Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiya çap olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri  professor Vüqar Əhmədin  Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiyası işıq üzü görüb. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə, monoqrafiya Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 aprel 2022-ci il tarixli (3 saylı protokol) qərarı ilə nəşr edilib.

Maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və Prezident İlham Əliyevin Sərəncamı ilə bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda və respublikamızda qeyd edilməsi təsdiq edilib. “Xeyirxahlıq mücəssəməsi” kitabında xalqımızın böyük oğlu, xeyriyyəçi, əbədi sevgi qazanmış, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin  həyat salnaməsi, sahibkarlıq və ictimai fəaliyyəti, maarif və mətbuata dəstəyindən söhbət açılır.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  baş direktoru akademik İsa Həbibbəyli, ön sözün müəllifi  Ülkər Hüseynovadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!