Babadağda bir dəli dağ kəli qalıb... - Musa Yaqub

Lülədən sovuşub,

Güllədən qaçıb

Bir dəli dağkəli Baba dağında,

Yaman havalanıb daş ovlağında;

Yoxdu gözlərində qorxu əsəri,

Bütün oylaqları gəzir sərsəri.

Dəyirman daşına dönüb fırlanır,

Dağların başına dönüb fırlanır.

İskəndər quşları baş alıb gedir...

Qədim qoşqusunu salır yadına

Babanın gözünü yaş alıb gedir...

Əvvəl qoruqçular zəli deyildi,

Əvvəl dağkəlilər dəli deyildi,

Bu yollar heç kəsə bəlli deyildi.

Onda dağkəlilər ona ram idi,

Gecəli-gündüzlü gün aram idi,

Əkinli-biçinli vaxt davam idi...

İndi bu işlərdə əlləri yoxdu,

Daha xırman üstə vəlləri yoxdu,

Buğdası qum oldu, daş oldu getdi...

Babanın gözləri yaş oldu getdi...

 

Qeybdən səs gəldi qulaqlarına:

- Can, ay Baba, məni qoş!

- Yox, ay Baba, məni qoş!

- Boyunduruq mənimdir...

- Yox, indi də məni qoş!

 

...Yastı-yastı belləri,

ho!.. ho!

Qıvrım-qıvrım telləri,

ho!..ho!

Ala-ala gözləri,

Qançır olub dizləri

ho!..ho!

Baba əkib-bitirsin,

Yeyib-yatsın özləri,

ho!..ho!

 

Dəlinin yadına daş salan kimi,

Kəlin də beynində yaddaş oyandı.

O elə bildi ki, xırman vaxtıdı,

Ona qoşulubdur, vəl dalıncadı -

Kəl bir şimşək olub düşdü aşağa -

Bir qara buludun girib qoluna,

Bilmirəm hardasa döndü işığa.

Keçdi Qurbangahdan Baba yoluna,

Bütün dağ-dərəni qoydu geridə.

Gördü tay-tuşları yoxdu bu yerdə...

Gördü tənha qalmaq burda çətindir.

Eh,bir gün ovçusu kəməndə düşər,

Düşəndə görər ki, qarmaq çətindir,

 

Dağ kəli olasan,

Dəli olasan! -

Vəhşi qayaların yeli olasan -

Bir də çırpılasan, bir də çırpasan,

Bir də şimşək olub kirpik qırpasan,

Ayağın oynasın qaya daşında,

Bütün ömrün üçün bir nişan bilib,

Gedib dayanasan bulaq başında.

Qəzəb daşıyasan, günah çəkəsən,

Baxıb oylaqlara bir ah çəkəsən.

"Daş dələr ahın oxu" daş parçalana,

Boynunu burasan yetim halında

Gedib də itəsən dağlar dalında

Gedəsən, gedəsən qayıtmayasan...

 

Bir də ayılasan, bir də çapasan,

Qayadan ayrılıb, yerdən qopasan

Bir də buynuzunla qayanı ovub,

Salıb qabağına yolları qovub,

Yerdə qaynayasan, çayda daşasan,

Göyün şimşəyilə ayaqlaşasan...

Necə ki, oldu...

Nəfəsində yana qum səpələndi,

Bir anın içində qalxdı zirvəyə,

Elə bil başına odlar ələndi...

"Yoxdu!.. yoxdu! Burda da yoxdu..."

Göz alacalandı, can havalandı,

Atıldı qayadan intihar üçün

Nə bilim, taleyin tərs işi kimi  

İlişib bir qaya daşında qaldı,

Axtarış sevdası başında qaldı...

"Bəlkə başqa yeri hədəf seçiblər"

Bəlkə Dağıstana keçib gediblər?

İngilis ovlayıb, çexlər qovlayıb,

Hansı daş divarda bəzəkdi durub?

Bəlkə Mazğalları uçub, dardadı,

Bəlkə bir ərəbin villasındadır?

Nə deyim,Vallah..

Hardadı o qədər dağ kəli, Allah?..

 

Dünyada o qədər kef adamı var

Deyək pul adamı, seyf adamı var,

Tamah adamına sərf adamı var -

Bu çaylar doldurmaz ağızlarını...

Dağın vüqarını güllələməyin,

Saxlayın icazə kağızlarını

Saxlayın baş-buynuz alverlərini…

 

Hanı dağımızın Həzrət babası?

Gəlib dağ kəlilər ona ram ola,

Əkinli-biçinli gün davam ola,

İnsan xislətinə ehtiram ola.

Gərək ki, bu yerlər səcdəgah olsun,

Ana təbiətdə bir ehram ola.

Hanı bu dünyanın qoruqçuları? -

Olub təbiətin oğruçuları.

Hanı bu dünyanın baş deyənləri?

İndi də olublar xaş yeyənləri.

Olmaz ayaq halal, baş haram ola

Özü çəkən olsun, həm də çəkdirən.

Hanı bu dünyanın düz tərəzisi? -

Şeytanın pərsəngi onu əyməsin.

