Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin aprelin 4-də Beynəlxalq Muğam Mərkəzidən mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət naziri Anar Kərimov müsabiqə ilə bağlı məlumat verib. Bildirib ki, ötən ilin noyabrın 16-dan elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Yekunda müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.
Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
“Nizami İli” çərçivəsində Mədəniyyət Nazirliyinin bir sıra önəmli tədbirlər keçirdiyini diqqətə çatdıran nazir bu tədbirlərdə həm ölkə daxilində, həm də xaricdə böyük mütəfəkkir şairin irsinin təbliğinə xüsusi önəm verildiyini bildirib.
Qiymətləndirmə komissiyasının üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova bildirib ki, “Nizami İli” ərzində Nizami Gəncəviyə həsr olunan kitablar nəşr olunub, görkəmli mütəfəkkir dünyaya bir daha tanıdılıb.
Qeyd edilib ki, müsabiqəyə qatılan iştirakçılar daha çox vikipediyaya müraciət etdiklərindən onları yazıları elmi-publisistik və bioqrafik məqalələrə bənzəyirdi. Esse bədii yaradıcılığın bir janrıdır. Bu həm də Nizamiyə yaradıcı yanaşmanı ortaya qoyur. Qalib gələn əsərlər bu kriteriyaya cavab verdiyi üçüm seçilib.
Qiymətləndirmə komissiyasının üzvü yazıçı-publisist Günel Anarqızı müsabiqənin vacibliyini vurğulayıb: “Bu müsabiqənin beynəlxalq müsabiqə olması onu göstərir ki, Nizami Gəncəviyə beynəlxalq baxış var”.
“Nizami Gəncəviyə məktub” müsabiqə komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınan ümumi nəticəyə və komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.
I yer – Selçuk Karakılıç “Büyük Kahraman”: Nizami Gencevi”
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”.
Nazirliyin müvafiq əmrinə əsasən müsabiqənin birinci yer üzrə qalibinə 2021 ABŞ dolları, ikinci yer üzrə qalibinə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibinə 880 ABŞ dolları məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub.
Sonra müsabiqə qaliblərinin esseləri oxunub.
Tədbirdə, həmçinin kiçik musiqili proqram təqdim edilib, muğamlar səsləndirilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!