  Bişkek  şəhərində  fəaliyyət  göstərən  Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun  xətti ilə “Uluu Toolor” nəşriyyatında nəfis  şəkildə  nəşr  edilib.

Alimin beş dildə - Azərbaycan, türk, qırğız, özbək və rus dillərində işıq üzü görən  kitabı   ölkə başçısının 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan olunması haqqında  Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə sanballı ədəbi töhfədir.

AMEA Gəncə Bölməsindən Edebiyyatqazeti.az-a xəbər verildiyi kimi, kitab ölkə başçısı İlham Əliyevin 05 yanvar 2022-ci ili “Şuşa İli” elan etməsi ilə bağlı imzaladığı Sərəncamın Azərbaycan, türk, özbək, qırğız və rus dillərində tərcüməsi ilə başlayır.

Kitabda tarixi zəfərdən sonra qısa zaman kəsiyində Qarabağın hər bir guşəsində, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada möhtəşəm quruculuq layihələrinin gercəkləşdiyi qürur hissi ilə qeyd edilir. Qısa müddətdə hazırlanan Baş plana uyğun olaraq Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə  kompleksinin öz ilkin görkəminə qaytarılması,  Bülbülün ev-muzeyinin əsl sənət məbədinə çevrilməsi,  Üzeyir bəyin heykəlinin, eyni zamanda buradakı tarix-mədəniyyət abidələrinin, dini və memarlıq məkanlarının bərpası ölkəmizin  mədəniyyət paytaxtındakı kompleks tədbirlərin tərkib hissəsi kimi qeyd edilir, qürurverici tarixi hadisələr adlandırılır.

Bu il türk dövlətləri musiqiçilərinin iştirakı ilə Bişkek və İssık-Kulda “İssık- Kul - Türkün inci dünyası” adlı festival keçiriləcəkdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə bəstələnmiş “İssık-Kul”  mahnısının təqdimatı nəzərdə tutulur. Festivalda yeni nəşr olunmuş “Qarabağ Azərbaycandır nidasından Şuşa İlinə” kitabı beş türk dövləti oxucularına təqdim olunacaqdır.

Qeyd edək ki, mətni türk dilinə Yusuf Aslan, özbək dilinə Gülzira Şərifova, qırğız dilinə Cumadin Kadırov, rus dilinə isə Aynurə Əmiraslanova tərcümə etmişlər.

                        


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!