Günahı varsa da, bir qram ola…

 

Bu münaqişələr, yanan meşələr,

Bu batan çeşmələr,

                            yerdəyişmələr,

Daşqınlar, tufanlar,

                           bu sürüşmələr,

Bu havapozmalar, bu subasmalar

Bizə təbiətin qarğışlarıdır,

İskəndər quşunun göz yaşlarıdır.

Aləmin bizimlə savaşmağıdır.

 

Ay aman, itirən,

                        ötürən Vətən,

Buna təbiətin əli neyləsin.

Qırx qıfıl altından qızılı gedən

Bu açıq dağlarda kəli neyləsin?

Olmasın Dağ kəli dəli, neyləsin?!

 

…Bəsdi, kəli getdi, kəlçəsi getdi,

Mədəndən qıpqızıl külçəsi getdi.

Eldən Kəlbəcəri, Göyçəsi getdi,

Dərbəndi Dağ kəli belində getdi.

Bağdadı "durnanın teli"ndə getdi,

Qarabağ erməni felində getdi.

Getdilər, getdilər, qayıtmadılar,

Bizi bu uyğudan ayıltmadılar.

 

O qədər yanğılı dərdlərimiz var,

Ürək alovlanıb, sinə dağ olub.

Bəlkə Dəlidağ da Babadağ imiş,

Əliyi qırılıb dəli dağ olub.

 

Havaxan doğrudan havada xandı,

Əsəd qayası da ona baxandı.

Birinin başında bulud tayası,

Birinin başında Ayın ziyası.

Mən dedim yəqin ki, bayıldı getdi,

Sən demə təzədən ayıldı getdi.

Ayın ziyasından çıxdı dəli kəl,

Baxdı tay-tuşundan əsər də yoxdu,

Dağkəli sürüsü Əsəddə yoxdu -

Bir az da, bir az da qalxdı yuxarı.

Cüt gölə baxırdı dağın axarı,

Əksini görəndə atıldı suya,

Göldə dostlarını görürdü guya.

Özü çırpınırdı...

                     yoxdu özündə,

Buynuzu üzürdü suyun üzündə.

Üzürdü, batırdı, çıxırdı qəfil.

Sularda ildırım çaxdı elə bil

Elə cür səs salıb haray qopardı,

Deyəsən səsini özü apardı.

Özünü qayadan atdı yenidən,

Qaldı ürəyində yenə də əhdi.

Yenə ayaq üstə düşdü, ölmədi,

Keçdi Ağcabərə yaylaqlarından,

Orda Baltaqaya, o yanı zindan,

Bura Qızılqaya - dağdan, dərədən,

Fırlanıb dikəldi Toğludərədən

Elə bil qol-qanad açır dünyadan,

Alıb buynuzunu qaçır dünyadan.

Qaçır Babadağın dəli-dolusu,

Gedir arxasınca eli-ulusu,

Qaytarın geriyə öz dənimizi,

Qoyun əl üstünə öz əlimizi,

Baxın, bu qayanın daşı da gedir,

Müqəddəs İskəndər quşu da gedir.

Təzə yol salmağa imkanımız yox,

Onlar bu məkanı imkan bilirlər,

Qaytarın geriyə imkanımızı.

 

Qoymayın daşları düşüb dalınca,

İskəndər quşları düşüb dalınca

Həmişə qar altda çürüməz qalan

Dağ kəli otları düşüb dalınca.

Daşda daşqapanlar sürüşüb gedir,

O çayda çapanlar uçuşub gedir.

 

Vaxt vardı yazmışdım:

- Şah dağı şahımdı, kürsüsü uca

Babadağ babamdı, müdrik bir qoca.

Birində əzəmət, birində hikmət,

Biri fərman verir, biri nəsihət.

Qalmışam mən iki dağ arasında.

Deyəsən özüm də dəliyəm, vallah,

Qalmışam sol ilə sağ arasında.

Nə sollar, nə də ki, sağlar qurtarmır,

Çaylar ha daşıyır, dağlar qurtarmır...

Durmuşam Şeytanadaşatılanda

Qalmışam şeytanla daş arasında

Şeytanlar qurtarmır, daşlar qurtarmır

Böyük savaşlara marşlar qurtarmır.

Yer var ki, quyruğun heç verməz ələ,

Biz elə veririk başlar, qurtarmır.

Di qoyun əl üstə öz əlimizi,

Qaytarın geriyə öz dəlimizi.

Doxsan doqquz ilə girov saxlanan

Elin meşəsini qaytarın geri.

Hasarla cığırda yolu bağlanan

Yaz bənövşəsini qaytarın geri.

Dağ kəli belində durna telində

Gedən guşələri qaytarın geri,

Yenotun əlilə qovulanları -

O gözəl yolları, qırqovulları,

Saqqız ağacını, quşarmudunu

O nadir ovları qaytarın geri.

Əvvəl qoruqçular zəli deyildi,

Onda dağ kəli də dəli deyildi,

Bu dağlar çoxuna bəlli deyildi.

Buna təbiətin əli neyləsin,

Qırılan neyləsin, bitən neyləsin,

Olmasın dağ kəli dəli, neyləsin?!

 

Oktyabr-2017
Babadağ-Buynuz-Bakı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!